Prezident İlham Əliyev tərəfindən ötən il
əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar
tarixi əhəmiyyət daşıyır. Çünki bu sahə ilə bağlı imzalanan fərman və sərəncamlar
4 milyondan çox insanın həyat şəraitinin yaxşılaşmasına xidmət edib. Həmin qərarlar
əhatə dairəsinə görə də çox genişdir. Belə ki, minimum pensiyaların, minimum əməkhaqqının,
müavinət və təqaüdlərin artırılması ölkə əhalisinin yarısına qədərinin sosial rifahının
yüksəlməsinə səbəb oldu.
Keçən il vətəndaşların sosial rifahının yaxşılaşması
üçün iki sosial paketin qəbulu mühüm hadisə idi. Həmin sənədlərə əsasən, minimum
əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırıldı. Bunun sayəsində
dövlət sektorunda çalışanların əməkhaqqı 20-100 faiz artdı. Minimum əməkhaqqının
və dövlət sektorunda əməkhaqqının artımı 1 milyon 350 min nəfəri (o cümlədən dövlət
sektoru üzrə 1 milyon, özəl sektor üzrə 350 min nəfəri) əhatə etdi.
Əhalinin pensiya təminatında da mühüm işlər
görüldü. Minimum pensiya 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırıldı, həmçinin
əməkhaqqı artımı xüsusi şərtlərlə təyin olunan pensiyalarda (hərbçilərin, dövlət
qulluqçularının və başqalarının pensiyalarında) 31 faiz artım təmin edildi. Beləliklə,
ümumilikdə hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını
əhatə etdi. Nəticədə Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi
üzrə MDB ölkələri arasında birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti
indeksi üzrə ikinci yerə yüksəldi.
Bununla yanaşı, sosial müavinət və təqaüdlər
orta hesabla 100 faiz artırılıb. Həmin artım həssas qrupdan olan vətəndaşlardan
ibarət 600 min insanı, o cümlədən 300 minə qədər əlilliyi olan şəxsi əhatə edib.
Yeni təqaüd növləri - sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi
olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü
təsis edildi. Eyni zamanda məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri
ciddi şəkildə artırıldı, 800 min insanın problemli kreditlə bağlı olan narahatlığına
son qoyuldu.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına
həsr olunmuş müşavirədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində
görülən işləri yüksək dəyərləndirərək demişdir: "Keçən il aparılmış islahatlar nəticəsində
biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən
keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait
sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi sözümüzün
üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının
yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.
Beləliklə, pensiyalarda ciddi artım sayəsində
ötən il Azərbaycanda pensiyaların orta aylıq məbləği 15, o cümlədən yaşa görə pensiyaların
orta aylıq məbləği 15, əlilliyə görə pensiyaların orta aylıq məbləği 22 faiz artıb.
Eləcə də Median pensiya məbləğində 54 faiz artım müşahidə edilib.
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana
təcavüzünün qarşısını alarkən əlil olan insanların və şəhid ailələrinin sosial rifahının
yaxşılaşdırılmasına dövlət xüsusi diqqət göstərir. Ölkəmizin ərazi bütövlüyünün,
müstəqilliyinin və Konstitutusiya quruluşunun müdafiəsi uğrunda döyüşdə şəhid olan
insanların ailələrinin və əlilliyi olan şəxslərin mənzillə təminatı, həmçinin müharibə
əlillərinə minik avtomobillərinin verilməsi ənənə halını alıb. Bunun təməli Ümummilli
Lider Heydər Əliyev tərəfindən hələ ötən əsrin 90-cı illərində qoyulub. Prezident
İlham Əliyev də bu kateqoriyadan olan insanların problemlərinə həssaslıqla yanaşır,
onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün operativ qərarlar qəbul edir.
Prezident İlham Əliyevin qayğısı sayəsində
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə
və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla
626 mənzil təqdim edilibsə, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi
ev verildi. Beləliklə, nazirlik tərəfindən indiyədək şəhid ailələrinə və müharibə
əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. Bu kateqoriyadan olan
insanlara göstərilən qayğı cari ildə də davam edəcək. Dövlət başçısının birbaşa
tapşırığı ilə bu il şəhid ailələrinə və müharibə əlillərinə ən azı 1500 mənzil və
fərdi evin verilməsi nəzərdə tutulub.
Müharibə əlilləri və onlara bərabər tutulanların
dövlət tərəfindən minik avtomobilləri ilə təminatı sahəsində xeyli işlər görülüb.
2018-ci ildə bu kateqoriyadan
olan insanlara 265 avtomobil verildiyi halda, 2019-cu ildə 600 avtomobil verilib.
Ümumilikdə, nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə
indiyədək 6750 minik avtomobili verilib.
Prezident
İlham Əliyevin 2018-ci il 19 aprel tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına
əsasən, şəhidlərimizin vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) ilə təminatı
sahəsində mühüm addımlar atıldı.
Aparılan araşdırmalar
nəticəsində məlum oldu ki, şəhid hərbi qulluqçuların və daxili işlər orqanları ənəkdaşlarının
sayı 12268 nəfərdir və onların vərəsələrinə birdəfəlik ödəmə verildi. Beləliklə,
onlardan 12 minədək şəhidin 18 minədək vərəsəsinə nazirlik tərəfindən birdəfəlik
ödəmə həyata keçirildi. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının
icra səviyyəsi 98 faizə çatıb. Qalan şəhidlərin vərəsələri tərəfindən də notarial
qaydada sənədlər nazirliyə təqdim edildikcə onlara da birdəfəlik ödənişlərin verilməsi
təmin ediləcək.
Ölkə rəhbərinin
9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində yaradılaraq ötən ilin may ayında fəaliyyətə başlayan Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyi (DOST Agentliyi) və agentliyin 1 saylı Bakı DOST mərkəzi
sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların bir təzahürü olmaqla
keçən il sosial sahədə atılan uğurlu addımlardan biridir. Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin
innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması
ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
Prezident
İlham Əliyev DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimindəki
çıxışında bu yeni sahənin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Bizim
siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya,
korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə
cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını
əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar,
gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Mərkəzdə əmək,
məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növ xidmət təqdim edilir. Bura
"Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi
ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə
məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji,
sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də daxildir.
Beləliklə, vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”dən faydalanmalarına
imkan yaradılıb.
Ötən ilin
8 ayında 1 saylı Bakı DOST Mərkəzində 65 minə yaxın vətəndaş qəbul edilib. Gün ərzində
təxminən 400-dək vətəndaşın müraciət etdiyi və xidmətlərdən faydalandığı mərkəzdə
xidmətlərin vətəndaş məmnunluğunun səviyyəsi 95,2 faiz təşkil edir.
DOST Agentliyi
keçən ilin dekabrın 3-6-da keçirilən "Bakutel-2019” - XXV Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində də uğurla iştirak
edib və sərginin "Ən yaxşı debüt'' sertifikatına layiq görülüb. 1 saylı Bakı DOST
Mərkəzi sərgidə vətəndaşlara harada qeydiyyatda
olmalarından asılı olmayaraq xidmətlər təqdim edib, sərgi zamanı 100-dən çox vətəndaş
bu xidmətlərdən faydalanıb. Həmçinin "e-arayış”
xidmətləri vasitəsilə vətəndaşlar elə oradaca real vaxt rejimində arayışlar əldə
ediblər.
Keçən il dekabrın
24-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda 2 saylı
Bakı DOST Mərkəzinin (Xəzər, Pirallahı) açılışı olub. Həmin mərkəz gün ərzində
250-300 vətəndaşı qəbul edir.
DOST Agentliyi
"Könüllü DOST” proqramı ilə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm
rol oynayır. "Könüllü DOST” proqramı üzrə 3 altproqram "Gənc DOST”, "Gümüşü DOST”
(pensiyaçılar üçün) və "Virtual DOST” altproqramları icra olunur. Könüllülük fəaliyyətinə,
o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi
kimi, "Könüllü DOST” proqramına indiyədək 6900-dək müraciət olunub və ötən dövrdə
bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib. "Könüllü DOST” proqramı
məzunlarından 17 nəfəri 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşı kimi fəaliyyətini
davam etdirir.
2019-2025-ci
illərdə Bakıda və bölgələrdə 31 DOST mərkəzinin yaradılması, o cümlədən DOST mərkəzləri
şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində 2020-ci ildə Bakıda daha 2 DOST
mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında
DOST mərkəzlərinin yaradılması üçün işlər aparılır.
Ölkəmizə səfərə
gələn mötəbər beynəlxalq qurumların nümayəndə heyətləri, eləcə də diplomatik korpus
nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST
Agentliyi və 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olub DOST layihəsinin uğurlu bir
yenilik, innovativ təcrübə olduğunu bildiriblər.
Dövlət əlilliyi
olan şəxslərin reabilitasiyasını da diqqət mərkəzində saxlayır. Çünki cəmiyyətdən
təcrid olunan insanlar bu yolla yenidən cəmiyyətə qaytarılıb təzədən əmək fəaliyyəti ilə məşğul olurlar. Ötən
il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10457 nəfər
əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya
xidmətləri göstərilib. Onlardan 8101-i stasionar, qalanları ambulator şəraitdə bərpa
xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik
müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.
Keçən il nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi 9682 nəfər əlilliyi
olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1069 nəfəri ölkəmizin
ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlilliyi olan şəxslərdir. Həmçinin qeyd olunan dövrdə mərkəz tərəfindən əlilliyi
olan şəxslərə 38041 reabilitasiya vasitəsi (2052 əlil arabası, 1732 protez, 1386
ortez, 9395 müxtəlif reabilitasiya vasitəsi, 554 korset, 2830 cüt protez ayaqqabı,
4192 cüt ortopedik ayaqqabı, 518 dördayaqlı dayaq vasitəsi, 3203 qoltuqaltı və dirsəkaltı
ağac, 2693 əsa, 678 eşitmə aparatı və s.)
verilib, 745 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib. Eyni
zamanda vətəndaşların bu xidmətdən asan şəkildə istifadə etməsi üçün zəruri tədbirlər
görülür. Belə ki, ötən il mərkəz tərəfindən səyyar xidmət olaraq 1124 nəfər əlilliyi
olan şəxsə 4821 reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlara aparılaraq
təqdim edilib.
Dövlət başçısının
tapşırıqları əsasında ötən il reabilitasiya və sosial xidmət infrastrukturunun müasir
tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. Bu məqsədlə keçən
il Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri,
Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara
Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Hazırda Sumqayıt,
Şəki, Şirvan, Xaçmaz, Lənkəran regional bərpa mərkəzlərində, Şağan Əlilliyi olan
şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı Psixonevroloji sosial xidmət
müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Yaxın aylarda onlardan
bir hissəsi, həmçinin Qobustan rayonunda inşa edilən penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək.
Ötən il Gəncə
şəhərində Peşə Hazırlığı Mərkəzi də istifadəyə verilib. Bununla yanaşı, dövlət başçısının
tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi işlərinə
də başlanılıb. 2020-ci ildə ayrı-ayrı bölgələrdə uşaq bərpa mərkəzlərinin tikintisinə
başlanması da nəzərdə tutulub. Keçən ildən davam edən işlərin sayəsində bu il daha
10 reabilitasiya mərkəzinin və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi
planlaşdırılır.
Dövlət başçısının
"Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”
2 dekabr 2019-cu il tarixli Sərəncamı da mühüm önəm kəsb edir. Belə ki, sərəncamla
bir sıra sosial təyinatlı obyektlərin, o cümlədən reabilitasiya müəssisələrinin
layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və
avadanlıqlarla təchizatı işlərinin genişlənməsinə şərait yaradır. Bunun üçün 20
milyon 19 min 100 manat vəsait ayrılıb.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq
İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu kateqoriyadan
olan gənclər peşə hazırlığına cəlb edilirlər. Keçən il 227 gənc mərkəzə qəbul olunub.
2018-ci ildən təlimi davam etdirən 78 nəfər də daxil olmaqla il ərzində 305 nəfər
peşə reabilitasiya kursunda olub. Gənclər burada dövlət hesabına yataqxana, yemək,
tibbi-fizioterapevtik xidmətlə də təmin ediliblər.
Əhaliyə göstərilən
sosial xidmətlər daim təkmilləşdirilir. Məqsəd bu xidmətlərdən istifadənin asanlaşdırılmasıdır.
Nazirliyin sosial xidmət müəssisələrində müvafiq kateqoriyalardan olan şəxslərdən
ibarət 1100 nəfərə stasionar şəraitdə reabilitasiyayönümlü
sosial xidmətlər göstərilib. Onlardan 9800 nəfəri - tənha ahıl və əlilliyi olan
şəxslər evlərində bu xidmət növündən faydalanıb.
Prezident
İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən
sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun
2019-cu il tarixli Sərəncamının icrası sayəsində nazirliyin sosial sifarişləri əsasında
uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb.
Hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 10 minədək şəxsə
reabilitasiyayönümlü sosial xidmətlər göstərilir. Ümumilikdə, ötən il stasionar,
yarımstasionar və evdə xidmət formasında 20 mindən çox insan sosial xidmətlə təmin
edilib.
Həyata keçirilən
sosial siyasətin əsas məqsədi ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına qayğı
göstərməkdir. Ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsədi də bu amala
xidmət etməkdir. Keçən il ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi
70 faizə qədər genişlənib və 72 min aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı
ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 209 manatdır. Ünvanlı dövlət
sosial yardımı ödənilən ailələrin üzvlərinin 55 faizə yaxını uşaqlardır. Cari ildə
bu proqramın daha da genişləndirilməsi təmin olunacaq.
"Aztəminatlı
ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli sərəncam
dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına
qayğısının daha bir təzahürüdür. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin
hər birinə 100 manat məbləğində birdəfəlik yardım göstərilib.
Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublika üzrə ünvanlı dövlət sosial
yardımı alan ailələrə bayram sovqatları paylanılmışdır.
"Azərbaycan
Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu ilə ünvanlı
dövlət sosial yardımının təyin edilməsi məqsədilə bu il üçün ehtiyac meyarının həddinin
160 manata çatdırılması aztəminatlı ailələrə göstərilən qayğının nəticəsidir. Belə
ki, 2006-cı ildən (ÜDSY tətbiq olunduğu ildən) ötən dövrdə ölkəmizdə ehtiyac meyarının
həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial
müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edir.
Məlumdur ki,
sosial müdafiənin ən yaxşı forması əhalinin işlə təminatının yüksək səviyyəyə çatdırılmasıdır.
İşləyən, yüksək əməkhaqqı alan vətəndaşın sosial yardıma ehtiyacı qalmır. Odur ki,
dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri də
əhalinin məşğulluğunun təmin edilməsidir.
Ötən il Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən
həyata keçirilən tədbirlər nəticəsində 103028 şəxs münasib işlə təmin edilib,
3168 şəxs peşə hazırlığı kurslarına cəlb olunub, 135 minə yaxın vətəndaşa peşəyönümü
məsləhət xidməti göstərilib.
Dövlət Məşğulluq
Xidmətinin Bakı və Göyçay şəhərlərindəki regional peşə təhsili mərkəzləri fəaliyyət
göstərir. Keçən ilin dekabr ayında Gəncə Peşə Hazırlığı Mərkəzi də istifadəyə verilib.
Həmin mərkəzdə ilk mərhələdə 60 peşə üzrə il ərzində 900 nəfərədək şəxsin peşə hazırlığı
həyata keçiriləcək. Bununla yanaşı, "2019-2030-cu illər üçün Məşğulluq Strategiyası”nda
hədəflər sırasında 2019-2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi
mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulub.
2019-cu ildə
56 rayon və şəhərdə mütəmadi olaraq əmək yarmarkaları da keçirilib. Bu yarmarkalarda
1324 müəssisə iştirak edib və 15183 vakant iş yeri təqdim edilib. 3411 nəfərə münasib
iş yerlərinə göndəriş verilib, 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı
aparılıb, 311 nəfər istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.
Dövlət başçısının
tapşırığı ilə 2019-cu ilin əvvəlindən "İşsizin DOSTu” proqramı çərçivəsində 38 min
ödənişli ictimai iş yeri yaradılıb. Məşğulluq mərkəzlərində qeydiyyatda olan, əsasən
həssas qruplardan olan 47 min işsiz və işaxtaran şəxsin "İşsizin DOSTu” proqramı
çərçivəsində yaradılmış iş yerlərində haqqı ödənilən işlərlə təminatı həyata keçirilib.
Belə iş yerləri ilkin peşə hazırlığı olmasını tələb etməyən ictimai faydalı xarakter
daşıyır. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma,
ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara,
ictimai yerlərə qulluq və s. daxildir.
"İşsizin DOSTu”
proqramı çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi
bağlanıb. Bu əmək müqavilələri nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemində
qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Belə hal həmin şəxslərin sosial sığorta
sistemində qeydiyyata alınmaqla gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas
yaradır, yaxud mövcud fərdi hesablarında
pensiya kapitallarını artırmalarına imkan verir. Cari ildə də ictimai işlər proqramı davam etdiriləcək.
Özünüməşğulluq
proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib
və 7267 nəfər özünüməşğulluğa cəlb edilərək onlara verilmiş aktivlər hesabına ailə
təsərrüfatlarını yaradıblar. Ötən il isə özünüməşğulluq proqramına 10354 nəfər cəlb
edilib və müvafiq təlimləri başa vuraraq biznes planlarını uğurla müdafiə ediblər.
Onlardan 9 min nəfəri mal və materiallar formasında öz aktivlərini alaraq ailə təsərrüfatlarını
yaradıb. Hazırda aktivlərin paylanma prosesi davam edir, cari il yanvarın sonuna
qədər qalanları da aktivlərlə təmin olunacaq.
Özünüməşğulluq
proqramında həssas əhali qruplarına üstünlük verilir. Keçən il bu proqrama cəlb
edilənlərdən 2373-ü əlilliyi olan şəxslər, 1860-ı məcburi köçkünlər, 479-u ünvanlı
sosial yardım alanlar, 257-si şəhid ailəsi üzvləri, 134-ü cəzaçəkmə müəssisəsindən
azad edilənlərdir.
Ölkəmizdə
həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən
yüksək qiymətin növbəti göstəricisi isə keçən ilin mayında Beynəlxalq Sosial Təminat
Assosiasiyasının (BSTA) növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakıda
keçirilməsidir. Ölkəmizin evsahibliyi etdiyi forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən
140-dan çox nümayəndə iştirak edib.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin sosial-iqtisadi layihələrin icrasında elektron texnologiyalara
geniş yer verilməsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunun təzahürü
kimi BSTA tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem, əlilliyin
qiymətləndirilməsi üzrə elektron sistem, özünüməşğulluq proqramı və qeyri-rəsmi
məşğulluğun qarşısının alınması layihələri uğurlu təcrübə nümunələri kimi müsbət
dəyərləndirilərək mükafatlara layiq görülüb.
Ötən il sosial
müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və sadələşdirilməsi, sosial
təminat sistemində ədalətlilik prinsipinin gücləndirilməsi, həssas qruplardan olan
vətəndaşlarla bağlı humanist yanaşmanın daha
dolğun tətbiqi, eləcə də müvafiq uyğunlaşdırmanın aparılması sahəsində də addımlar
atılıb.
Prezident
İlham Əliyevin 2019-cu il dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə xidmət etməklə
yanaşı, sosial təminat sisteminin təkmilləşdirilməsində də növbəti addımdır. Bu
qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında
uyğunsuzluq 2020-ci il yanvarın 1-dən aradan qaldırılıb, hər iki sosial təminat
növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.
Əgər bu ilin
əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnu
62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya
hüququ yaranan yaş həddi ilə eyniləşdirilib. Beləliklə, 2020-ci il yanvarın 1-dən
qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi
64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa
görə müavinət hüququ qazanıblar.
Yaşa görə
müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron
qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma
müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmır. Vətəndaşa elektron
qaydada müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək.
SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı
Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən
əldə edə bilər. Bundan sonra şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan
kartı ala bilər.
Yeni qanunvericiliyə
görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq
üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Belə ki, beş uşaq doğub onları səkkiz
yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ
yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda
bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.
Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa
görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.
Ailə başçısını
itirmiş ailəyə ailə başçısını itirməyə görə pensiya və ya müavinətdən daha yüksək
məbləğdə olanını seçmək hüququnun verilməsini nəzərdə tutan qanunvericilik layihəsi hazırlanaraq qəbul edilib
və cari ilin əvvəlindən qüvvəyə minib.
Ailə başçısını
itirmiş sağlamlıq imkanları məhdud uşaqlara hüququ çatan iki müavinət növündən
(ailə başçısını itirməyə görə müavinət və sağlamlıq imkanları məhdudluğuna görə
müavinət) yalnız birini seçə bilməsi kimi məhdudiyyətin aradan qaldırılmasını, onların
hər iki müavinəti ala bilmək hüququna malik olmalarını nəzərdə tutan qanunvericilik
layihəsi hazırlanaraq qəbul edilib və ilin əvvəlindən qüvvəyə minib.
Rüstəm KAMAL,
"Azərbaycan”