Azərbaycanın qüdrətli dövlətlər arasında
qərarlaşmasının ABŞ tərəfindən elan olunması Prezident İlham Əliyevin tam müstəqil
siyasətinə verilən növbəti yüksək dəyərdir
Dayanıqlı inkişaf və tərəqqi yolu, yüksələn
reytinq və qazanılan iqtisadi-siyasi dividendlər, sistemli islahatlar və onun uğurlu
nəticələri...
Bütün bunlar həm geoiqtisadi, həm də geosiyasi
mövqelərini daim möhkəmləndirən Azərbaycanın əldə etdiyi müsbət göstəricilər, reallıqlardır.
Əlbəttə ki, bu uğurları yalnız biz yox, beynəlxalq iqtisadi forumların, reytinq
təşkilatlarının hesabatları da təsdiqləyir.
Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik
Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”,
"Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi
Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları
hesabatlarda, reytinq siyahılarında Azərbaycan, demək olar ki, hər il yüksəlişdədir.
Təbii ki, Azərbaycanın yüksək mövqelərdə
qərarlaşması hər hansı reytinqlə bağlı deyil. Reytinq və hesabatlarda ölkəmizin
mühüm yer tutması sadəcə bu gün Azərbaycana xaricdən baxışın necə olduğunun göstəricisidir.
Bu günlərdə Amerikanın "U.S.News & World
Report” jurnalında dərc edilən dünyanın ən güclü ölkələrinin reytinq siyahısında
Azərbaycanın 80 ölkə arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Əlbəttə
ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşmasının təməlində də ölkənin
inkişafı dayanır. Bu siyasətin müəllifi isə ən islahatçı Prezident adlandırılan
cənab İlham Əliyevdir.
ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin
saytında dərc edilən reytinq siyahısı Pensilvaniya Universitetinin "BAV Group and
Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən
zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi,
habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər
nəzərə alınıb.
İqtisadi vəziyyətə nəzər yetirdikdə görərik
ki, son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə
artıb. Azərbaycan hərbi qüdrətinə görə də dünyanın ən güclü ordularından birinə
sahibdir. Ordumuz dünyanın 50 ən güclü silahlı birləşmələri sırasındadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi
müstəqil xarici siyasət Azərbaycanı dünya birliyinin etibarlı tərəfdaşına çevirib.
BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədrliyi, Qoşulmama Hərəkatına, Türkdilli
Dövlətlər Birliyinə sədrlik, Avrasiyanın enerji, nəqliyyat, tranzit və logistika
mərkəzinə çevrilməsi Azərbaycanı dünyada söz sahibi edib.
Göründüyü kimi, bütün bu uğurlar Prezident
İlham Əliyevin məqsədyönlü və prinsipial siyasətinin bəhrəsidir və reytinq sıralaması
da bu siyasətə verilən nöbvəti beynəlxalq dəyərdir.
Azərbaycanın 3 ildə bu reytinq cədvəlində
24 pillə irəliləməsi də böyük uğurdur. "U.S.News & World Report” jurnalında
2017-ci ildə açıqlanan reytinqdə Azərbaycan 69-cu, 2018-ci ildə isə 5 pillə irəliləyərək
64-cü olmuşdu. Bu il isə ölkəmiz 19 pillə yüksəlib. Siyahıda ölkəmiz cari ildə əldə
etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya,
Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
Əlbəttə ki, bu siyahıda 80 ölkədən biri olmağın
özü də bir uğurdur. Çünki onlar 200-ə yaxın ölkənin içindən seçilmiş ən nüfuzlulardır.
Qonşularımız Gürcüstanla Ermənistan heç bu cədvələ salınmayıblar.
Dənizlərə birbaşa çıxışı olmayan, ərazisi
kiçik bir ölkənin Avrasiyadakı mövqeyini dünya görür və qiymətləndirir. Prezident
İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan
kompleks islahatlar hər il yeni rekordlarla yadda qalır.
Dünya Bankının nüfuzlu "Doing Business
2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də cənab
İlham Əliyevin son illərdə həyata keçirdiyi sosial-iqtisadi, struktur və kadr islahatlarının
nəticəsidir. Dünya Bankının hər il hazırladığı hesabat biznes mühitinin asanlığının
qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur.
Azərbaycanın uğurları isə cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, dərin
iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla bərabər reallığa çevrilən
yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının
əyani təzahürüdür.
Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin
davamlı islahatları ilə Azərbaycan növbəti reytinq hesabatlarında mövqeyini daha
da yaxşılaşdıracaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”