15 Iyun 2024 09:10
2259
SİYASƏT
A- A+

Qurtuluşdan zəfərə

 

Azərbaycanın müstəqillik tarixinin ən mühüm siyasi hadisələrindən olan 15 İyun Milli Qurtuluş Gününün növbəti ildönümü tamam olur. 31 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən güclü və müstəqil dövlət quruculuğu missiyası başladı. Bu gün tarixin ən güclü Azərbaycanı kimi möhtəşəm zirvədən 31 il əvvəl respublikamızda baş verən hadisələrə nəzər salanda görürük ki, əgər xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyev olmasaydı, yenicə bərpa etdiyimiz müstəqilliyimiz yenidən itiriləcək, dövlətçiliyimiz tamamilə süqut edəcəkdi. 

 

Xalq yalnız Heydər Əliyevə inanırdı

 

1993-cü ilin ağır, gərgin və keşməkeşli günlərində respublikamızda baş verən siyasi-hərbi proseslər orta və yaşlı nəslin xatirindədir. Hakimiyyətdə olan qüvvələrin idarəçilikdəki kobud səhvlərinin nəticəsi olaraq artıq 1992-ci ilin əvvəllərindən başlayaraq, bir tərəfdən torpaqlarımız mənfur qonşumuz Ermənistan tərəfindən işğal olunur, bir tərəfdən də sapı özümüzdən olan baltaların dəstəyi ilə respublikamızda separatçılıq get-gedə güclənirdi. Bununla yanaşı, ölkəmizdə xaosun və anarxiyanın baş alıb getməsi,  iqtisadi tənəzzül və vətəndaşların sosial vəziyyətinin həddən artıq aşağı düşməsi ölkənin gələcəyi baxımından yaxşı heç nə vəd etmirdi. 
Bütün bunlar, əlbəttə ki, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətinin nəticəsi idi. İdarəçilikdə buraxılan kobud səhvlər, dövlətin qarşısında duran milli məqsəd və prioritetlərə laqeyd yanaşılması,  hərbi hissələrin vahid komandanlığın deyil, ayrı-ayrı  şəxslərin əmrində olması, qonşu dövlətlərə qarşı düşmənçilik üzərində qurulan xarici siyasət kursunun həyata keçirilməsi, iqtisadi potensialın tamamilə məhv edilməsi, bir sözlə, ölkəyə rəhbərlik edənlərin öz məsuliyyətlərini və vəzifələrini anlamamaları nəticə etibarilə  dərin siyasi, iqtisadi, sosial və hərbi böhrana gətirib çıxarmış, can Azərbaycanımızın taleyini açıq sual altında qoymuşdu. 
AXC-Müsavat qaragüruhunun yürütdüyü siyasətin ölkəni uçuruma doğru apardığını insanlar görür və dərin narahatlıq keçirirdilər. Həmin günlərdə cəmiyyətdə Azərbaycanın aydın sabahına olan inamı itsə də, azalsa da, ümidlər hələ tam tükənməmişdi və bunun səbəbi dünyaca tanınmış lider Heydər Əliyev faktoru idi. Qədirbilən xalqımız qəti əmin idi ki, yalnız böyük Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi və ölkəyə rəhbərlik etməsi Azərbaycanı problemlərdən xilas edə bilər. O zaman Naxçıvana, Heydər Əliyevin ünvanına göndərilən məktublar da Ulu Öndərə olan ümidin, sonsuz inamın ifadəsi idi. 
Bu da təsadüfi deyildi. Çünki Ümummilli Lider Heydər Əliyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə dövlətə və xalqa xidmətin ən möhtəşəm nümunələrini yaratmışdır. Buna qədər xalqımız Heydər Əliyevin sovet Azərbaycanına və Naxçıvan Muxtar Respublikasına rəhbərliyinin timsalında vətənə xidmətin mükəmməl modellərini görmüş və o illəri yaşamışdır. Sovet dövründə Heydər Əliyevə qədər və ondan sonra respublikamıza bir çox dövlət adamı rəhbərlik edib. Amma onların heç birinin rəhbərliyi milli dəyərlərin qorunmasına bu qədər xidmət etməyib. Bu baxımdan Heydər Əliyev sovet illərində Azərbaycanı yalnız geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye mərkəzinə çevirməyib və ya inkişaf göstəricilərinə görə ittifaq üzvləri arasında 14-cü yerdən qabaqcıllar sırasına yüksəltməyib. Heydər Əliyev həm də sovet ideologiyasının hakim olduğu və buna qarşı çıxmağın son dərəcə təhlükəli olduğu bir dövrdə həyata keçirdiyi cəsarətli tədbirlərlə xalqımızın milli-mədəni və mənəvi dəyərlərini yaşatmış, qorumuş, qürurla gələcək nəsillərə ötürmüşdü. 
Bütün bunlar onu deməyə əsas verir ki, böyük Heydər Əliyevin tarixi Qurtuluş missiyası, əslində, tariximizin sovet illərindən başlayır. Hansı ki, həmin mərhələdə Ulu Öndər xalqımızı manqurtlaşmadan qorudu, milli-mənəvi dəyərlərimizin itib batmasına imkan vermədi və özü qədər inandığı gələcək müstəqilliyimizin əsaslarını formalaşdırdı.

 

Qurtuluşun ilk ünvanı olan Naxçıvan

 

Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin öz xalqına layiqli xidmətinin daha bir nümunəsini ötən əsrin 90-cı illərinin əvvəllərində gördü. Bu həmin dövr idi ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa vermişdi. Lakin buna baxmayaraq, Heydər Əliyev yenə də doğma xalqının yanında idi və özünün parlaq siyasi dühası ilə yenicə baş qaldırmış milli azadlıq mübarizəsinin vüsət almasına silinməz töhfələr verirdi. Dahi Şəxsiyyətin hələ 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və böyük cəsarətlə xalqımızın haqq səsini ucaltması milli müstəqilliyə gedən yolumuzun ən önəmli hadisələrindən biridir. 
Ulu Öndərin 1990-cı ilin iyul ayında Azərbaycana qayıdışı və daha sonra doğulub boya-başa çatdığı Naxçıvana gəlməsi isə xalqımızın müstəqillik  mübarizəsinin tamamilə yeni mərhələyə yüksəlməsinə və daha mütəşəkkil forma almasına yeni yol açdı. Əvvəlcə  onu qeyd edim ki, heç bir vəzifə tutmasa belə Ümummilli Liderimiz Heydər Əliyev cəmiyyətdə böyük nüfuza malik idi. Xalqımız SSRİ kimi bir dövlətin rəhbərləri sırasına yüksəlmiş dahi oğluna böyük ehtiram və intəhasız məhəbbətlə yanaşırdı. Elə buna görə Naxçıvana gələn kimi Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə böyük Heydər Əliyevin namizədliyi irəli sürülmüşdü. Üstəlik, iki seçki dairəsindən Heydər Əliyevin namizəd kimi göstərilməsi Ulu Öndərə olan dərin ehtiramın, etibarın və tükənməz ümidin göstəricisi idi.
İctimaiyyət nümayəndələrinin təkidli xahişi ilə 1990-cı ildə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilən Heydər Əliyevin təşəbbüsləri ilə hələ 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar xalqımızın müstəqillik yolunun ən cəsarətli və ilk siyasi-hüquqi addımları idi. O zaman Ali Məclisin qəbul etdiyi qərarlarla Azərbaycanın üçrəngli bayrağının rəsmi bayraq kimi təsbit olunması, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot edilməsi böyük dövlət xadiminin rəhbərliyində sovet hakimiyyətinə böyük cəsarətlə meydan oxumaq idi. 
Dövlətçilik tariximizin şərəfli səhifələrinə çevrilən bu cür siyasi addımların atılması ilə yanaşı, Heydər Əliyev həm də muxtar respublikanın Ermənistan tərəfindən işğal edilməsinə imkan vermədi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin böyük müdrikliklə həyata keçirdiyi tədbirlər ilk növbədə muxtar respublikanı işğaldan xilas etdi. O illərdə Naxçıvan sakinləri Ulu Öndərin liderliyi ilə silaha sarılaraq qəhrəmancasına, şəhidlər verərək doğma diyarın müdafiəsində dayandı.
Qüdrətli Şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsinin diqqətçəkən məqamlarından biri də odur ki, sovet ordusunun hissələri muxtar respublikanı tərk edərkən bütün silah və texnikalarını Azərbaycan Ordusunun hissələrinə təhvil vermişdilər. Bu isə Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi nəticəsində mümkün olmuşdu. 1992-ci ilin avqust-sentyabr aylarında sözügedən hərbi hissələrin şəxsi heyətinin Azərbaycanı tərk etməsindən sonra Naxçıvanın müdafiəsi daha da möhkəmləndi. Blokada vəziyyətində olmasına baxmayaraq, bu qədim diyar Ermənistanın təcavüzkarlığının qarşısında qətiyyətlə, mərdi-mərdanə mübarizə apardı.
Naxçıvan yalnız Ermənistanın işğalçılığına görə blokada vəziyyətinə düşməmişdi. Naxçıvanı həm də o dövrdəki Azərbaycan hakimiyyəti blokada vəziyyətinə salmışdı. Belə ki, muxtar respublikadakı iqtisadi və sosial çətinliklərdə mərkəzi hakimiyyət orqanlarının Naxçıvana olan ögey və laqeyd münasibəti böyük rol oynayırdı. Lakin nəhəng və təcrübəli dövlət xadimi Heydər Əliyevin həmin vaxtlar qardaş Türkiyə və İranla yaratdığı əlaqələri Naxçıvandakı mövcud sosial-iqtisadi çətinliklərin azaldılmasında mühüm amil olmuşdu. Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində 1992-ci il mayın 28-də Azərbaycanla qardaş Türkiyə arasındakı "Ümid" körpüsünün istifadəyə verilməsi və digər tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün labüd fəlakətlərdən xilas etmişdi. 
Bütün bunları görən, ümidini itirməyən müdrik xalqımız sevimli oğlu Heydər Əliyevə güvənir, ictimaiyyət nümayəndələri isə Ulu Öndərin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılmasını arzu və təklif edirdilər. Hətta işğal təhlükəsi ilə üzləşən Qarabağ ictimaiyyətinin nümayəndələri belə Bakıya yox, məhz Naxçıvana gəlir, böyük Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişini Ondan təkidlə xahiş edirdilər. 
Odövrkü hakimiyyət orqanları da bunu bilir, uzaqgörən lider Heydər Əliyevin güclü nüfuzu qarşısında narahatlıq keçirir və ona görə Ulu Öndəri Ali Məclisin Sədri vəzifəsindən müxtəlif vasitələrlə kənarlaşdırmaq istəyirdilər. Amma onların bu niyyəti və cəhdləri Naxçıvan ictimaiyyətinin Heydər Əliyevin ətrafında güclü səfərbər olması səbəbindən baş tutmadı. Hakimiyyətin yaratdığı süni əngəllər Heydər Əliyevin liderliyi ilə yeni siyasi partiyanın yaradılmasının da qarşısını ala bilmədi. 1992-ci ilin noyabr ayında Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi respublikamızın müstəqillik tarixinin böyük siyasi hadisəsinə çevrildi. 
Bu hadisələrin hər biri dünya lideri Heydər Əliyevin yenicə müstəqillik əldə etmiş Azərbaycanı növbəti dəfə xilas etməsinin ilk addımları idi. Bu mənada görkəmli dövlət xadimi kimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Ulu Öndərin müstəqillik illərində həyata keçirdiyi Qurtuluş missiyasının başlanğıcıdır, desək, yanılmarıq. 

 

Ulu Öndər dövlətçiliyimizi qorudu, müstəqilliyimizi xilas etdi

 

Təsis konfransından bir neçə ay sonra YAP-ın artıq on minlərlə üzvü vardı və bu kütləvilik yalnız Heydər Əliyevə inamdan irəli gəlirdi.  YAP müxalifət partiyası kimi yaranmışdı, lakin bugünkü bəzi müxalifət partiyalarından fərqli olaraq, xalqa, dövlətçiliyə qarşı müxalifətdə deyildi. YAP o vaxt hakimiyyəti zəbt edən, respublikamızı anarxiya  və xaos burulğanına salan, yeni qazanılmış müstəqilliyimizi itirilmək təhlükəsi qarşısında qoyan hakimiyyətə qarşı müxalifətdə idi. 
1992-1993-cü illlərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran, nəhayət, böyük Heydər Əliyevin Bakıya gəlişini tarixi zərurətə çevirmişdi. İflasa uğramış ozamankı iqtidar mənsubları da vəziyyətdən çıxış yolunu məhz Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Hansı ki, buna qədər özlərinə əsas təhlükə, ən qorxulu rəqib kimi xalqın içərisində böyük hörməti və nüfuzu olan Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər.
1993-cü ilin iyun ayının əvvəllərində baş verən Gəncə hadisələrindən sonra ölkədəki siyasi-hərbi böhran artıq pik nöqtəsinə çatmışdı. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən isə separatçılar Azərbaycanı parçalamaq üçün yeni planlarını işə salmışdılar. Belə vəziyyətdə təkidli xahişləri nəzərə alan xalqımızın dahi oğlu Heydər Əliyevin 1993-cü il iyun ayının 9-da Naxçıvandan Bakıya gəlişi xalqımızın məhv olmaqda olan ümidlərini özünə qaytardı, ölkəsinin taleyini düşünən hər bir vətədaşımızın sabaha olan inamını bərpa etdi.
Yalnız Heydər Əliyevin Bakıya gəlişindən sonra ağır sarsıntılar içərisində olan narahat cəmiyyətimiz rahat nəfəs aldı, hər kəsin çiynindən sanki ağır yük götürüldü.  Bütün xalq tam əmin idi ki, xalqımızın seçilən və sevilən oğlu Heydər Əliyevin proseslərə müdaxiləsi ilə respublikamızın başının üstünü almış təhlükələr aradan qalxacaq. Xalq isə yanılmırdı, çünki Heydər Əliyev kimi görkəmli dövlət xadimi, zəngin siyasi təcrübəsi olan bir siyasətçi üçün siyasət meydanında həlli mümkünsüz olan məsələ yox idi. Bakıya  gəldikdən sonra xilaskarlıq missiyasına başlayan, parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyərək yaranmış vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə səfər edən Heydər Əliyev döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Heydər Əliyevin bu müdrik addımı xalqda böyük ruh yüksəkliyi yaratdı. Bu səfər real siyasi və hərbi proseslərə böyük təsir göstərdi və ilk növbədə qardaş qırğınının, vətəndaş qarşıdurmasının böyüməsinin qarşısını aldı.
Azərbaycan ictimaiyyətinin arzu və gözləntilərinin, o cümlədən ölkədəki bütün siyasi partiyaların vəziyyətdən çıxış yolu ilə bağlı mövqelərinin əsas nəticəsi kimi Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi müstəqillik və dövlətçilik tariximizin dönüş məqamına çevrildi. Bu siyasi qərar bütün xalqımızın dahi şəxsiyyət Heydər Əliyevə olan dərin inamının təntənəsi idi. Heydər Əliyev hər siyasətçinin öhdəsindən gələ bilməyəcəyi missiyanı qətiyyətlə yerinə yetirdi, dövlətçiliyimizi və müstəqilliyimizi labüd məhvolmadan xilas etdi. Bu, özünün dediyi kimi, ömrünün qalan hissəsini də xalqına həsr edən böyük Heydər Əliyevin xalq və dövlət qarşısındakı əvəzolunmaz fədakarlığı oldu.
31 il əvvəl xalqımızın taleyinin, dövlətçiliyinin müqəddəratının həll olunduğu ən ağır günlərdə Ulu Öndər Heydər Əliyevin idarəçilik sükanının arxasına keçməsi, əslində, onun ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Aradan illər ötdükcə, zaman kəsiyi uzandıqca, can Azərbaycanımız daha da gücləndikcə, inkişaf etdikcə, Heydər Əliyevin o ağır dövrdə gördüyü işlərin mahiyyətini, məzmununu, Ulu Öndərin həmin mürəkkəb şəraitdə hansı çətinliklərə qalib gəldiyini daha dərindən anlayırıq. Ona görə iyunun 15-nin Milli Qurtuluş Günü kimi əbədiləşdirilməsi Heydər Əliyevin tarixi missiyasına verilən layiqli ümumxalq qiymətidir.
Müasir Azərbaycanın, sözün əsl mənasında, müstəqilliyinin tarixi məhz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsindən sonra başlayır. Ulu Öndər dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb müstəqil Azərbaycanı parçalamaq planlarını puça çıxardı, dövlətçiliyimizin və müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdi. Dövlətçiliyimizin etibarlı təməllərini yaradan, hüquqi dövlət quruculuğunu həyata keçirən, Azərbaycanı inkişaf yoluna çıxaran böyük lider Heydər Əliyev öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

 

Ata Heydər Əliyev yolunun və Oğul İlham Əliyev siyasətinin təntənəsi

 

Ümummilli Lider Heydər Əliyevin əmanəti və şah əsəri olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir. Xalqımız illərdir ki, Ümummilli Lider Heydər Əliyevin yoluna və Prezident İlham Əliyevin siyasi kursuna heç bir alternativi qəbul etmir. Çünki bu yol və bu siyasət qüdrətli, azad Azərbaycan, güclü dövlətçilik, sarsılmaz müstəqillik və inkişaf yolu deməkdir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar ilk növbədə ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası layiqincə davam etdirilir, Onun ideyaları reallaşır. Ona görə  ötən 21 il tariximizə inkişaf, quruculuq, müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətləndiyi illər kimi yazılıb. Prezident İlham Əliyevin müdrik siyasətinin ən mühüm nəticələrindən biri kimi Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib. 
Böyük Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı idi. Respublikamıza rəhbərliyinin ilk günündən Prezident İlham Əliyev Azərbaycanın heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacağını və doğma ərazilərini nəyin bahasına olursa-olsun, azad edəcəyini bəyan etdi. Cənab  Prezident ilk növbədə Azərbaycanı inkişaf yoluna çıxarmaqla, tarixinin ən qüdrətli dövlətinə çevirməklə, həm də Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün zəmin hazırladı.  Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandanın, cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin təntənəsinə çevrildi. Ötən ilin sentyabrında ərazilərimizdə qara yaraya çevrilmiş erməni separatizminə birdəfəlik son qoymaqla dünyaca tanınmış siyasi lider, xalqımızın sevimli oğlu İlham Heydər oğlu Əliyev növbəti tarixi missiyanı qətiyyətlə və şərəflə yerinə yetirdi. Bütün bunların məntiqi davamı olaraq, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi xəttinin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal edilmiş 4 kəndinin bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin xalqımıza yaşatdığı növbəti bir qələbə idi. 
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan bərpa və quruculuq işləri bu gün sürətlə davam edir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Şuşa, Laçın, Füzuli, Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus, Zəngilanın Ağalı, Tərtər rayonunun Talış kəndlərində artıq  məskunlaşma var və Böyük qayıdış artıq davamlı prosesə çevrilib. 
Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları Azərbaycanın yüksəlişi, torpaqlarımızın azadlığı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı idi. Öz tarixi missiyası ilə Ulu Öndərin bu müqəddəs arzularını Milli Ordumuzun, qəhrəman vətən övladlarımızın fədakarlığı ilə, özünün böyük qətiyyətilə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin həm də ata vəsiyyətini layiqincə yerinə yetirir. Ona görə artıq Ulu Öndərimizin ruhu şaddır, rahatdır, çünki müstəqil Azərbaycan sahib olduğu gücü, qüdrəti ilə Onun istədiyi səviyyəyə yüksəlib. Vaxtilə müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan respublikamız artıq elə bir mərhələyə qədəm qoyub ki, istənilən taleyüklü problemi həll etməyə qadirdir.
Hər birimizin qarşısında dayanan ən ümdə mənəvi vəzifələrdən biri harada və hansı vəzifədə çalışmağımızdan asılı olmayaraq, öz işimizlə, fəaliyyətimizlə ölkəmizdə gedən inkişaf proseslərinə dəstək vermək, bu məqsədlə Müzəffər Sərkərdə, Prezident İlham Əliyevin siyasi kursu ətrafında daha sıx səfərbər olmaqdır. Düşünürəm ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan hər birimiz üçün böyük nümunədir, müqayisəsiz, mükəmməl örnəkdir. Onu qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən olan Mehriban xanım Əliyevanın Birinci-vitse prezident kimi fəaliyyəti müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin modernləşməsinə və davamlı islahatlarla təkmilləşməsinə böyük töhfələr verir. Eyni zamanda Mehriban xanım Əliyevanın idarəçilik üslubu dövlət aparatının daha da mükəmməlləşməsinə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu missiyası respublikamızın davamlı inkişafına, ölkəmizdə mənəvi mühitin daim təmizliyinə, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə və vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib. 
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti bütün Azərbaycan cəmiyyətinin, xalqımızın  qürur mənbəyidir. Ulu Öndərin ideyalarını və irsini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və proqramlar ilk növbədə  Azərbaycanın yüksəlişinə, vətəndaş məmnunluğuna xidmət edir və xalqımız tərəfindən həmişə rəğbətlə qarşılanır. Bir sözlə, xanım Mehriban Əliyevanın respublikamızın idarəçiliyindəki uğurlu fəaliyyətinin, yüksək göstəricilərinin təməlində həm də Onun məhz Azərbaycanın sayılan-seçilən böyük bir ziyalı nəslinin yetirməsi olaraq sonradan Ulu Öndər Heydər Əliyev ailəsində təkmilləşməsi, ictimai-siyasi xadim kimi, Prezident İlham Əliyevin siyasi silahdaşı kimi vətənə və xalqa layiqli xidmət məramı dayanır.
Prezident İlham Əliyevin ən fədakar silahdaşı olaraq xanım Mehriban Əliyevanın vətənə xidmətinin daha bir nümunəsi Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə rəhbərlik etməsidir. Bütün bunlar həm də Mehriban xanım Əliyevanın vətən-Azərbaycan  sevgisindən, öz xalqının milli-mədəni və mənəvi dəyərlərinə son dərəcə bağlılığından xəbər verir.
Ərazi bütövlüyümüzün bərpasından sonra tarixinin yeni dövrünə qədəm qoyan Azərbaycanda sosial-iqtisadi inkişafın da yeni mərhələsi başlayıb. Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin artırılması ilə bağlı müzakirələrin başlanması da ilk növbədə inkişafdan xəbər verir. Bu inkişafın göstəricisi kimi Qurtuluşun ilk ünvanı olan Naxçıvan Muxtar Respublikası da intibahının müasir dövrünü yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısının, qarşıya qoyduğu vəzifələrin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu ilin əvvəlindən muxtar respublikada  sosial-iqtisadi sferada mühüm uğurlar əldə olunub. Məsələn, cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olmuşdur ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. Bu dövr ərzində bölgə əhalisinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı isə 2 faiz artaraq 905,9 manat təşkil edib. 
Təkcə 2024-cü ilin yanvar-may ayları ərzində muxtar respublikanın büdcəsinə bu iqtisadi rayonun yol vergisi üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat vəsaitin daxil olması və bu vəsaitin  nəzərdə tutulan proqnozdan 8,4 milyon manat,yaxud 412 faiz çox olması qısa müddət ərzində muxtar respublikada, əslində, bütün sahələrdə baş verən mütərəqqi dəyişikliklərin göstəricisidir. Naxçıvan Muxtar Respublikasında Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların, dövlət proqramlarının icrasının yeni idarəçiliklə, Naxçıvanda səlahiyyətli nümayəndəliyin rəhbərliyi ilə layiqincə  və ən qısa zamanda həyata keçirilməsi, bütövlükdə əldə olunan bu uğurlar bir daha göstərir ki, Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə olduğu kimi, iqtisadi rayonlar üzrə də praktik şəkildə özünü doğrultmaqdadır. 
31 il əvvəl, tariximizin ağır günlərində təsəvvür belə etməzdik ki, vaxt gələcək müstəqil Azərbaycan  güclü, qüdrətli dövlətə, beynəlxalq birliyin nüfuzlu, layiqli üzvünə çevriləcək. Lakin bütün bunlar indi reallıqdır və vaxtilə böyük Heydər Əliyevin xilas edərək inkişaf yoluna çıxardığı  Azərbaycan artıq özünün azad, müstəqil yolu, qətiyyətli siyasi kursu olan, cazibəsi, inkişafı ilə fərqlənən  qürurlu bir dövlətdir. 
Bu gün Ulu Öndərimiz Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tariximizin yeni şərəfli səhifələri yazılır. Qurtuluşla başlanan və Zəfərlə davam edən şanlı tariximiz təsdiq edir ki, Ümummilli Lider böyük Heydər Əliyev yolu və Prezident İlham Əliyev siyasəti müstəqil Azərbaycanın dönməz yüksəlişinin yeganə təminatçısıdır.

Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video