05 May 2024 09:20
349
Elm və texnika
A- A+

Fironun məzarının "öldürücü" sirri

 

Misir tarixi hər zaman arxeoloq və alimlərin diqqət mərkəzində olub. Belə ki, bu ölkədə təkcə ehramlar deyil, həmçinin fironlarla bağlı da sirr və müəmmalar var. Vaxtilə günəşin elçiləri adlandırılan və Tanrıya bərabər tutulan fironların məzarlarının "mistik qüvvələr" tərəfindən mühafizə edilməsi iddiaları xüsusilə maraq doğurur. Belə sirli qəbirlərdən biri "Uşaq kral" adlandırılan firon Tutanxamona məxsusdur.
Tutanxamonun məzarını tədqiqatçı və arxeoloqlar, eləcə də insanlar üçün maraqlı edən əsas səbəb onu ziyarət edənlərin qısa zamanda dünyasını dəyişməsidir. Uzun illər boyu buna ilahi qüvvələrin səbəb olduğu deyilsə də və Tutanxamonun lənəti adlandırılsa da, artıq onun elmi izahı müəyyənləşib.

 

Qəsdən "lənətlənmiş" məzar

 

Misir fironu Tutanxamonun məzarı ilk dəfə 1922-ci ildə açılıb. Tarixdə aşkar edilmiş ən dəbdəbəli sərdabələrdən biri hesab edilən bu məzar qiymətli əşyalarla zəngin olub. Qədim misirlilər bu xəzinənin gənc fironun axirətə səyahətinə kömək edəcəyini düşünürdülər. Qəbrin divarında belə bir yazı var idi: "Fironun sakitliyini pozan hər kəsi ölüm addımbaaddım izləyəcək". Sərdabənin yanında isə üç nəfərin skeleti var idi. Onlar nə vaxtsa xəzinəni daşıyıb apara bilməmişdilər. Fironun dəfinəsi arasında qəribə bir əşya var idi. Bu əşya amulet idi və onun arxasında belə yazılmışdı: "Mən səhranın çağırışı ilə qəbri ləkələyənləri qaçmağa vadar edirəm. Mən firon Tutanhamomun sərdabəsinin keşiyində duranam".
20-dən çox insanın ölümünə səbəb olduğu güman edilən "Fironun lənəti"nin səbəbini alim Ross Felloves tapıb. Uzun illər aparılan tədqiqatlardan sonra məlum olub ki, onun elmi-kimyəvi açıqlaması var. Araşdırma nəticəsində müəyyən edilib ki, ölümlərə səbəb təhlükəsiz və təbii elementlərin içərisinə qəsdən yerləşdirilmiş zəhərli tullantıların yaratdığı radiasiya zəhərlənməsidir. Yəni məzar hamının düşündüyü kimi fövqəltəbii deyil, qəsdən "lənətlənib".
İndiyə qədər bir çox alim və tibb elminin nümayəndələri də buna bənzər fikirlər səsləndirmişlər. Onların fikrincə, arxeoloji ekspedisiya üzvlərinin ölümünə səbəb xüsusi növ göbələyin dağıdıcı təsiridir. Bu tip göbələklərin sporları fironların sərdabələrində əsrlər boyu "konservləşdirilmiş" formada qalıb.
1962-ci ilin noyabrında Qahirə universitetinin alimi Din Taxa bildirib ki, ehramların daxili sahələrində işləyən hər bir tədqiqatçı və ya fəhlədə nəfəs yollarının iltihabına səbəb olan virus tapılıb. D.Taxa mumiyanı incələyəndə bir sıra analoji viruslarla qarşılaşıb. Alimin fikrincə, bu viruslardan hər biri həyat qabiliyyətini 4 min il qoruyub saxlaya bilir. 
Digər mütəxəssislər isə R.Felloves kimi düşünüblər, onlar bu qənaətə gəliblər ki, qədim misirlilər qəbrin açılmasına qarşı naməlum toksinlərdən və radioaktiv maddələrdən istifadə ediblər. 1948-ci ildə atom sahəsi üzrə alim Luis Bul mətbuat konfransında deyib: "Düşünürəm ki, Qədim Misirin kahinlərinə uranın xüsusiyyətləri məlum idi. Görünür, radiasiya məbəd və sərdabələrin qorunması üçün etibarlı vasitə olub. Mumyalama prosesində istifadə edilən qətran Qırmızı dənizin sahillərindən və Kiçik Asiyanın bəzi rayonlarından gətirilibdi. Bu qətranın tərkibində yüksək miqdarda radioaktiv maddələr olubdu. Bundan başqa, mumyaları sarıdıqları bintlər də radiasiya mənbəyidir. Çox güman ki, yeraltı kameralarda yığılıb qalan toz da şüalanmaya səbəb olub".

 

Tutanxamonun sərdabəsində olanların acı taleyi

 

Sərdabədə olan kimyəvi maddələr Tutanxamonun məzarını ilk dəfə tapan arxeoloq Hovard Karterin həyatına son qoyan xərçəng kimi xəstəliklərə səbəb olur. H.Karter 1939-cu ildə immun sisteminə təsir edən Hodgkin lenfoma ilə uzun müddət mübarizə apardıqdan sonra infarktdan vəfat edib. İndi isə xərçəngin səbəbinin radiasiya zəhərlənməsi olduğu bildirilir. Tutanxamonun məzarının açılmasına kömək edən Karnarvon qrafı Corc Herbert de Karnarvon da kəşfdən 5 ay sonra qan zəhərlənməsindən vəfat edib. Karnarvonun oğlu isə deyib ki, ekspedisiya zamanı onun iti ulamağa başlayıb və qəfil ölüb.
Tezliklə Lordun qardaşı və qulluqçusu da Qahirədə vəfat edib. Bir neçə ay sonra ekspedisiyanın üzvləri olan Artur Meys və Corc Cey-Qold dünyalarını dəyişiblər. A.Meys Karterə sərdabəni açmağa kömək etmişdi. Məhz o, əsas kameraya girişi bağlayan sonuncu daşı kənara çəkmişdi. Karnarvonun ölümündən sonra o, qeyri-adi yorğunluqdan şikayət etməyə başlamış, tədricən yaddaşını itirmişdi. Corc Cey-Qold isə Lord Karnarvonun köhnə dostu və arxeologiyaya həvəs göstərən şəxs idi. O, Tutanhamonun sərdabəsini diqqətlə incələyib, tapılan hər bir əşyaya bir-bir toxunmuşdu. Növbəti gün Cey-Qold titrəməyə, tez-tez huşunu itirməyə başlamış və axşam saatlarında keçinmişdi. Ölüm ardınca ölüm gəlirdi. Ekspedisiyanın digər üzvləri də ölməyə başlamışdılar. Simptomlar isə eyni idi: qızdırma, titrəmə və huşunu itirmə. Bir neçə ay ərzində 22 nəfər dünyasını dəyişmişdi. Onlardan bəziləri Tutanhamonun sərdabəsində olmuş, bəziləri isə mumiyanı tədqiq etmişdilər.
1929-cu ildə Lord Karnarvonun dul arvadı da güvə dişlədiyi üçün dünyasını dəyişmişdi. Eyni gündə səhər saatlarında H.Karterin katibi Riçard Batell ürək tutmasından vəfat etmişdi. Bu zaman London və Qahirədə Tutanxamonun lənəti barədə dəhşət və qorxu dolu şayiələr dolaşmağa başlamışdı.
R.Batellin ölümü barədə xəbər Qahirədən Londona çatanda onun atası, lord Uestbyuri özünü hotelin 7-ci mərtəbəsinin pəncərəsindən atmışdı. Lordun nəşini dəfn etmək üçün aparanda tabutu daşıyan maşın küçədə oynayan körpəni öldürmüşdü. Ekspertiza göstərmişdi ki, sürücü oğlanı görməyə bilməzdi. Çünki hadisə yerinə qədər 150 metr var idi. Amma sürücü və hadisə şahidləri əmin idilər ki, küçə boş idi...

 

Tutanxamon kimdir?

 

Tutanxamon eramızdan əvvəl 18-ci sülalənin 12-ci fironu olan və Misirin Yeni Krallığı dövründə hökmranlıq edən firon olub. Hökmdarın nə vaxt doğulduğu tarix dəqiq bilinməsə də, onun təxminən eramızdan əvvəl 1341-ci ildə anadan olduğu təxmin edilir. O, çox gənc yaşda, təxminən eramızdan əvvəl 1332-ci ildə taxta çıxıb.
Əldə edilən faktlara görə, Tutanxamonun atası firon Exnatondur. Anasının kimliyi isə dəqiq məlum deyil. Bir neçə dəfə aparılan genetik tədqiqatlar təsdiqləyib ki, Tutanxamon qan qohumluğu olan insanların izdivacından doğulub. 
9 il hakimiyyətdə olan Tutanxamonun bütün həyat hekayəsi sarkofaqa yazılıb və digər mənbələrlə də təsdiqlənib. Bu mənbələr Misir ərazisində aparılan müxtəlif arxeoloji qazıntılar nəticəsində tapılıb. Əvvəllər 19 yaşında vəfat edən fironun qətlə yetirildiyi düşünülürdü. Tutanxamonun ənsə nahiyyəsində aşkarlanmış zədəli sümük fraqmentləri zorakılıq fərziyəsini irəli sürsə də, texnologiyanın inkişafı tədqiqatçılara fironun qalıqları üzərində incələmə aparmağa imkan verib və KT müayinəsi fironun öldürülməsini təsdiqləməyib. Ənsə nahiyyəsindəki zədə mumyalama zamanı kəlləni beyindən azad etmək üçün məqsədli şəkildə icra edilmiş primitiv trepanasiya ilə əlaqələndirilir. Tutanxamonun kohlerdən (sümük xəstəliyindən) vəfat etdiyi aydınlaşıb. Bu xəstəlikdən Exnatonun da əziyyət çəkdiyi təxmin edilib.
Tutanxamonun mumiyalanmış bədəni zamanəmizə qədər heç bir zədə almadan gəlib çatıb. Hazırda onun cəsədi Misirdə Fironlar vadisi Luksorda şüşə sərdabədə saxlanılır. Fironun məzarında aşkar edilən qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video