Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfərindən məyus qayıdıb. Məyusluğunu gizlətməyən E.Makron hətta xəbərdarlıq da edib.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti rəsmi səfərindən sonra Çinlə ticarət münasibətlərində ciddi xəbərdarlıq edib.
Avropa İttifaqının Çinə qarşı ticarət balansını qorumaq üçün tədbirlər görmədiyi təqdirdə, Makron növbəti aylarda Çin məhsullarına dövlət tarifləri tətbiq edə biləcəklərini bildirib. Bu açıqlama ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi yüksək tariflər siyasətinə bənzər addımların atıla biləcəyini göstərir.
Makronun fikrincə, Çin Avropa sənayesinin ənənəvi gücü olan maşınqayırma və avtomobil sektorlarını hədəf alır. ABŞ-ın proteksionist siyasəti isə vəziyyəti daha da mürəkkəbləşdirir, çünki Çin malları Avropa bazarına yönəldilərək yerli istehsalçıları sıxışdırır. Prezident bu vəziyyəti Avropa sənayesi üçün həyat və ölüm məsələsi kimi qiymətləndirir. Eyni zamanda, Makron Avropanın birgə mövqe formalaşdırmasının çətin olduğunu etiraf edir. Almaniya Çin bazarında güclü mövqeyə malik olduğundan hələlik Makronun sərt ticarət xəttini tam dəstəkləmir.
Makron Avropanın Çinə olan ticarət kəsirini azaltmaq üçün Çin investisiyalarını Avropaya cəlb etməli olduğunu vurğulayır. Avropa sadəcə məhsul idxal etməklə kifayətlənməməli, Çin şirkətləri də Avropada fəaliyyət göstərməlidir. Bu, xüsusilə batareyalar, litium emalı, külək və günəş enerjisi, elektrik avtomobillər, istilik nasosları, elektronika, təkrar emal texnologiyaları, sənaye robotları və qabaqcıl komponent sahələrinə aiddir.
Makron əlavə edir ki, Çin investisiyaları təcavüzkar, yəni hegemonluq yaratmaq və asılılıq formalaşdırmaq məqsədilə olmamalıdır. Makronun təklif etdiyi siyasət təkcə ticarət məhdudiyyətlərindən ibarət deyil. Avropa İttifaqının ən həssas sahələrini, məsələn, Çin elektrik avtomobillərinin təzyiqindən avtomobil sektorunu qorumaq vacibdir. Eyni zamanda, Avropa rəqabət qabiliyyətini artırmaq üçün bazar birliyinin sadələşdirilməsi və dərinləşdirilməsi, innovasiyaya investisiyalar, sərhədlərin ədalətli qorunması, gömrük birliyinin tamamlanması, uyğun pul siyasətinin tətbiqi kimi bir sıra tədbirlər görülməlidir.
Makronun açıqlamaları Avropa sənayesinin Çinlə ticarətdə strateji mövqeyini gücləndirməyə çağırışdır. Tarif tədbirləri və sərt investisiya şərtləri, Avropanın sənaye və innovasiya potensialını qorumaqla yanaşı, həm də ticarət balansını normallaşdırmaq üçün zəruri hesab olunur. Bu, Avropanın həm iqtisadi, həm də geopolitik gücünü qorumaq üçün atılan addımlar kimi qiymətləndirilir.
Avropanın qarşısında duran əsas məsələ isə birgə mövqeni formalaşdırmaq və Çinlə ticarətdə balansı qorumaqdır. Bu isə həm Avropa sənayesinin gələcəyi, həm də iqtisadi müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır.