02 May 2024 08:55
155
İQTİSADİYYAT
A- A+

Əsrlərin yadigarı

 

1500 yaşlı çinarın hekayəti

 

Səhrada yol gedən yolçunun su ehtiyatı tamamilə tükənibmiş. Bir tərəfdən yandırıcı günəşin hərarəti, yeriməyə çətinlik törədən qum təpələri, digər tərəfdən isə içməli suyunun bitməsi cəhənnəm əzabına dönmüşdü. 
Artıq nəinki yerimək, sözün həqiqi mənasında, az qala sürünən yolçu qum təpəsinin arxasından irəli baxarkən yamyaşıl bir ağac gördü. Sevindiyindən nə edəcəyini bilmədi. Elə bil vücuduna yeni qüvvə gəldi. Büdrəyə-büdrəyə ağaca doğru qaçmağa çalışan yolçu nəhəng çinara çatarkən onun yanından dupduru bir çeşmənin axdığını gördü. Sudan doyunca içib özünə gəldi. Sonra başını yuxarı qaldıraraq əzəmətli ağacı minnətdarlıq duyğusu ilə süzüb dedi: 
- Sənə nə deyim ki, ürəyimcə olsun! Deyim başın göylərə çatsın, elədir. Deyim ki, yarpaqların yamyaşıl olsun, budaqların pərvazlansın, varındır. Deyim ki, ətəyində çeşmə çağlasın, o da varındır. Odur ki, arzum səni həmişə belə qüdrətli, yamyaşıl və təşnəliyə dərman kimi görməkdir.
Bu rəvayəti əbəs yerə xatırlamadım. Gəncəbasar ərazisində 1500 ildən çox yaşı olan Düldül deyilən bir çinar ağacı var. Qeyri-adiliyi ilə heyrət doğuran ağacın özəlliyi odur ki, illər, əsrlər keçdikcə çinar öz-özünü "budayaraq" təzələyir. Ağacın nəhəng gövdəsindən yeni pöhrələr, budaqlar boy verir. Köhnə, qurumuş budaqlar isə qırılıb tökülür.
1500 ildir ki, Düldül əzəməti ilə onu görənləri heyrətləndirir. Çinarın ətəyində bir mineral bulaq çağlayır. Həmin suyun qaynadığı samovarda heç zaman ərp olmur. Yenicə alınmış kimi tərtəmiz qalır. Odur ki, hətta uzaq yerlərdən gəlib bu şəfa bulağından su aparırlar. Düldül haqqında rəvayətlər çoxdur. Çinarın olduğu Kolayır kəndinin qocaman sakinlərinin söylədiyi rəvayətə görə, dördüncü xəlifə Əli ibn Əbu Talib islamın zəfər yürüşü zamanı Samuxda olub və Düldül adlı atını bu ağacın kölgəsində saxlayıb. Hətta onlar qocaman çinarın dibində at nalının izinin olduğunu iddia edirlər. Düldül adı elə buradan meydana gəlib. Hündürlüyü bir neçə mərtəbəli evi kölgədə qoyan Düldülün yaşıl çətirinin dairəsi iyirmi metrdən çoxdur. Bu əzəməti ilə Düldül insanları özünə cəlb edərək həm də onların inanc yerinə çevrilib. Samux rayon əhalisi bu ağacı ziyarət edir, onun budaqlarına yaylıq, dəsmal bağlayıb niyyət edirlər. Neçə yüz illərdir təbiətin şıltaqlığına, nəsillərin münasibətinə baxmayaraq, qocaman ağac məğrur qamətini qoruyaraq saxlayır.
Bütün bu rəvayətlərlə yanaşı, əzəmətli görkəmi, böyüklük, məğrurluq rəmzi kimi çinara həm də "Xan çinar" deyirlər. Bu ağaclara qayğı ilə yanaşılır. Düldülün bəxti onda gətirib ki, həm xandır, həm də müqəddəslik rəmzi sayılır.

Rəfiqə SADIQOVA
Gəncə 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video