30 Oktyabr 2019 00:19
1128
Mədəniyyət

Ədəbi konservator, mistik realist


Bu günlərdə Xalqyazıçısı Kamal Abdullanın yeni romanı işıq üzü görüb. "Sirlərin sərgüzəşti” adlıəsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviriözünün ədəbi-bədii əksini tapıb. Bu, müəllifin "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi”,"Unutmağa kimsə yox” əsərlərindən sonra sayca dördüncü romanıdır. Biz də onunlaelə dördüncü romanının vərəqlərindən hələ mətbəənin "ətri” getməmiş görüşüb söhbətləşdik.

Beləliklə, Əməkdarelm xadimi, akademik, I dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetininrektoru, Xalq yazıçısı Kamal ABDULLA ilə "Ədəbiyyat söhbəti”ni təqdim edirik.


"Ədəbiyyat söhbətinin gizli iddiası ağıllı söhbət etməkdir”


- Sizcə, kompüterin, internetin, texnologiyanın tüğyanetdiyi indiki dövrdə ədəbiyyat söhbətləri oxucular üçün maraqlıdırmı?

- Onu yaxşı dediniz - tüğyan etdiyi. Həqiqətən hər günbu tüğyanın şahidi oluruq. Ədəbiyyat söhbəti mənə elə gəlir, həmişə lazımdır. Çünkiədəbiyyat söhbəti o demək deyil ki, hökmən hansısa kitabdan, romandan, şeirdən danışasan.Əslində, ədəbiyyat söhbətinin gizli iddiası ağıllı söhbət etməkdir. Bu söhbət bizibir romandan başlayıb dünyanın ən dərin sirlərinə,bir hekayədən başlayıb qədim tariximizə, bir şeirdən başlayıb xalqımızın, dövlətimizin,cəmiyyətimizin yaşadığı psixoloji məqamlara apara bilər. Yəni ədəbiyyat söhbətiədəbiyyat naminə yox, bir vasitə, vəsilə kimi bizi başqa vacib mövzulara çıxarabilər. Bu baxımdan belə söhbətlər həmişə gərəklidir.

- Elə isə başlayaq.Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatını necə qiymətləndirir? Sizcə, bugünküədəbiyyat müasir günümüzlə, həyatın dinamikası ilə səsləşir?

- Vacib deyil hökmən bu günlə səsləşsin. Əlbəttə, həmino dinamik məqamlar baş verərkən səsləşmənin özü nəyinsə əvvəl, nəyinsə sonra olmasıdeməkdir. Əks-səda nədir? Səs var, sonra əks-səda baş verir. Bu ardıcıllıq duyulursa,xalqımızın, dövlətimizin həyatında baş verən hər hansı hadisə müəyyən zamandan sonraöz əksini bədii aləmdə, yaxud başqa müstəvidə tapmalıdır. Bu halın paralel, eynizamanda olması mümkün deyil. Amma o əks-səda nə vaxt qulağımıza çatır, bu, artıqbaşqa məsələdir. Bu gün fiziklər qədim zamanlarda baş vermiş möhtəşəm partlayışınəks-sədasını kainatda axtarıb tapa bilirlər. Ozamankı hadisə - hər şeyi öz içinəyığan bir sinqulyar nöqtənin partlayışı kainatın bugünkü mənzərəsini verib. Səsolan yerdə, əks-səda həmişə var.


Sükutun səsi


- Məsələn, bu günhəyatımızda baş verən hansısa "partlayışın” əks-sədası 50-100 ildən sonra eşidiləcək,yazılacaq?

- Əlbəttə, həyatımızda baş verən partlayışı kimlərsə nəzamansa danışacaqlar. Bu o demək deyil ki, partlayışa şahid olan nəsil artıq yoxdursa,onu yazmayacaqlar, həmin informasiya itib-batacaq. Belə deyil. Bu, qanla, yaddaşla,dərin genetik kodlarla nəsildən-nəslə ötürülən informasiyadır. Bunu biz özümüz dəçox zaman hiss edə bilmirik. Çox ola bilər ki, mən özüm XVI, XVII əsrdə yaşamışvə hansısa hadisənin təsviri olmuş məqamı özümdən xəbərsiz içimdə bilmədən yaşadıram.Amma o informasiya mənim içimdə qapanıb qalmamaq üçün mənim özümlə əməlli-başlı"mübarizəyə” qalxır. Bəlkə mənim özümü də aldadıb real həyata bədii "maska”da daxilolur. Çünki mən onu içimdən çölə çıxararkən bədii vasitələrdən istifadə edərək onuədəbiyyat dilinə çevirməyə çalışıram. Bunlar hamısı onu göstərir ki, nə zaman başverməsindən asılı olmayaraq, hər bir hadisə hökmən öz əks-sədasını tapmalıdır. Hətta biz deyəndə ki,tək əldən səs çıxmaz - ona da şübhəylə yanaşmaq lazımdır. Tək əldən də səs çıxar.Tək əldən sükutun səsi çıxar.

- 30-40 il öncəkioxucu ilə müasir dövrün oxucusunun fərqi nədir? Ümumiyyətlə, müasir oxucu müəllifdənnə istəyir, nə tələb edir?

- Əvvəlki oxucu kitaba daha yaxın oxucu idi, indiki oxucu- internetə. Bir var, hansısa əsəri internetdən oxuyasan, bir də var kitabı əlinəalasan, onu vərəqləyəsən, vərəqlərini sığallayasan, ətrini duyasan.

Ümumiyyətlə, mənə həmişə elə gəlib ki, kitab çox oxuyanadamın ağlı da, biliyi də, həyat təcrübəsi də çox olur. O, daha maraqlı, daha ləyaqətliömür sürə bilər. Amma hərdən oturub fikirləşirəm ki, heç kitab oxumayan adamlarda var. Onların da içində son dərəcə ləyaqətlisi, şərəfli həyat yolu keçənlər, həyattəcrübəsi dərin olanlar olur. Bəs bunu necə anlamaq olar? Deməli, belə çıxır ki,bütövlükdə götürəndə həyat özü bir kitabdır, mətndir. Kimi mətnin mətnini oxuyur,kimi də həyatın özündən öyrənir. Nahaqdan demirlər ki, dünya özü bir kitabdır. Mənəelə gəlir, insanda kitabı çox oxumaq ehtiyacı həyat kitabını adekvat oxuya bilməyəndəyaranır. Həyat kitabını kifayət qədər ciddi şəkildə oxuya bilməyəndə, həyatı həyatınözündən yox, kitabdan öyrənmə məcburiyyətini (ehtiyacını) özündə hiss edirsən. Söhbəttəbii ki, ədəbi-bədii kitablardan gedir.


"Öyrədərək öyrənirəm”


- Siz həyatı dahaçox kitabdan, yoxsa həyatın özündən öyrənmisiniz?

- Məncə, həyat da məni öyrədir. Sadəcə, həyat bizi öyrədərkənyaxşı öyrənci olmuruq. Bizə dərs olmur ki, bu işi belə yox, elə görərlər. Çünkibiz çox zaman həyatda nəticə ilə üzləşmirik. Amma kitab öyrədəndə ki, belə etməyinnəticəsi budur, onda tamlıq olur. Həyatınbizə verdiyində ayrı-ayrı ştrixlər ola bilər, tamlığı bütöv şəkildə hiss etməyəbilərik. Amma kitabda sanki hər şey bir-birini tamamlayan şəkildədir. Ona görə kitabdanöyrənmək daha asan, həyatdan öyrənmək daha çətindir. Həyatı kitab kimi oxuya bilənlərisə xoşbəxt adamlardır. Qısası, hər şey kitabdır, hər şeyi kitabdan öyrənmək olar- həyat kitabından mənim dostum Çingiz Abdullayevin kitablarına qədər...

- Bu halda kitabınkütləviləşməsi üçün nə etmək lazımdır?

- Kitabla bağlı usanmadan nələrsə etmək - kitabı sevdirmək,bağışlamaq, hədiyyə vermək... Ona nail olmaq lazımdır ki, bir azərbaycanlı var-dövlət,qızıl əvəzinə kitab yığsın, sənət əsərləri toplasın. Təsəvvür edirsiniz, bunun nəticəsihansı bəhrəni verə bilər?!

- Bəs kitabı dükandanbirbaşa almaq?

- İndi alırlar. Az alırlarsa, deməli, həyatdan daha çoxöyrənirlər. Bu saat hamı həyatdan, özü də havayı öyrənir. Öyrənmə prosesi insanınözündən asılı olmadan gedir. Mən bu saat tələbələrimdən də öyrənirəm. Bir devizimvar - öyrədərək öyrənirəm. Latınca bunun adı "Docendo discimus”dur. Elə düşünməkdoğru deyildir ki, müəyyən yaşdan sonra adamda artıq öyrətmək mərhələsi başlayır.İnsan yaşından asılı olmayaraq daim öyrənir.

- Məsələn, sizinkitablarınızı mağazadan alanlar var? Bundan qonorar qazana bilirsiniz?

- Alanlar var. Azərbaycanda, deməzdim, bundan yaxşı qazanıram.Amma ABŞ-da "Amazon” yayınları kitablarımın satışını izləyir. Nəşriyyat o satışdanmənə qonorar ödəyir. Və yaxud Moskvada gözəl tərcümə ustadı dostum Azər Mustafazadəilə kitab dükanında satıcıdan öz kitabımı soruşanda bu kitabın artıq satılıb qurtardığıcavabını almaq mənimçün əsl yazıçı sevinci idi.


"Elə bilirlər, dialektolojilüğəti oxumaqla yazıçı olmaq olar”


- Ədəbiyyatda "Atalar və oğullar” mübarizəsinin əsrlərlə ölçüləntarixi var. İllər öncə "oğullar”ı təmsil edən yazıçı Kamal Abdulla bu gün "atalar”statusunda bu mübarizəyə necə baxır?

- Ata statusunda olmaq hələ o demək deyil ki, sən atasan.Mən buna status yox, libas deyərdim. Ata kimi görünüb oğulluqda qala bilərsən. Oğuləvvəldən ata ola bilər, ata oğul kimi qala bilər. Burada cürbəcür kombinasiyalarmümkündür. Atalar və oğullar mənəvi keyfiyyətlərdir. Yayğın və bir-birinə keçəndəyərlərdir. Sadəcə, mən indi köhnəlik aşiqi olan konservatora çevrilmişəm. Bəlkədə bu mənim təbii dəyişməmdir.

- Elə isə yeni nəsilşair və yazıçıların yaradıcılıqlarındakı əsas problemləri, eyni zamanda uğurlarınədə görürsünüz? Nədə səhv edirlər, harada düzgün yoldadırlar?

- Sizin sualınızda "istintaq” intonasiyası var. Amma yenədə çalışaq cavab verək. Mən yeni, orta, köhnə nəsil anlayışlarını başa düşməyə çalışıram,amma görürəm ki, yox, yenə də sonadək başa düşmürəm. Söhbət yazıçının yaşından gedirsə,bu bölgünü biblioqrafik göstərici kimi qurmaq mümkündür. Amma söhbət mənəvi müstəviyəkeçəndə bu mümkün olmur. Bir də görürsən, cavan yazıçı son dərəcə yaşca böyük adamlardanvə mətləblərdən yazır, yaşca böyük yazıçı gənclərdən və gənclik dəyərlərindən yazır.Bəs bunu nəslin hansı yaşına salaq? Həm bioloji, həm də mənəvi bölgü bəzən düzgünqurulmur. Məncə, nəsil əvəzinə məktəb demək olar. Amma vacib deyil, o məktəbə daxilolan ədiblər hökmən bir dövrün adamları olsunlar, bir-birlərini tanısınlar. Olabilər biri XIX, digəri XX əsrdə yaşasın. Məsələn, Mirzə Cəlil ədəbi məktəbi formalaşıbsa,İsa Hüseynov, Anar, Elçin də o məktəbin nümayəndələridir. Bu baxımdan zaman yüklünəsil anlayışını əqidə yüklü məktəb anlayışı ilə əvəz edərdim. Bir var mənəvi müstəvidənəsil, bir də var xronoloji müstəvidə. Bunlar başqa-başqa şeylərdir. Mənəvi müstəvidəyaşlı və gənc yazarların məsələyə (mövzuya) münasibətini müəyyənləşdirmək son dərəcəmüşküldür. Amma biz elə 60-cılar nəsli deyib dururuq. 70-ci illər nəsli guya biraz zəifdi, 80-ci illər nəsli demək olar ki, yoxdu. Məlum deyil ki, bu yanaşma hansırakursdan aparılır. Bəlkə də biz yeni və köhnə nəsil sözlərini deyərkən biolojivə mənəvi meyarları qarışdırırıq. Burada nəsil əvəzinə məktəb anlayışı işə düşsə,daha düzgün olar. Yəni gənc nəsil hökmən gənclik baxışını, dəyərlərini formalaşdırannəsil olmaya da bilər. Çünki 60-cı illərdə sadəcə, 3-5 yazıçı ədəbiyyatda dönüşyaratmağa çalışdılar və bunu bacardılar. 40-50-ci illərin ahənginə yeni nəfəs gətirdilər.Onların içində yaşlısı da, gənci də vardı. 60-cı illər nəsli anlayışı mənim fikrimcə,eyni ədəbi məktəbə mənsubluq deməkdir. Ayrı-ayrı ölkələrdə də bir məktəbə daxilolan yazıçılar yaşaya bilər, ayrı-ayrı dövrlərdə də.

O ki qaldı gənclərə, yaradıcılığa yeni başlayanların, yeniyazanların mətnlərində qəribə bir təmayül hiss edilir. Bir var yolu düz gedirsən.Bir də var əzilib-büzülürsən ki, diqqəti özünə cəlb edəsən. Diqqəti özünə cəlb etməyəçalışanda sən gücsüz olursan. Buna çalışmayanda güclü olursan. Stendalın "Qırmızıvə qara” əsərində Jülyen Sorel obrazı var. Adi təbəqədən çıxmış adamdır. Kübarlarməclisinə düşür. Orda hər kəs paltarını özünəməxsus və ədabaz şəkildə nümayiş etdirir.Jülyenin üstünlüyü onda olur ki, paltarının gözəlliyini gözə soxmağa çalışmır. Çalışmadığıüçün də hamı deyir, nə gözəl geyinib, necə yaraşır və s. Üslub da, yazar da beləbir nəsnədir. Üslubu gözə soxmağa çalışanda, "mən nə qəşəng yeni söz dedim” iddiasındaolanda istədiyinə nail olmursan. Amma bunları bir kənara atanda, yazmaq istədiyininarxasınca gedəndə bundan mətn udur.

- Yeri gəlmişkən,bizdə belə bir təəssürat var ki, gənc yazar tanınmaq üçün, əsasən, ya özündən əvvəlkinəsli inkar edir, ya da pornoqrafik elementlərə əl atır...

- Bunlar da həmin üslubçuluğa, kənara çıxmalara daxildir.Bir yaşlı yazıçının yaradıcılığında bunu tapmazsınız. Yeni yazanlara, gəncliyə aiddir- hökmən özünü göstərmək istəyir, "mənə qədər bunu belə edən olmayıb” sindromu gülüncdür.Bir də çox qəribə başqa məqam var - gənc yazıçılar (artıq çoxu 40-ı haqlayıb) eləbilirlər ki, Azərbaycan dialektoloji lüğətini oxumaqla daha yaxşı yazıçı olmaq olar.Yaxud kənddə tövlədə gördüyü inəyin inək olana qədər 10 adını bilirsə, hə, bax bu,yazıçıdı, həyatı yaxşı bilir. Gülməlidir. Bütün bunları görkəmli yazıçılarımız sondərəcə təbii şəkildə əks etdiriblər. Daha deməyiblər, bu hələ çəpişdi, sonra keçiolacaq. Həyatın o məqamını yeri gəldikcə ifadə ediblər. Bunlar isə əvvəlcə göstərməkistəyirlər ki, mən bunu bilirəm, sonra ona uyğun təsvir tapırlar. Yaşlı nəsildə- Süleyman Rəhimovda, Əli Vəliyevdə, İlyas Əfəndiyevdə, Əbülhəsəndə əvvəl təsviridi, sonra təsvirin içində olanlar. Bəzi gənclərdə bu, əksinədir.


"Özümü artıq tənqidçikimi hiss etmirəm”


- Son illər içinizititrədən hansısa roman, povest, hekayə, şeir oxumusunuz?

- Desəm, "yox” - düz olmaz, desəm, "hə” - o da düz olmaz.Məni xüsusi sarsıdan bir şey oxumamışam. Bəlkə də bu, yaşla bağlıdır. Məndən bundanartığını gözləməyə də dəyməz. Mən daha çox təkrar oxumağı sevirəm. Servantesi, Tolstoyu,Bulqakovu, Markesi, Borxesi, Ekonu... Demirəm, gündə oxuyuram, amma onların yaradıcılığıilə tanış olduğum üçün kitabı istənilən yerdən açıb oxumaq mənə hələ də ləzzət edir.Bir də sonuncu dəfə Nəriman Əbdülrəhmanlının "Yolçu” romanını oxudum, mənə həqiqətəntəsir etdi. Bu əsər Azərbaycan ədəbiyyatında "ağır” roman anlayışına yüzdə yüz uyğungəlir və o "janrın” bütün tələblərinə cavab verir.

- Müsahibələrinizinbirində "Azərbaycanın istedadsız şairləri” adlı yazı yazacağınızı demişdiniz. Oyazı nə vaxt yazılacaq?

- Hər bir yazını yazmaq üçün gərək daxilən sənə güc gəlsin,ilham mənbəyin olsun. Həmin o istedadsız yazılar məndə heç bir həvəs yaratmadı.Gücü istedadlı yazılar, "mənim yazıçım” olan yazıçılar, "mənim şairim” olan şairləryaradır. Bəlkə də istedadsız sözünü kəskin demişəm. Sonradan fikirləşdim ki, "mənimşairim” olmayan şairlər haqqında belə kəskin şəkildə yazmaq bəlkə də doğru deyil.Çünki onların da öz oxucusu ola bilər. Bir də ki, mən özümü artıq tənqidçi kimihiss etmirəm.

- "Mənim şairim”dediyiniz şairlər kimlərdir?

- Füzuli, Hüseyn Cavid, Musa Yaqub, Vaqif Səmədoğlu, RamizRövşən, Vaqif Bayatlı, Aqşin, Qismət... Amma o istedadsızlara qayıdaq. Belə deməklə,sadəcə, göstərmək istəmişdim ki, bizə bu cür də yazılar lazımdır. Başqa prinsipimdə var idi - Azərbaycan ədəbiyyatının tarixini misralar, şeirlər üstündə qurmaq,şəxslər üstündə yox. Məsələn, "bir axşam taksidən düşdüm payıza” - çox böyük mənəvilövhədir. Yaxud "Yavrum, quzum adın nədir? Gülbahar”. Və ya "Tutuşdu qəm oduna şadgördügün könlüm, Müqəyyəd oldu ol azad gördügün könlüm” və ya "Bir təsəllidir sənəol söz ki, derlər, var sübh”. Deməli, Füzuli üçün azad könüllər məqamı və məskəni var imiş ki, onu yada salır. Yazılar bu misralarüzərində qurulanda mənəvi aləmimiz daha aydın görünə bilər.

Başqa sözlə desək, Azərbaycan ədəbiyyat tarixini öyrənməkbugünkü azərbaycanlını daxilən bir qədər də möhkəm etmək məqsədi güdür. BugünküAzərbaycan dünənki Azərbaycandan təkcə şəhərləri, kəndləri, bağları, xiyabanları,hündürmərtəbəli binaları ilə fərqlənmir. Öz insanı ilə fərqlənir. Azərbaycan insanıartıq dəyişib. Ədəbiyyatın öyrənilməsi, mədəniyyətin təbliğ edilməsi həmin o insanındaha güclü formalaşmasına gətirib çıxarmalıdır. O güclü insan hansı prinsiplərləyaşayır? Ən vacib prinsip odur ki, o, artıq şəxsi mənafeyini ictimai mənafedən irəlidürtmür. Bəli, məhz "dürtmür” sözünü işlədirəm, çünki bizdə çox zaman belə olub.O, ictimai mənafeyi üstün sayır, vətən, dövlət, bayraq, himn, prezident onun üçünadi sözlər deyil. O, bu sözlər uğrunda ölümə də gedə bilər. Bax, bu cür Azərbaycanformalaşır. Bu, çox vacib məsələdir. Ümumiləşdirsək, bizdə Niçşenin "səhrası” artıqböyüməkdən qalıb.

- Qarabağ savaşıvə onun fəsadları mövzu kimi ədəbiyyatımızda əsas istiqamətə çevrilməli olsa da,təəssüf ki, kəmiyyət və keyfiyyət sarıdan ciddi kasadlıq yaşanır. Azərbaycan ədəbiyyatında"Qarabağ nəfəsi” niyə duyulmur?

- Bu fikirdəyəm ki, Qarabağ uğrunda mübarizə Qarabağ haqqındadanışmaqla məhdudlaşmamalıdır. Biz bu gün Azərbaycanda nədən, hansı məsələdən danışırıqsa,Qarabağ uğrunda mübarizənin tərkib hissəsi olmalıdır. Bu gün iki gəncin sevgisindənroman yazılırsa, bu da Qarabağ uğrunda müharibə deməkdir. O sevgini elə göstərəbilərik ki, "Əli və Nino”da olan kimi, bütün dünya desin ki, belə böyük sevgisiolan xalq heç vaxt haqsız iş tutmaz, ədalətsiz yola düşməz. Bu da Qarabağ uğrundamübarizədir. Yoxsa biz elə bilməyək ki, mübarizə yalnız əlinə silah almaqdır. Bumübarizənin bir yolu da Azərbaycanı güclü etməkdir ki, bunu cənab Prezident İlhamƏliyev hər addımında edir. Elə sonuncu Soçi və Aşqabad görüşlərini xatırlamaq kifayətdir.


"Müxtəlif Kamal Abdullalaryoxdur”


- Sizcə, Xalq yazıçısıilə yazıçının fərqi nədir?

- Yazıçının özü üçün heç bir fərqi yoxdu yəqin ki... Kənardakılarüçün hansısa fərqlər ola bilər.

- İki ay əvvəl dəbelə düşünürdünüz?

- Vallah, heç vaxt düşünmürdüm ki, nə zamansa Xalq yazıçısıola bilərəm, olmalıyam və bunun uğrunda mübarizə aparmalıyam. Sadəcə olaraq yazırdım.20 ölkədə kitabım çıxıb. Fransa, Türkiyə, İtaliya və Rusiyada eyni romanım həttaiki dəfə çap olunub. İtaliyada kitabım çıxandan sonra Umberto Eko məni evinə dəvətedib. Yəni müəyyən zümrələrin diqqətini cəlb etmişəm. Demirəm, bu, mənim nailiyyətimdir.Bu, bəlkə də daha çox kitabın həsr olunduğu mövzunun müvəffəqiyyətidir. "Kitabi-DədəQorqud”a, Şah İsmayıl və onun dövrünə, Azərbaycan həqiqətləri və sirlərinin qələməalındığı məqamlara olan maraqdır. Mənim ən böyük nailiyyətim, məncə, o mövzularıdoğru-düzgün seçməyimdir.

- 20 ildir ən müxtəlifali dövlət məqamlarındasınız. Məmur KamalAbdullayev Xalq yazıçısı Kamal Abdullanı bir qədər arxa plana keçirdimi?

- Yox, elə düşünmürəm. Bunlar bir-birini tamamladılar.Biri o birinə mane olmadı. Çünki məmur kimi çalışanda da deyilənlərə görə maraqlıkitab yaza bildim - "Kitabi-Dədə Qoruqudun poetikası”. Yaxud "Yarımçıq əlyazma”ilk rektor olduğum zaman yazıldı. Eləcə də sonrakı kitablar. Soruşa bilərlər: həmrektorluq etdin, həm də necə oldu ki, roman yazdın? Rektorluğum da, romanlarım daməncə, göz qabağındadır. Və müxtəlif Kamal Abdullalar yoxdur. Siz deyən istiqamətlərin hamısını özündə ehtivaedən bir Kamal Abdulla var.

- "Kitabi-Dədə Qorqud”labağlı çoxillik araşdırmalarınızın nəticəsi olaraq olduqca maraqlı, hələ də müzakirəvə mübahisə mövzusu olan bədii əsər də ərsəyə gətirdiniz - "Yarımçıq əlyazma”. KamalAbdullanın nəzərindəki, təqdimatındakı Dədə Qorqudla ənənəviləşmiş Dədə Qorqud obrazıarasında hansı fərqlər var?

- Mənim üçün "Yarımçıq əlyazma”nın ən böyük uğuru bilirsizözünü nədə göstərdi? Çox adam dedi ki, sənin romanını oxuyandan sonra getdik "DədəQorqud” dastanını təzədən və ya birinci dəfə oxuduq. Bu, sevindirici haldır. Nəyəgörə oxudular? Ona görə ki, görək Kamal Abdulla süjet xəttini, personajları nə qədərdəyişib, kimləri önə çıxarıb, kimlər arxa planda qalıb - bu fərqi öyrənmək üçün.Bunun özü də mənim üçün qiymətli məqamdır. Çünki bizim özümüzü yaxşı tanımağımızüçün "Dədə Qorqud”u hər rakursdan öyrənməyimizə böyük ehtiyac var. Eləcə də bu baxımdan dövlət tərəfindən "Dədə Qorqud”labağlı keçirilən bütün tədbirlərin maarifləndirici, mənəvi və siyasi əhəmiyyəti var.

Yenə deyirəm, "Dədə Qorqud” kimi dastanların dünyaya təqdimedilməsinin müxtəlif yolları bir nöqtəyə gətirib çıxarır - dünya insanı deyir ki,bu dastanı yaradan xalq ədalətsiz, bihesab iş tutmaz. Məqsəd budur. Gərək, dünyadesin ki, bu ölkənin insanları doğru yoldadırlar. Biz bunu onsuz da bilirdik. Azərbaycanmultikulturalizm modeli bu gün dünyada qəbul edilən modeldir. Avropanın 20 ölkəsindəuniversitetlərdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Məqsəd nədir?Göstərək ki, xalqımız, cəmiyyətimiz, dövlətimiz əsrlər boyu bu ideallara sadiq qalıb,onları bu günə qədər gətirib çıxarıb. Göstərək ki, Azərbaycanda dinlər, dillər,millətlər arasında münaqişə yoxdur, heç vaxt da olmayıb. Bizdə ən müxtəlif dinlərinnümayəndələri bir-birilə qardaş kimi dolanıblar. Bu, "Dədə Qorqud” dastanında, Nizami,Füzuli, Nəsimi yaradıcılığında da özünü göstərir. Yaxın və uzaq qonşularımızın hamısınaədəbiyyatımızın tarixi boyu məhəbbət izhar olunur. Bunu təbliğ etməklə onu göstərməkistəyirik ki, Azərbaycan xalqı budur, onun yaşadığı və yaşatdığı ideallar bundanibarətdir. Qoy dünya insanı Azərbaycana multikulturalizm prizmasından baxıb onunhəqiqətlərini qəbul etsin. Bunun özü də eyni zamanda Qarabağ uğrunda mübarizədir.


"Bu, ölüm qarşısındaqorxumdur” və yaxud "var sübh!”


- Hansısa əsərinizdəöz prototipiniz var?

- Yox. Digər tərəfdən bütün yazılar da əslində müxtəlifpersonajlar, prototiplərdir. Ola bilər Basatda mənəm, Təpəgöz də... Dədə Qorqud da mənəm, Şir Şəmsəddin də... Bəzən məni tənqidedirdilər ki, Kamal Abdullanın çoban obrazı alim kimi danışır. "Unutmağa kimsə yox”romanında Bəhram kişi uzaq qalaktikalardan, paralel dünyalardan söhbət açır. Bəli,belədir. Çünki o da mənəm. Flober deyirdi ki, Madam Bovari - bu mənəm. O dövr getdiki, çobanı çoban dilində danışdırmaq üçün kəndə gedib 3 ay çobanlıq etməliydin.Edirdilər də... Gərək biləsən ki, inəyi necə sağırlar, qoyunu necə xınalayırlar.Bu mənə həmişə qəribə gəlib. Amma digər tərəfdən etiraf edirəm ki, bunlar da etnoqrafiyaüçün son dərəcə maraqlı və bəlkə də yaşamağa haqqı olan məqamlardır.

- Yaradıcılığınızdamistikaya meyil çoxdu. Hələ mətbəə qoxusu duyulan əsərinizdə - "Sirlərin sərgüzəşti”ndədə adından göründüyü kimi, mistika var. Bu, fərdi üslubdur, yoxsa bir janr?

- Bir dəfə pyesimin tamaşasına dostlarımı dəvət etmişdim.Məktəb yoldaşlarımdan biri soruşdu, "yenə ölülərdən yazmısan?” Janr deməzdim. Əslində,bu, bilirsiz nədir? Təntənəli desəm, bu, mənim insanın ölməzliyinə olan inamımdır.Təntənəsiz, səmimi şəkildə desəm, ölüm qarşısında qorxumdur. İstəmirsən öləsən,ümid edirsən ki, nə cürsə yaşayacaqsan, həyat davam edəcək. Bu ikisini birləşdirəndənə alınırsa, odur.

- Son olaraq onuda soruşum. Sizcə, şah əsərinizi yazmısınız?

- Bir dəfə mənə sual verdilər ki, Azərbaycan ədəbiyyatının3 ən gözəl romanı hansıdır? Dedim "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi”, "Unutmağakimsə yox”. İndi dördüncünü soruşsalar, deyərəm "Sirlərin sərgüzəşti” (gülür)...

- Varmı planınızdabelə əsər yazmaq?

- Füzulinin beyti ilə cavab vermək istəyirəm:

Ey Füzuli, şami-qəm əncamına

yoxdurümid,

Bir təsəllidir sənə

ol söz ki, derlər,

var sübh...

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video