26 Iyun 2022 02:40
477
SİYASƏT

Əlahiddə Ümumqoşun Ordu öz missiyasını layiqincə yerinə yetirir

 

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin əsas şərtlərindən, dövlətçiliyin bel sütunlarından biridir. Ona görə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirdiyi dövlət quruculuğunun ilk addımlarından və ən şərəfli səhifələrindən biri nizami və vahid komandanlığa əsaslanan ordunun formalaşdırılması olmuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı ordu o dövrdə Ermənistanın yeni işğal planlarının qarşısını qəhrəmancasına almış, bir sıra ərazilərimiz işğaldan azad edilmişdi.

Heydər Əliyev dövlət quruculuğunda və eyni zamanda tariximizin yaşadılmasında dövlətçilik irsimizə, varisliyə böyük diqqətlə yanaşırdı. Bunun ən böyük nümunələrindən  biri Ulu Öndərin 22 may 1998-ci ildə imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu günun - 26 İyun tarixinin Azərbaycanın Silahlı Qüvvələri Günü  kimi qeyd edilməsidir. Hər zaman fəxarətlə qeyd etdiyimiz bu tarixi artıq ikinci ildir ki, daha böyük qürurla, daha təntənəli şəkildə qarşılayırıq. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daha da gücləndirdiyi ordumuz 44 günlük Vətən müharibəsində özünün tarixi missiyasını qəhrəmancasına yerinə yetirdi. Bu müqəddəs savaşda torpaqlarımızı işğaldan azad edən ordumuz bizi bütün dünyaya qalib dövlət, savaş meydanında zəfər çalmış qalib xalq kimi tanıtdı. Qalib dövlət, qalib xalq olmaqdan isə böyük xoşbəxtlik yoxdur və bu qürurdoğuran hissləri bizlərə möhtərəm İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Ordumuz yaşatdı.

Blokadada olan Naxçıvanın müdafiəsi hər zaman yüksək diqqət mərkəzində olmuş, bu məqsədlə muxtar respublikadakı hərbi hissələrin döyüş hazırlığı və peşəkarlığı ildən-ilə sürətlə  artırılmışdır. Xatırladım ki, Naxçıvanda Azərbaycan Ordusunun hərbi hissələrinin yaradılmasına ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanılmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradılmışdır. Həmin dövrdə Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı olmuşdur. Məhz Heydər Əliyevin siyasi müdrikliyi ilə sovet ordu birləşmələri  Naxçıvanı tərk etmiş, onların silah və texnikası Azərbaycan Ordusuna təhvil verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin də maddi-texniki təminatı möhkəmləndirilib,  döyüş hazırlığı əhəmiyyətli dərəcədə yüksəlib. Bu mənada Əlahiddə Ümumqoşun Ordu respublikamızda həyata keçirilən hərbi quruculuğun ən mükəmməl nümunələrindən biri kimi diqqəti çəkir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı həmişə hərbi hissələrə baş çəkir, muxtar respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərlə yerindəcə tanış olur. Prezident İlham Əliyev ötən il mayın 10-da Naxçıvana dövlət başçısı kimi etdiyi sayca 15-ci səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun və  Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak etmişdir.

Fəxrlə qeyd etmək istərdim ki, dövlətimizin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirmişdir. 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra - 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordu tərəfindən azad olunması muxtar respublikada həyata keçirilən ordu quruculuğunun möhtəşəm nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə cəmiyyətimizdə mühüm hərbi-siyasi hadisəyə çevrilən Günnüt əməliyyatı zamanı Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olunmuş, ümumilikdə 11 min hektara yaxın ərazi Azərbaycanın nəzarətinə keçmişdir. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza Ermənistandakı avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Əlahiddə Ümumqoşun Ordunun bölmələri növbəti rəşadətlərini Vətən müharibəsində göstərdilər. Müzəffər Ordumuzun Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, xüsusi təyinatlılar, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin məzunları və Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının yetirmələri  böyük şücaətlər göstərərək tarix yazdılar, yeni qəhrəmanlıq nümunələri yaratdılar. Prezident İlham Əliyev ötən il Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bununla bağlı deyib: "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır".

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə Vətən müharibəsindən sonra yaranan yeni çağırışlar əsasında muxtar respublikada ordu quruculuğu sürətlə davam etdirilir, Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər reallaşdırılır. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu bütün vəzifələr Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi və nəzarəti ilə muxtar respublikada sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir.

Təsadüfi deyil ki, Əlahiddə Ümumqoşun Ordu indiki MDB-yə üzv ölkələrin silahlı qüvvələri arasında özünün yüksək döyüş qabiliyyətinə görə fərqlənir. Bu isə respublikamızda həyata keçirilən hərbi quruculuğun ən mükəmməl nümunələrindən biridir. Bütövlükdə, Naxçıvanın  müdafiəsində mətinliklə dayanan Əlahiddə Ümumqoşun Ordu öz missiyasını layiqincə və qətiyyətlə yerinə yetirir.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video