Azərbaycan Qarabağ və Şərqi Zəngəzur ərazilərini İkinci Qarabağ müharibəsində Ermənistanın işğalından azad etdikdən sonra da qəsbkarlar məkrli planlarından əl çəkmədilər. 2020-ci ildə Azərbaycan Ordusunun möhtəşəm Zəfərindən sonra torpaqlarımızı tərk etməmiş Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri mina terrorunu davam etdirdilər. Nəticədə işğaldan qurtulmuş yerlərdə mina partlayışları baş verdi. Azərbaycanın mülki şəxsləri, hərbçiləri mina terroru nəticəsində şəhid oldular və ya sağlamlıqlarını itirdilər.
İkinci Qarabağ müharibəsindən sonra təcavüzkar ermənilərin mina terroru 314 nəfər Azərbaycan vətəndaşının həyatına son qoyub. Ümumilikdə isə Ermənistanın xalqımıza qarşı mina terroru nəticəsində 3 min 400 nəfərədək azərbaycanlı şəhid olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.
İşğaldan azad edilən ərazilərdə təkcə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2 min 728 mina aşkarlanaraq zərərsizləşdirilib. Onların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ iqtisadi rayonunun ərazisində aşkar edilib. Ümumilikdə isə Birinci Qarabağ müharibəsindən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında təxminən 1,5 milyon mina basdırılıb. 147 988 hektar ərazi yüksək səviyyədə, 675 570 hektar ərazi isə orta və aşağı səviyyədə çirkləndirilib.
Üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçir. Ancaq rəsmi İrəvan üzərinə düşən öhdəliklərə əməl etmir. Minalanmış ərazilərimizin dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırması Ermənistan hakimiyyətinin cinayətkarlığının daha bir sübutudur.
Azərbaycan dövləti İkinci Qarabağ müharibəsi başa çatdıqdan qısa müddət sonra Qarabağ və Şərqi Zəngəzur ərazilərində geniş və sürətli tikinti-quruculuq, bərpa işlərinə başlayıb. Erməni vandallarının uzun illər davam etdirdikləri işğal müddətində xarabalığa çevirdikləri yaşayış yerlərimiz yenidən qurulur, Azərbaycan vətəndaşları abad edilmiş doğma yurdlarına geri dönürlər. Düşmənin namərdliyi, məkrli xisləti bu prosesə mane ola bilmir və ola bilməyəcək. Zəfərlər Azərbaycanındır. Bunu 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində apardığı lokal xarakterli antiterror tədbirləri bir daha göstərdi. Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə aylıq məlumatında işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrda 4 min 550,1 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyi bildirilib.
Məlumata əsasən, ötən ay Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 242 piyada əleyhinə, 447 tank əleyhinə mina, 909 partlamamış hərbi sursat aşkar edilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov oktyabrın 2-də jurnalistlərə açıqlamasında on minlərlə partlamamış mina və sursat aşkar olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, bunların əksəriyyəti Ermənistan istehsalı olan plastik örtüklü minalardır, onlarda metal maddələr az olduğu üçün aşkarlanması daha çətindir.
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini sonuncu antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə də mina-təmizləmə əməliyyatlarına başlanıldığını nəzərə çatdırıb. Qeyd olunub ki, əməliyyatlar ilk olaraq kritik yerlərdə həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın qarşısına qoyduğu əsas vəzifələrdən biridir. Minaların aşkarlanması, zərərsizləşdirilməsi çox böyük diqqət, səy tələb edir. Çətinliklərinə, mürəkkəbliyinə baxmayaraq, işlər cidd-cəhlə və sürətlə aparılır. Köksü düşmənin basdırdığı ölümsaçan minalardan təmizləndikcə, Vətən torpaqları da rahat nəfəs alır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"