"Azərbaycan" qəzetinin 7 iyun 2022-ci il tarixli nömrəsində dərc edilmiş "Küçə qəssabları yaşayış məntəqələrindən yığışdırılmalıdır" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli istiqamətində tədbirlərin görülməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (bundan sonra - agentlik) aidiyyəti üzrə baxılmışdır.
Məlumat üçün bildiririk ki, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinn təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" 2018-ci il 11 iyun tarixli sərəncam imzalamışdır.
Qeyd olunan sərəncamdan irəli gələrək agentlik qida təhlükəsizliyi tələblərinə sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə mütəmadi olaraq monitorinqlər keçirir. Monitorinqlər zamanı baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə - küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərə ciddi xəbərdarlıq edilir və qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar yoxlama həyata keçirilir.
Eyni zamanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası ərazisində baytarlıq sahəsində yoxlamalar, sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır.
Qalib ƏBDÜLƏLİYEV,
AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi