Bu il Azərbaycanda "Nəsimi ili”dir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev İmadəddin Nəsiminin anadan olmasının
650 illik yubileyi münasibətilə imzaladığı müvafiq fərmanla xalqımızın, dövlətimizin
bu böyük şairinin irsinə ehtiramını ifadə edib. Bu tarixi qərarda cəmiyyətimizin
Nəsimi şəxsiyyətinə münasibəti ifadə olunub. Onun düşüncə mirasına intəhasız sevgi
öz əksini tapıb.
Ondan əvvəl və ondan sonra yaşayıb-yaratmış
bütün fikir adamlarımız kimi, Nəsiminin də Azərbaycan xalqına və ümumən bəşəriyyətə
mənəvi əmanətləri çoxdur. Bu gün danışdığımız saf, inci kimi cilalı, şirin ana dilimiz
onun əmanətlərindəndir. Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiqliyi, yüksək
humanizmi, tolerantlıq ənənələri, istiqlal ideyalarına bağlılığı, milli dövlətçiliyimizə
sadiqliyi Nəsimi kimi dühalarımızın nurundan irəli gəlir. 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunması adi
bir hadisə deyil. İctimai fikir tariximizdə müəyyən rolu olmuş hansısa şəxsiyyətin
sadəcə yubileyinin keçirilməsi üçün atılan addım da deyil. Bu, daha çox Nəsimi ideyalarının
aktuallaşdırılmasıdır. Belə mütəfəkkirləri yetirmiş Azərbaycan xalqının nə qədər
böyük xalq olduğunun dünyaya nümayiş etdirilməsidir. Belə bir yanaşma ulu öndər
Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində gördüyü işlərin daha uğurla davamıdır.
Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə o zaman ulu öndər sərhədləri
dünyaya qapalı kiçik bir ölkənin şairinin yubileyinin UNESCO xətti ilə beynəlxalq
miqyasda keçirilməsinə nail olmuşdu. Bakıda şairin möhtəşəm abidəsi ucaldılmış,
adı paytaxtın inzibati rayonlarından birinə verilmişdi. Heydər Əliyevin dəstəyi
ilə çəkilən "Nəsimi” filmi yaxın-uzaq ölkələrə səs salmışdı.
İstiqlal tariximizə,
Azərbaycanda aparılan dövlət quruculuğu proseslərinə nəzər salsaq, Nəsimi ideyalarının
müstəqil dövlətimizin ideoloji-hüquqi əsaslarında nə qədər böyük rol oynadığının
şahidi olarıq.
Məhəbbət və
gözəllik nəğməkarı
İmadəddin
Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi fikrin əsasını qoyan, insana xidmət
edən, məhəbbət və gözəllik nəğməkarıdır. Onun ağıl-hikmət örnəyi olan şeirləri dünyaya
və həyata yeni bədii münasibətin ifadəsidir. Bu şeirləri insan və onun mənəvi əzəməti
haqqında səsləndirilən himnlər də saymaq olar.
İmadəddin
Nəsimi 1369-cu ildə qədim mədəniyyət mərkəzlərimizdən olan Şamaxıda dünyaya gəlmişdir.
Orta əsrlərə aid bəzi qaynaqlarda Nəsiminin Bağdadın Nəsim adında yerində, Türkiyənin
Bursa şəhərində, yaxud Təbrizdə anadan olması ilə bağlı müəyyən qeydlər var. XVI
əsrdə yaşamış Lətifi təxəllüslü təzkirəçi şairin Julidəmu (saçları dağınıq) ləqəbi
ilə tanınan bir qardaşının olduğunu, onun Şah Xəndan adı ilə tanındığını yazır.
Böyük ehtimalla o, Şamaxıda yaşamış və hazırda bu şəhərdəki məşhur "Şaxadan” qəbiristanlığı
da məhz onun adı ilə adlanmışdır. Yada salaq ki, görkəmli Azərbaycan şairi Seyid
Əzim Şirvani ölərkən məhz bu qəbiristanlıqda dəfn olunmasını vəsiyyət etmişdi:
Mən öləndə
Şaxadanda basdırın,
Çünki onun
şahidi-Xəndanı var.
Nəsimi uşaqlıqdan
aşıq-ozan sənətinə böyük sevgi göstərmiş, ustad alim və loğmanlardan dərs alaraq
elmlərə vaqif olmuşdur. Erkən gəncliyindən başlayaraq "Seyid”, "Hüseyn” və "Nəsimi”
təxəllüsləri ilə bir-birindən gözəl şeirlər qoşmuşdur. İlk mərhələdə müxtəlif təxəllüslərlə
yazmasına baxmayaraq, yaradıcılığının sonrakı mərhələlərində ustadı Fəzlullah Nəiminin
təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünə daha çox sadiq qalmışdır. Bunu
özünəməxsus tərzdə şeirin qüdrəti ilə belə ifadə edirdi:
Adımı həqdən
Nəsimi yazaram,
Bil bu mənidən
ki, siməm, ya zərəm?
Bir qəzəlində
isə şair künyəsinin - yəni ya övladının, ya da ona mənən övlad sayılan bir oğlanın
adı ilə Əbülfəzl (Fəzlin atası) olduğunu göstərir.
Çün Nəsiminin
Əbülfəzl oldu haqdan künyəsi,
Cümlə əsmanın
hürufi ayini-əlqabındadır.
O, özünün
də şeirlərində qeyd etdiyi kimi, laməkan şair idi. Həyatı boyu bir sıra ölkələri
gəzib-dolaşaraq öz hürufi ideyalarını yaymağa çalışırdı. Ayrı-ayrı şeirlərindəki
yer adlarına istinadən şairin müxtəlif vaxtlarda Rumda, Bursada, Qaramanda, Bağdadda,
Maraşda, Şam, Misir, Hələb, Şamaxı şəhərlərində yaşadığını güman etmək olar.
"Gərçi bu
gün Nəsimiyəm...”
Öz məsləki
və əqidəsi uğrunda qanı və canı ilə mübarizə aparan Nəsiminin səsi-sorağı Şərqin
müxtəlif şəhərlərindən gəlirdi. Şair bu ölkələrdə çox yaşaya bilmirdi. Çünki davamlı
təqiblərlə üzləşirdi. Onu Azərbaycanda sıxışdırırdılar. O dövrdə Azərbaycanda vəziyyət
çox qarışıq idi. Hələ Nəsiminin gənclik illərində Əmir Teymur İrana və Qafqaza hücuma
keçmişdi. Şirvan hakimi Şeyx İbrahim Teymurdan xilas olmaqdan ötrü onunla sülh bağlayaraq
Şirvan dövlətinin müstəqilliyinə nail ola bilmişdi. Amma çox keçmədi ki, Qızıl Orda
xanı Toxtamış xan Azərbaycana soxulmuş, o, geri çəkilən kimi Teymur yenidən Azərbaycanı
istila etmişdi. Onda Naxçıvan yaxınlığındakı Əlincə qalası Teymur ordusunun mühasirəsində
idi. Qala fasilələrlə 14 il mühasirədə saxlanmışdı. Ordu Azərbaycanın qədim şəhərlərindən
olan Qəbələni də viran qoymuşdu. Teymur Azərbaycanda hakimiyyəti oğlu Miranşaha
tapşırmışdı. Bu dövrdə Azərbaycan xalqı Teymurilərə qarşı fəal müqavimət göstərirdi.
Bu baxımdan dini-siyasi müqavimət hərəkatı olan hürufiliyin yayılması üçün bu torpaqlarda
şərait vardı. Bu hərəkatın banisi və lideri Fəzlullah Nəimi idi. O öz ideyalarını
yaymaqdan ötrü bir çox Şərq ölkələrini gəzib-dolaşırdı.
Nəsiminin
yaşadığı dövrdə Azərbaycan ərazisində Teymurilərə qarşı xalq üsyanlarının ardı-arası
kəsilmirdi. Belə ağır bir dövrdə - 1394-cü ildə Nəsimi Bakıda Fəzlullah Nəimi ilə
görüşür. Onun hürufilik təriqətini qəbul edir. Elə o zamandan da hürufilik ruhunda
şeirlər yazaraq hər yerdə yaymağa çalışır. Siyasi-fəlsəfi ruhlu şeirlərində hürufi
fikirlərini qələmə alaraq cəsarətli, qabaqcıl ideyalar təbliğ edir, ömrünü yollarda,
səfərlərdə keçirir, əzab və işgəncələrlə dolu həyat sürür.
İnsana yeni
münasibət
1394-cü ildə
Miranşah Şeyx İbrahimin fitnəsi ilə Nəimini tutub Əlincə qalasının yaxınlığında
amansızlıqla edam etdirir. Ustadın qətli bütün hürufiləri, o cümlədən Nəsimini çox
sarsıdır. Nəiminin müridləri də böyük təqiblərlə qarşılaşırlar. Nəsimi Azərbaycanı
tərk edərək Anadoluya sığınır. Bir müddət burada yaşayır. Bursada Nizami Gəncəvinin
"Xosrov və Şirin” poemasının türkcəyə tərcüməçisi şair Şeyxi ilə görüşüb yaxınlaşır.
Bektaşilik təriqətinin başçısı Hacı Vəli Bektaşi az bir zamanda Anadoluda sevilib
səsi-sorağı dillərə düşən Nəsiminin nüfuzundan çəkinib onu qəbul etməkdən ehtiyatlanır.
Ancaq ziyalılar Nəsimi şeirindən, onun işıqlı sözlərindən ilham alırlar. Bursada
Nəsiminin pərəstişkarları gündən-günə artır. I Sultan Muradın zamanında Bursa və
Anadoluda hürufilər ciddi şəkildə cəzalandırılırdılar. Ona görə də Nəsimi bu ərazilərdə
çox qala bilmir. O, təqiblərdən yaxa qurtarmaq üçün ömrünün son illərində Hələb
şəhərinə gəlir və 1417-ci ildə burada edam edilir.
Şəhər hakimlərinin
bu zülmkar qərarına səbəb Nəsimi sözünün qüdrəti, insanların qəlbinə asanlıqla yol
tapması idi. Nəsimi burada ustadı Nəimidən də böyük səs salmışdı. Onun təriqət yolunu
davam etdirənlərin sayı çoxalmışdı. Demək olar ki, heç kimin etmədiyini o etmişdi.
Nəsimi olmasaydı, hürufilik sönüb bitərdi. Onun şeirləri xalq arasında xüsusi hava,
gözəl bir ahənglə oxunurdu. Nəsiminin şeirləri gözəl bədii üslubu ilə dinləyicilərin
qəlbini ovsunlayırdı.
Nəsimidən
danışan o dövrün bütün müəllifləri onu eşq fədaisi, igid, qorxmaz, mübariz bir şair-mütəfəkkir
kimi səciyyələndirirlər. Onun sufi-hürufi məclislərində xüsusi hava ilə oxunan şeirləri
öz ahəngdarlığı, bədii-poetik və şəkli xüsusiyyətlərinə görə aşıq şeiri formalarını
xatırladır. Amma ilahi və nəfəsləri xalq şeiri şəkillərindən seçilir. Onlar bədii-fəlsəfi
qayəsi və məzmununa görə bir-birindən fərqlənir.
Azərbaycan
poeziyası tarixində İmadəddin Nəsimi siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsi
sayılır. Onun əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Fikir, mühakimə
hissə, duyğuya üstün gəlir. Şair insana yeni münasibət bəsləyir. Cəmiyyətdə ictimai
ədalət və həqiqət axtarır. İnsanı öz ağlı və kamalı ilə uca məqamda görmək istəyir.
Nəsiminin bütün şeirləri insan və onun gözəlliyi, səadəti haqqında yazılmış nəğmələrdir.
Öz yaradıcılığını xalqın taleyi və azadlıq arzuları ilə bağladığına görə onun şeirləri
yeni ruhu və nəfəsi ilə bənzərsizdir.
Zərrədə günəş
Nəsimi yaradıcılığının
ilk çağlarından sufilik görüşlərini şeirə gətirmişdi. Sifizm təriqətində əksini
tapan bir sıra əqli-mənəvi və fəlsəfi düşüncələr onun diqqətini cəlb edirdi. Nəsimidən
çox-çox əvvəllər və onun yaşadığı dövrdə sufizm geniş ərazidə yayılmışdı. Feodal
ideologiyasına qarşı duran bir inam və etiqad fəlsəfəsi kimi ayrı-ayrı zümrələri
əhatə etmişdi. Mənəvi saflıq, səfa və tək varlıq mənası daşıyan sufi istilahları
və başqa terminlər geniş yayılırdı.
Sufi-panteist
şeirlərində Nəsimi ali bir eşqi tərənnüm edərək İnsan-Allah anlayışlarını irəli
sürür, zərrədə günəş axtararaq varlığın bir vücudun vəhdətindən yarandığını söyləyir.
Şairin lirik qəhrəmanı da mütəfəkkir və arif aşiqdir. Yüksək bir eşq onu kamala
çatdırır. Həyat yoluna işıq saçaraq öz yaradıcısı ilə qovuşdurur. Bu aşiq özünü
bütün qüsurlardan, keçici meyillərdən təmizlədiyinə görə ruhən və mənən əlçatmaz
zirvələrə yüksəlir, nəhayət, həyat faciəsi və kədərindən qurtulur. Nəsimiyə görə,
belə insanın məşhir sufi alimi Həllac Mənsur kimi (X əsr) "ənəlhəq” (mən haqqam)
deməyə tam haqqı var. Həyatda ən böyük həqiqət də, yaradıcı da, əsrarəngiz sirlər
mənbəyi də elə insandır. Buna görə də şair bu qadir insanı öz olum və ölüm yolunu eşq günəşi ilə işıqlandırmağa səsləyir.
Məhəbbəti vasitəsilə həqiqəti tapacağına inanır.
Nəsimi şeirində
aşiq haqqı tapmış bir insandır. Dərin düşüncələrdən sonra o, haqqı, ideyanı kənarda
deyil, özündə axtarıb tapır. Haqqın göylərdə deyil, özündə olduğunu dərk edir. Bunun
üçün də öz varlığında Yaradanla insanın birləşdiyi qənaətinə gəlir:
Utanır arifin
əqli, sənə insan demək neyçin
Ki, insandır
deməz kimsə sənə ya Xaliqük-insan.
Şairə görə,
həqqi ancaq kamil və yetkin insan görə bilər. Belə insanlar sevilməyə, alqışa layiqdirlər.
Kamil insan öz ağlı və eşqi ilə insanların gözlərini açmağa, onların gözləri qarşısındakı
zülm pərdəsini qaldırmağa, həyata günəş kimi işıq saçmağa qadirdir.
Səslər, sözlər,
hərflər
Nəsimi dövründə
hürufilik bir məslək, əqidə, dünyagörüşü kimi geniş yayılmışdı. Onun əsasında insana
yeni bir münasibət, yeni insan anlayışı dururdu. Öz kökü etibarilə xalqa bağlı olan
bu təriqət onun ruhunu, ictimai-siyasi görüşlərini, həyata münasibətini əks etdirirdi.
Qeyd etdiyimiz
kimi, hürufiliyin yaradıcısı Nəimi, beşiyi isə Azərbaycan idi. Bu hərəkat Təbrizdən
başlayaraq bütün Yaxın və Orta Şərq ölkələrini bürümüşdü. Nəsimi hürufiliyi Nəimidən
qəbul edəndən sonra onun dünyagörüşündə yeni bir oyanış baş qaldırmışdı. Buna görə
də şeirləri yeni mübariz ruh, ictimai-siyasi məzmun kəsb edirdi. Şairin lirik qəhrəmanı
artıq əvvəlki aşiq deyil. Onu ictimai düşüncə və ideallar məşğul edir. O, əqli-mənəvi
saflıqla məhdudlaşmayaraq öz həyat fəlsəfəsi uğrunda çarpışıb-vuruşur. Nəsimidə hürufi panteizmi sufi panteizmindən fərqlənərək
Allahın özünü belə insanın simasında axtarır. Lirik qəhrəman siyasi-ictimai ideallara
meyil göstərir. Din və irfana tamam yeni bir baxış əks etdirir.
Yada salaq
ki, sufizm və hürufilik bir-birinə hər nə qədər yaxın olsa da, onların arasında
tam bərabərlik qoymaq olmaz. Sufilikdə məhəbbətə, hürufilikdə isə ağla üstünlük
verilirdi. Hürufilərə görə, ağıl ilə kainatı, təbiəti və insanı dərk etmək mümkündür.
Ağlın əsasında da səs, söz və hərflər durur. Nəsimidə hərflər və rəqəmlərin bu mənada
öz aləmi var. İnsan öz idrakının gücü ilə "Mən haqqam” məqamına yüksələ bilər. Bu
baxımdan Nəsiminin:
Məndə sığar
iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan
mənəm, kövnü-məkana sığmazam ,-
beyti ilə
başlanan şeiri çox ibrətamizdir.
Nəsimi maddi
və mənəvi cahanları öz varlığında birləşdirən insanın bu cahana sığmamasını iki
dünyanın bir dünyaya sığmaması və insanın məkansız gövhər olması ilə əsaslandırır.
Bu dünyaya sığmayan insanın cismi, bədəni deyil, ağıl və idrakıdır. İnsan cismən
yox, mənən və ruhən öz dünyasına sığmır. Beləcə, daha yüksəklərə ucalır. Bütün canlılardan
fərqli olaraq insan xəyalı kainatı, Ayı, Günəşi gəzib-dolaşır, öz yaradıcısı ilə
vəhdət yaradır. Cismən yerdə yaşayan insanın fikir və xəyalının sabit yeri yoxdur.
Daha doğrusu, o, məkansızdır, yersizdir, öz dünyasından çox-çox uzaqlara qanad çalır.
Bir sözlə, Allah hər yerdə olduğu kimi, insan da xəyalən hər yerdə ola bilir. Şair
"İnsan allahdır” deyəndə, əlbəttə ki, bunu nəzərdə tutur. İnsanı Allah və kainatla
vəhdətdə götürür.
"Sığmazam”
şeirini Nəsimi ulu keçmişə malik insanın fikrən və xəyalən heç bir çərçivəyə, qəfəsə
sığmaması fikri ilə tamamlayır. İnsan haqqında düşüncənin zaman və məkan çərçivəsinə,
qəfəsə sığa bilməməsini gur səslə bütün dünyaya elan edir. "Cism və can” mücəssəməsini
yerdən göyə ucaldaraq onun surətində, varlığında böyük mənaların gizləndiyini bildirir.
Nadanlıq və
cahillik bəladır
İdrak anlayışı,
insanın özünüdərki Nəsimi yaradıcılığında xüsusi yer tutur. Şairə görə, insan həyatı
əqli-mənəvi yüksəklik mərhələlərindən ibarətdir: şəriət, təriqət, mərifət və həqiqət.
Bu mərhələlərdən keçib gedən insan müdriklik səlahiyyəti qazanır. Haqqa qovuşur,
həqiqəti arayıb tapır. Deməli, başqa sufi alimlər kimi, Nəsimi də belə hesab edirdi
ki, sirləri anlamaq üçün insan ali tərbiyəyə möhtacdır. İdrak tərbiyəsi üçün hər
hansı bir insan özünə mürid (ustad) tapmalı, onun göstərişi və məsləhətlərinə sadiq
qalmalıdır. Ustad və müəllimsiz heç kəs öz idrakını, şüurunu parlada bilməz.
Nəsimi yaradıcılığında
sevgi şeirləri də üstünlük təşkil edir. Şair ilahi və dünyəvi eşqi vəhdətdə görür.
Onların birini digərinin davamı və təsdiqi kimi mənalandırır. Nəsimi ibadət və çilədənsə
eşq ilə Allaha qovuşmağa üstünlük verir. Hürufi panteizmini təbliğ edərək hər şeyi
Allah sanır. Hər şeyin əsasında hərf, söz və səslərin durduğunu bildirir. Hər şeyin
dörd ünsürdən yarandığını iddia edir. Onun nəzərincə, Allah, insan, hərf və ünsür
eynidir.
Nəsiminin
ilahi və dünyəvi məzmunda yazdığı şeirlərində də insan problemi əsas məsələdir.
Böyük şair insanın gözəllik və səadətini, onun könül sərbəstliyi və mənəvi azadlığını,
əqli-mənəvi yetkinliyini hər şeydən üstün tutur. İnsanı həyatın maddi və mənəvi
gözəlliklərindən layiqincə kam almağa çağırır. Ona görə də insanın həyat sevgisinə
qarşı çıxan nə varsa, hamısını pisləyir, tənqid və ifşa edir. Onları div, şeytan
adlandırır. Orta əsrlər həyatına və ictimai mühitə etiraz edən Nəsimi nadanlığı,
cahilliyi ən böyük bəla sayır, şeirlərində yaşadığı dünyanın bədii mənzərəsini yaradır.
Şair öz zəmanəsində sözübütöv, doğrucul və vəfalı bir insan axtarıb tapa bilmir.
Sanki bu aləm saxtakarlıq, yalan və hiylə üzərində qurulmuşdur. Onun heç bir sədəfində
saf inci yoxdur, hər bir insanın ürəyi fitnə və hiyləgərlikdən uzaq deyil:
Qanı bir əhdi-peymanı
bütün yar?!
Qanı bir qövlü-gerçək,
doğru dildar?!
Qanı həqqi
bilən bir gerçək ər kim,
Ola doğru
anın dilində göftar?!
Başqa bir
qəzəlində isə Nəsimi sədaqətli bir dost, sirdaş tapa bilməməsindən şikayətlənir.
Bu dünyanı tikanlı bir bağa bənzədir. Bu gülsüz yerdə gülzar axtarmağın boş, mənasız
bir iş olduğunu bildirir. Tikanlı dünya gül deyil, tikan bitirir, özü vəfasız, dəyanətsiz
olduğundan vəfalı, etibarlı yar-yoldaş yetirmir. Şair öz könlünə müraciət edərək
yalnız onu özünə yaxın və doğma sanır:
Sən sana gər
yar isən gəl, ey könül, yar istəmə!
Yarü dildar
ol sana sən yarü-dildar istəmə!
Bivəfadir
çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə
sən yari-vəfadar istəmə!
Gül bulunmaz
bu dikənli dünyanın bağında çün,
Əbsəm ol,
bihudə gülsüz yerdə gülzar istəmə!
Nəsimi şeirlərindəki
nəsihət və çağırışlar da mənalı və ibrətamizdir. Görkəmli Azərbaycan ədibi və ədəbiyyatşünas
alimi Mir Cəlal Paşayev vaxtilə yazırdı ki, onun romantikası göyləri yox, ictimai
zəmini, real həyatı araşdırmışdır. Şair insanın gözəl və nəcib cəhətlərini onun
xeyirxahlığında, yaxşılıq etməsində, zülm və şərdən uzaqlaşmasında görürdü.
Kainata ünvanlanmış
suallar
Nəsimi fəlsəfi
şeirlərindən fərqli olaraq, didaktik-nəsihətamiz şeirlərində müasiri olan insan,
onun həyat və məişəti barədə düşüncələrə dalır. Mücərrəd fəlsəfi düşüncələrini varlıq
və insan barədə gerçək, real mülahizələrlə əvəz edir.
Şair bütün
kainata sual dolu nəzərlə yanaşır. Orta yüzillikləri düşündürən bu suallar şairi
də bütün yaradıcılığı boyu düşündürüb-daşındırır. Nəsimi öz yaradıcılığında əski
Şərq və Qərb elmi düşüncəsini birləşdirən mütəfəkkir kimi ucalır. Bədii söz sənətinin
heç zaman solmaz, bir-birindən gözəl incilərini yaradır. Azərbaycan ədəbiyyatı tarixini
yeni bir üslub, deyim tərzi, yeni surət və lövhələrlə zənginləşdirir.
Onun həyat
sevgisi və duyğularını əks etdirən nəğmə və şərqiləri məzmunca da, dil-üslub etibarilə
də səmimi və aydındır. Şairin belə şeirlərində işlətdiyi istixarə, məcaz, bənzətmə
və bədii mübaliğələri çox əlvan və rəngarəngdir. Ana dilindən alınan bu bədii ifadələr
canlı dilimizin özü kimi aydın, gözəldir. Bulaq suyu kimi saf və şəffafdır, dəniz
incisi kimi parlaq və dəyərlidir:
Üzünü məndən
nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın
rəvan etmək dilərsən, etməgil!
Bərgi-nəsrin
üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman
etmək dilərsən, etməgil!
Bu şeirdə
bütün bənzətmə və məcazlar həyatdan gəldiyi üçün təbii və gözəldir. Nəsiminin gözəlləmə
sayıla biləcək bu şərqiləri insan və onun gözəlliyi haqqında yazılmış nəğmə təsiri
bağışlayır. Sevgilisinin surətini solmaz və zərif boyalarla işləyən şair orta əsr
gözəlinin unudulmaz, yaraşıqlı obrazını yaradır. Qəzəldəki fikir və üslub aydınlığı
şeir tariximizdə yeni bir cığırın başlanğıcıdır. Nəsimi şeirində musiqi ahəngdarlığı,
ritm onun əsas bədii ünsür və məziyyətlərindən biridir. Şair cinasdan istifadə etməklə
bunu təmin etməyə çalışır və şeirə yeni bir ahəng, təravət gətirir.
Düşdü yenə
dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir
bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala
gözlərin aldatdı aldı könlümü,
Alını gör
nə al edər, kimsə irişməz alinə.
Şeirə şöhrət
gətirən şair
Nəsimi insan
gözəlliyini təbiət gözəlliyindən daha ülvi və mənalı sayırdı. Şairə görə, sanki
təbiət, yer, göy öz gözəlliyini, təravətini insandan alır. Ayın ayparaya çevrilməsi
məhz sevgilinin aypara qaşlarına bənzəmək üçündür. Qızılgül rəngini, ətrini gözəlin
al yanaqlarından almışdır, bənövşənin xumar gözləri yarın məstanə gözlərinin həsrətini
çəkməkdəndir. Nəsimi öz həyat sevgisini, lirik qəhrəmanının kədərini, incə, zərif
duyğularını yüksək bir şeiriyyətlə, aydın bir dil ilə ifadə edərək dünyəvi poeziyanın
gözəl, kamil bir nümunəsini yaradır. Şairin belə şeirləri hələ öz zəmanəsində yeni
bir ədəbi-tarixi hadisə kimi qarşılanırdı. Orta əsr alimi Lətifi (XVI) Nəsiminin
məhz bu cür sadə, aydın bir dil və üslubda yazdığı şeirləri nəzərə alaraq yazırdı:
"Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır”.
Nəsimi şeirində
Ay da, Günəş də, yerlər də, müqəddəs ruhlar da insan gözəlliyindən, insanın böyüklük
və əzəmətindən danışır. Onun ağlı, zəkası və gözəlliyi qarşısında baş əyir. Nəsimiyə
görə, ən kamil insan öz əqidə və məsləki uğrunda meydana atılan insandır. "Başımı
top edib yenə meydana girmişəm” deyən şair onları öz müasirlərinə nümunə göstərirdi.
Həqiqi ər kişilərin, sevən aşiq və fədailərin yerinin döyüş və mübarizə meydanı
olduğunu bildirirdi. Yüksək bədii zövqə malik olan Nəsimi incə, zərif və yeni-yeni
mübaliğə, bənzətmə və istiarələri şeirə gətirmişdi. Bədii mübaliğəyə daha geniş yer verən şair öz
poetik və fəlsəfi fikirlərini aydın və səmimi bir dillə üzə çıxarır:
Ayın hilali
əgərçi günəşdən alır nur,
Bu ayı gör
ki, günəş nur alır hilalından.
Nəsimi yaradıcılığında
insan gözəl, səmimi və ucadır. Onun ağıl və idrakı ilə yanaşı, zahiri aləmi də öz
təravəti və gözəlliyi ilə seçilir. Şair insanın üzərində, varlığında Tanrının əlamət
və keyfiyyətlərini axtarıb tapır. İnsanı ucaldır, ülviləşdirir. Ona mənəvi və cismani
əziyyət verənlərə qarşı etiraz səsini qaldırır. İnsan gözəlliyi haqqında şeirlərində
onun hüsn-camalında öz gözəllik ideallarını axtarıb tapır. Dünya və həyatı insandan
ayrı təsəvvür etmir.
Nəsimi belə
bir qənaətə gəlir ki, insan həm incidir, həm sədəfdir, həm yaradandır, həm yaradıcıdır,
həm qızılgüldür, həm də yasəməndir. Bütün gözəlliklər, varlıq, yer və göy məhz ona
xidmət üçün yaranmışdır. İnsan olmasa, bütün aləm çox mənasız və miskin görünərdi.
İnsana, onun
gözəllik və ləyaqətinə həsr etdiyi bu könül nəğmələri hələ şairin öz sağlığında
"nəsimilər” adlandırılaraq, eldən-elə dolaşırdı. Kainatın günəşi olan insanı yüksəldən,
sevdirən bu şərqilərdə insanın işıqlı, aydın surəti, böyüklüyü bütün Şərq ellərini
heyrətə salmışdı. İlk dəfə olaraq insan məhz öz gözəlliyindən ilham alırdı. Ay,
günəş deyil, öz surəti qəlbinə, şüuruna işıq saçırdı. Özünü anlamağa və sevməyə
başlayırdı.
"Bahar oldu,
gəl, ey dilbər...”
Nəsimi sevgi
və gözəllik şərqilərində ağac, dəniz, qənd, şəkər, müşk, ay, günəş, qızılgül, yasəmən
və başqa bu kimi obrazlardan bol-bol istifadə edir. Həyatdan aldığı bu real və dünyəvi
surətlərlə insani gözəlliyi, müasirlərinin istək və diləklərini təbii və səmimi
bir üslubda əks etdirir. Təbiət gözəlliklərinin vəsfi də Nəsimi şeirində insanla
əlaqələndirilir. Şair ən çox bahar fəslini, Novruz bayramını sevib poetik bir dillə
qələmə alır. Nəsimiyə görə, baharın gəlişi insanların ürəyində yeni sevinc duyğularının
oyanması deməkdir. Bütün fəsillər kimi, bahar fəsli də insanın qəlbi ilə sanki həmahəngdir.
Bahar oldu,
gəl, ey dilbər, tamaşa qıl bu gülzara,
Buraxdı qönçələr
pərdə bəşarət bülbüli-zarə.
Xalq mahnı
və şərqilərinin Nəsimi yaradıcılığına təsiri çox böyükdür. Xalqın hikmət bulağından
su içmiş şairin el nəğmələri ilə səsləşən şeirlərində axıcılıq, ahəngdarlıq və səmimiyyət
daha parlaqdır. Burada "Kitabi-Dədə Qorqud”u xatırladan söz və ifadələrin, bədii
deyim və ifadə tərzlərinin olması da çox səciyyəvidir. Əski Şərq nəğmələrini xatırladan
məqamların Nəsimi şeirinin əsas tərkib hissəsinə çevrilməsi onun öz ideya və fikirlərini
şifahi şəkildə yaymaq məqsədindən irəli gəlirdi. Şair bu könülaçan şərqiləri ilə
müasirlərinin qəlbinə, ruhuna nüfuz edir, onları əqli-mənəvi kamilliyə səsləyirdi.
Nəsimi şeirlərinin
lirik qəhrəmanı tez-tez canlı və cansız varlıqlara üz tutmaqla öz qəlb aləmini işıqlandırır.
Müraciət hədəfinin dəyişməsi ilə aşiqin düşüncə və duyğuları da dəyişir, yeni-yeni
rəng alır. Sevgilisinə üz tutan aşiq dərdindən danışır, acı həyat və taleyindən
şikayətlənir. Öz təxəllüsünə müraciət edəndə isə Nəsimi nəsihətamiz fikirlərini
irəli sürür. Ümumiyyətlə, şəha, ey könül, ey pəri, dilbəra, ey həbib, cana və s.
bu kimi müraciətləri aşiq-qəhrəmanın dünya və insanlara müraciətidir.
Qədim dini-tarixi
kitablar, onlarla bağlı obraz, süjet və rəvayətIər Nəsimi yaradıcılığında yeni məna,
məzmun qazanır, yeni bir ideya və konsepsiyanın ifadəsinə çevrilir. Şair bir sıra
şeirlərində Məhəmməd peyğəmbərin, Musa peyğəmbərin, İsa peyğəmbərin, Xızırın, Süleymanın,
Bilqeyisin, Yusifin və başqalarının adlarını çəkir, onlarla bağlı əfsanələri xatırladır.
Yusif deyəndə ağlı, gözəlliyi, Süleymandan danışanda müdrikliyi, İsanı xatırlayanda
onun öz nəfəsi ilə ölüləri diriltməsini,
Xızırın dirilik suyu içməsini, Musanın Tur dağında Allahla danışmasını yada salır.
Cənnəti o biri dünyada deyil, məhz bu dünyada axtarır. İnsanın öz qəlbində həqiqəti
tapmasını cənnət adlandırır.
Nəsimi sözü,
düşüncəsi bir məktəbdir. Bu il Azərbaycanda elan olunmuş Nəsimi ili, bu təşəbbüs
çərçivəsində keçirilən tədbirlər isə bu hikmət dəryasından öyrənmək, öyrəndiklərimizlə
insanlığa fayda vermək üçün bütün dünyaya ünvanlanmış çağırışdır. Öyrənək, kamilləşək,
gələcək nəsillər üçün daha gözəl bir dünya quraq.
Nurlana ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru, professor,
YAP Qadınlar Şurasının sədri