29 Aprel 2024 19:02
810
Elm və texnika
A- A+

Zərifə Əliyevanın 101 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl İnstitutun ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub. Qonaqlar Nizami Gəncəvinin poemalarına çəkilmiş illüstrasiyalar, Xurşidbanu Natəvanın “Gül dəftəri” şeir albomundan qrafik nümunələr, onun kitabxanasına məxsus “Quran”ın çiçək təsvirləri ilə bəzədilmiş cild fraqmentləri, Mir Möhsün Nəvvabın “Bəhrüz-hüzən” əsərinə çəkdiyi, “Kəlilə və Dimnə”nin XIX əsrə aid nüsxəsinə çəkilmiş illüstrasiyalar, Firdovsinin “Şahnamə” əsərinin Orta əsrlərə aid nüsxəsinə çəkilmiş miniatürlər, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlinin Füzulinin əsərlərinə çəkdiyi nəbati elementlərlə zəngin müasir miniatür nümunələri, təbiət lövhələrini və xəritələri özündə ehtiva edən bir sıra nadir əlyazma nüsxələri ilə tanış olublar. Ekspozisiya zalında həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi də nümayiş olunub.

Daha sonra konfrans öz işinə başlayıb. Plenar iclası açılış nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elminin ən parlaq simalarından olan, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransın orijinallığı və aktuallığı ilə seçilən mühüm bir mövzuya aid olduğunu bildirib. AMEA prezidenti akademik Zərifə Əliyevanın hər zaman öz zəngin dünyagörüşü və həyata fəlsəfi baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğunu, əsərlərinin bir çox xarici dilə tərcümə olunaraq yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. Alim bildirib ki, Zərifə xanımın nuru bu gün də insanların qəlbinə işıq saçmaqdadır.

Plenar iclas məruzələrin dinlənilməsi ilə öz işini davam etdirib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Azərbaycan Dövlət Tibb Universiteti Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, millət vəkili, tarix üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, millət vəkili, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fatma Yıldırım və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva çıxışlarında Zərifə xanımın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb, alimin ictimai fəaliyyətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən bu gün daha geniş miqyasda şərəflə, məsuliyyətlə davam etdirildiyini vurğulayıblar. Bildiriblər ki, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunan konfransın “Yaşıl dünya naminə həmrəylik ili” kontekstində keçirilməsi tamamilə məqsədəuyğundur. Belə ki, onun həyatının başlıca amalından biri də sağlam insan və təmiz ətraf mühit uğrunda mübarizə olmuşdur.

Plenar iclasın sonunda yekun nitqi ilə çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini qeyd edib. O, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır.

Sonda plenar iclasın iştirakçıları Əlyazmalar İnstitutunun Ekspozisiya zalında ümumi xatirə fotosu çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video