19 May 2023 09:00
1981
SİYASƏT
A- A+

El yurda qayıdır

 

Həsrətin vüsala çevrildiyi növbəti ünvan Laçın olacaq

 

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə başladılan yenidənqurma və bərpa işləri sürətlə davam edir. Xatırladaq ki, ölkə rəhbəri müharibədən ötən qısa müddətdə keçmiş məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirmişdir.
Üç ilə yaxın müddətdə Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərlə bağlı imzaladığı sərəncamlar, görüləcək işlərə ayrılan vəsaitlər də göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, dirçəlişi, vətəndaşların bu ərazilərə tezliklə köçürülməsi dövlət siyasətinin prioritet istiqamətidir.

 

Böyük qayıdışın ilk mərhələsi

 

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Böyük Qayıdışı dair dövlət proqramı da bu xüsusda mühüm rol oynayır. Proqram bərpa prosesinin daha da sürətlənməsinə və Böyük qayıdışın daha tez tam şəkildə həyata keçirilməsinə şərait yaradır.
Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzurda infrastruktur, sosial inkişaf, iqtisadiyyatın yenidən qurulması, ətraf mühitin tarazlı inkişafı istiqamətində tədbirlər görülür. Dövlət proqramının əsas məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasının müəyyən edilməsidir.
Beləliklə, sürətli quruculuq işləri sayəsində ötən il iyulun 19-da Böyük qayıdışın ilk mərhələsi Şərqi Zəngəzurla  başladı. İyulun 19-25-də dörd köç karvanı ilə 41 ailə - 201 nəfər Ağalıya yola salındı. 
Ağalı kəndinə köç son olaraq bu ilin martın 3-də baş tutdu. Belə ki, Abşeron rayonunun Masazır kəndindən sayca səkkizinci köç karvanı yola salındı. Ümumilikdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 10 ailə - 44 nəfər doğma yurdlarına köçürüldü.
Köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var idi. 
Bu köçürülmə ilə kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olundu. Bununla da Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin üçüncü mərhələsi yekunlaşdı. Ağalıya köçün dörd mərhələdə həyata keçirilməsi planlaşdırılıb.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydalar, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılır.
Xatırladaq ki,  "ağıllı kənd" konsepsiyası əsasında qurulan Ağalıda layihənin əsas prioritetlərinə əsasən, göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyin, səmərəliliyin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması təmin edilib. Kənddə enerjiyə olan tələbat alternativ enerji mənbələri hesabına əldə olunur. Ümumiyyətlə, orada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. 
Bundan sonra Böyük qayıdışın növbəti ünvanı Qarabağ oldu. Tərtərin Talış kəndinə bu il martın 16-da ilk köç baş tutdu. İlkin mərhələdə 20 məcburi köçkün ailəsi Talışa köçürüldü. 30 il ərzində Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 90 nəfər uzun illərdən sonra doğma torpaqlarına ayaq basdılar. Talışa köçürülmə növbəti mərhələlərdə davam edəcək.

 

2023-cü il minlərlə laçınlı üçün unudulmaz ilə çevriləcək

 

Həm Ağalıya, həm də Talışa köçürülən, uzun illər doğma yurda həsrət qalan kənd sakinlərinin həyəcanı, sevinci gözyaşlarına çevrildi. Kiçiyindən tutmuş böyüyünə qədər hər kəs Müzəffər Ali Baş Komandana, ordumuza minnətdarlıqlarını dönə-dönə ifadə etdi. Qocalarımız "ölmədən bu günü də gördüm" deyə şükür edərkən uşaqlar, gənclər daim nənə-babalarından, ata-analarından nağıl kimi dinlədikləri doğma obaya gəlmələrinin sevincini yaşadılar. 
İki kəndə köç edən sakinlərdən sonra növbəti müjdəli xəbəri laçınlılar aldı. Prezident İlham Əliyev  yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu il laçınlıların da el-obalarına qayıdacağını xəbər verdi. Dövlət başçımız qeyd etdi ki, Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir: "...və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik".
Mart ayında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunması münasibətilə Məsim Məmmədovu qəbul edən ölkə rəhbəri görüş zamanı da Laçına qayıdışla bağlı məsələlərə toxundu. Dövlət başçısı bildirdi ki, artıq iki ildən çoxdur Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb: "Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklə üzləşmişik. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa etdik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəlində hava limanı istismara veriləcək". 
Qeyd edək ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. İşlərin ilin sonuna kimi yekunlaşması gözlənilir. Bununla da 2023-cü il minlərlə laçınlı üçün unudulmaz ilə çevriləcək. Onlar öz doğma diyarlarına qayıdacaqlar. 
Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.  Eyni zamanda birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 sakinin yerləşməsi nəzərdə tutulur. Ümumilikdə, bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş məcburi köçkün yerləşəcək. Beləliklə, bu il daha bir rayonumuz öz əzəli sakinlərinə qucaq açacaq. Laçınlıların da 30 illik vətən həsrətinə son qoyulacaq. 
Nəinki Ağalı, Talış, Laçın, digər bütün şəhər və kəndlərimiz də sürətlə yenidən qurulur və bərpa edilir. Çox keçməz ki, digər keçmiş məcburi köçkünlərimizin də həsrəti sona çatar. Ən əsası onlar bilirlər ki, torpaqlarımız artıq düşmən tapdağından qurtulub, həmin yerlərdə böyük quruculuq işləri gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, orada gedən yenidənqurma və bərpa işləri ilə yerində tanış olması, yeni obyektlərin, müəssisələrin təməlini qoyması, müxtəlif açılış mərasimlərində iştirak etməsi də bunun əyani sübutudur. Dövlət başçımızın may ayında Qarabağ və Şərqi Zəngəzurdakı 10 günü də bu baxımdan çox mühümdür. Bu səfərində də ölkə rəhbəri işğaldan azad olmuş rayonlara gedərək bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdi. Bütün görülən işlər bir daha göstərir ki, həmin ərazilərin bərpası və Böyük qayıdışın tam reallaşması dövlətimizin prioritet istiqamətidir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video