14 Iyun 2024 08:20
1850
SİYASƏT
A- A+

Sahibkarlığın Milli Qurtuluşdan başlayan tərəqqi yolu

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlər onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasını qoyub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. 
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 
Amma hər kəs yaxşı anlayırdı ki, ölkədəki bu hərc-mərcliyi və siyasi çəkişmələri yalnız zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyev aradan qaldıra bilər. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərildi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan xalqın sadəcə vəziyyətdən çıxış yolu axtarması deyildi. O həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir qərar idi.
1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Bir neçə gün sonra iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər 1993-cü il oktyabrın 3-də isə görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. 
Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması Azərbaycanı ziddiyyətlər burulğanından xilas etdi. Bu qayıdışla ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat başlandı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Təsadüfi deyil ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.
Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. İnzibati-amirlik və planlı iqtisadi sistem dağıldıqdan sonra yeni iqtisadi sistemin qurulması, onun bazar prinsiplərinə uyğunlaşdırılması vacib idi. Bunun üçün ilk növbədə iqtisadi və hüquqi islahatlar həyata keçirilməli idi. 1994-cü ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu məqsədə xidmət edirdi. Tədbirdə Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri geniş müzakirə olundu. Bildirildi ki, bu sahədə Qərb dövlətlərinin  zəngin təcrübəsindən istifadə edilməlidir.
Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır. Onillik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı, iqtisadiyyatı çökmüş ölkəni dirçəltdi və inkişaf etdirdi. Onun çoxşaxəli fəaliyyəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Ulu Öndər bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üçün antiböhran proqramını işləyib hazırladı.
Dünyanın qabaqcıl şirkətləri ilə birlikdə neftin hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması həm də ölkə daxilində yeni istehsal sahələrinin artmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdı.
Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən, iqtisadi tərəqqinin əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. 
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.
Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Buna nümunə kimi 2002-ci il aprelin 25-də yerli və mayın 14-də xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Həmin görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur. Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü" kimi təsis edilmişdir.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun sona çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıra biləcək. Belə də oldu.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını, intellektual resurslarını insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi. Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildən çox müddətdə ölkə iqtisadiyyatının bütün sahələri dinamik inkişaf etməyə başladı. Bu 20 il sübut etdi ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla ölkə sahibkarlarının da sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir. Bu ilin fevralında keçirilmiş prezident seçkiləri başa çatdıqdan sonra cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında demişdir: "Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". Bütün bunlar ölkəmizdə özəl sektora olan yüksək etimadın nümunəsidir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini təmin edir, bu inkişafda özəl sektorun payını və rolunu artırır. Dəfələrlə sübut olunub ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.  
Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük tədbirlər həyata keçirilir. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin reallaşdırılması, bu ərazilərdə sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması üçün qlobal işlər görülür. Bu zaman Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfər edir,  iqtisadi rayonlarda yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışına qatılır. Prezident öz çıxışlarının birində bildirmişdir: "Bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz real nəticələr verir, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr bu reallıqlara gətirib çıxarıb. Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik". 
Prezident işğaldan azad olunmuş rayonlara səfəri zamanı həm də iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırmışdır. Qeyd etmişdir ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır: "Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar". 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez həyata keçirilməsinə böyük töhfə verəcəkdir. Bu gün hər bir sahibkar dərk edir ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi üçün Prezident İlham Əliyevin liderliyi altında bizi vacib işlər gözləyir. 
Hazırda bu missiyanı yüksək məsuliyyətlə üzərinə götürərək həyata keçirənlər arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın böyük fədakarlığı, layiqli xidmətləri çoxdur. Mehriban Əliyevanın Heydər Əliyevin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi mərhəmət aksiyaları, sosial layihələr Ulu Öndərin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir. Mehriban xanım öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır.
Azərbaycan sahibkarları Mehriban xanım Əliyevanın sahibkarlığın inkişafına verdiyi töhfələri yüksək dəyərləndirirlər. Son illər ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Mehriban xanımın rolu danılmazdır. 
Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən ilk növbədə 2004-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını qeyd etmək lazımdır. Ötən illər ərzində şəhər və kəndlərdə, qəsəbələrdə çoxsaylı  infrastruktur layihələri gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb. Ümumilikdə 4 proqramın icra olunduğu 20 ildə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat olub. Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, iş adamlarının  maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83 faiz, məşğulluqda isə 78 faizdən artıq təşkil etmişdir. Ölkədə aktiv vergi ödəyicilərinin sayı isə 768 mindən çox olmuşdur. 2023-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılmışdır.
Ölkə sahibkarlarının təşkilatlanmasında və maariflənməsində Azərbaycan Sahibkarlar Konfederasiyasının rolu danılmazdır. Sahibkarlarımızı təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçiririk. Bu istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istərsə də sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması işinin daha da dərinləşdirilməsi ilə bağlıdır. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. 
Hazırda  konfederasiya 15 daimi komissiya, 28 xarici ölkədə 24 nümayəndə və respublika üzrə 48 rayonda olan nümayəndə ilə təmsil olunur. Konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstəyindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır. 
Konfederasiya hazırda öz işini qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.
Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir.  Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası ilə  birlikdə sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizliyin təmin olunmasını Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindən hesab edir.
 Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkənin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir. Məlumdur ki, ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Ticarət Evləri açılır və daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.
Bütün bunlar Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətləri nəticəsində mümkün olmuşdur. Bu günlər bütün Azərbaycan xalqı kimi, Sahibkarlar Konfederasiyası da üzv sahibkarlarla birlikdə Milli Qurtuluş Gününü qeyd edir. Azərbaycan xalqına və dövlətinə Qurtuluş gətirmiş Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, Ulu Öndərin ölkə üçün gördüyü nəhəng işləri hər kəs öz sahəsində hiss edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan Ümummilli Liderin  xidmətləri və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Ulu Öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin adını bütün dünyada zirvələrə qaldırmışdır. Bu gün həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq bütün Azərbaycan xalqını, o cümlədən sahibkarları 15 İyun  - Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. İnanırıq ki, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək xalqımızın rifah halının yüksəldilməsi üçün öhdələrinə düşən vəzifələri daha da məsuliyyətlə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini  səfərbər edəcəklər. Əminik ki, Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyətlərə və qələbələrə aparacaq.  

Məmməd MUSAYEV, 
Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video