2020-ci ildə “dəmir yumruq” işğalçı Ermənistanı qarşısında diz çökdürərək ədaləti bərpa etdi
2020-ci ilin sentyabr ayı Azərbaycanın müasir dövlətçilik tarixində ən məsuliyyətli və taleyüklü mərhələlərdən biri kimi yadda qaldı. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli üçün Bakı nə qədər təmkin və konstruktiv mövqe nümayiş etdirsə də, İrəvanın ardıcıl hərbi-siyasi təxribatları bölgədə müharibəni qaçılmaz etdi.
Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 25-də - Vətən müharibəsindən iki gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə o zamankı xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirdiyi “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”, xəbərdarlığı, əslində, müharibənin astanasında duran regionun real mənzərəsini və Azərbaycanın dəmir iradəsini nümayiş etdirən tarixi bəyanat idi.
Bəli, Azərbaycan sülh istəyirdi, lakin düşmənin hərbi hazırlıqlarına qarşı qətiyyətli xəbərdarlıq edir və baş verəcəklərə cavabdeh olmadığını dünyaya bildirirdi.
Diplomatik səbrin sonu
Münaqişə başlanan ilk gündən Azərbaycan beynəlxalq hüquq çərçivəsində sülhün və ədalətin bərpa olunmasının tərəfdarı kimi çıxış edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Azərbaycan onilliklər boyunca ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiqlik göstərərək, məsələnin qan tökülmədən həllinə çalışdı. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarda videoformatda çıxışında bu sadiqliyi xüsusi vurğulamışdı: “Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir... ... BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”
Lakin beynəlxalq vasitəçilərin seyrçi mövqeyi və BMT qətnamələrinin kağız üzərində qalması Ermənistanda cəzasızlıq sindromu formalaşdırmışdı. İrəvan danışıqlar prosesini uzatmaqla Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək yolunu seçmişdi.
2018-ci ildə Ermənistanda hakimiyyətə gələn yeni rəhbərlik də sülh prosesinə dalbadal ağır zərbələr vurdu. Siyasi məsuliyyətsizlik, populizm və hərbi ritorikanın artması danışıqları tamamilə dayandırdı. Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı isə faktiki olaraq müharibənin fitilini alovlandırdı.
Eyni zamanda siyasi təxribatlarla yanaşı, Ermənistan Azərbaycana qarşı hərbi və mülki cinayətlər törədirdi. Livan və digər ölkələrdən gətirilən ermənilərin işğal altındakı ərazilərə yerləşdirilməsi 1949-cu il Cenevrə Konvensiyasının və beynəlxalq hüququn kobud pozuntusu idi.
Digər tərəfdən Qarabağ və Şərqi Zəngəzurdakı qızıl və digər faydalı qazıntı yataqları xarici şirkətlər cəlb edilməklə qanunsuz istismar olunurdu. Azərbaycanın mülki əhalisi hədəf alınmışdı. Təmas xəttində müntəzəm atəşkəs pozulur, dinc sakinlərin qətli davam edirdi. 2020-ci ilin avqustunda göndərilən erməni diversiya qrupunun başçısının yaxalanması və terror aktları planlaşdırdığını etiraf etməsi İrəvanın təcavüzkar siyasətini bir daha üzə çıxardı.
Üstəlik Ermənistanın müdafiə nazirinin ABŞ-də olarkən səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikirləri, İrəvanın Mingəçevir su anbarı, Səngəçal terminalı kimi strateji obyektləri vurmaq hədələri vəziyyəti son həddə çatdırdı.
2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasından kənarda - Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya zərbələri endirməklə başlatdığı hərbi təxribat nəticəsində hərbi qulluqçular arasında itkilər oldu və bir mülki şəxs öldürüldü.
Həmin vaxt Azərbaycan Ordusu bu təxribatın qarşısını qətiyyətlə aldı. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Məğlubiyyətini həzm edə bilməyən İrəvan iyul döyüşlərindən sonra ölkəmizə qarşı genişmiqyaslı hücuma hazırlaşdı.
Müharibənin astanasında
Həmin dövrdə Prezident İlham Əliyev baş verənlərin gözlənilən ağır nəticələri barədə dünya ictimaiyyətini açıq şəkildə məlumatlandırdı. BMT-nin 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında dövlətimizin başçısı beynəlxalq birliyi Ermənistanı çəkindirməyə çağırdı: “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.
Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Bu xəbərdarlıqdan cəmi bir gün sonra - 2020-ci il sentyabrın 25-də Toivo Klaarla görüşdə Prezident diplomatiyanın tükəndiyini və kəşfiyyat məlumatlarına əsasən düşmənin hücuma keçəcəyi təqdirdə cavabın amansız olacağını bəyan etdi.
Ancaq xarici havadarlarına güvənərək Bakının xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan 2020-ci il sentyabrın 27-də genişmiqyaslı növbəti hərbi təcavüzə əl atdı. Lakin bu dəfə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq özünümüdafiə hüququnu tətbiq etdi və əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Bununla da “dəmir yumruq” işğalçını peşman etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdi, ərazi bütövlüyünü tam təmin etdi.
Prezident İlham Əliyevin 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasındakı tarixi çıxışında vurğuladığı kimi: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.
Azərbaycan sübut etdi ki, sülhün ən sadiq tərəfdarı olduğu kimi, öz suverenliyini, torpaqlarını və mülki əhalisini qorumaq iqtidarında olan qüdrətli dövlətdir. İrəvanın 30 il boyu sürdürdüyü işğal siyasəti özünə baha başa gəldi və Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda yeni sülh reallığı yarandı.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”