30 Sentyabr 2022 00:49
2220
SİYASƏT
A- A+

Əbədiyaşar LİDER

 

Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu zaman öz xalqını qoruyan, onu firavan inkişaf yoluna çıxarmağa müvəffəq olan şəxsiyyətlər tarixdə qalırlar. Belə şərəfli ömür yolu keçmiş, yaddaşlarda əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
2023-cü ildə anadan olmasının 100 illiyini təntənə ilə qeyd edəcəyimiz dünya-şöhrətli siyasətçi, türk millətinin dəyərli öndəri olan Heydər Əliyev üzərinə götürdüyü bütün missiyalarda hər zaman millətinə inkişaf, sabitlik, böyük uğurlar qazandırıb. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi karyerası Naxçıvan Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri, daha sonra dövlət təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışdığı illərdə diqqətçəkən olmuşdur. 1969-cu ildə isə onun taleyinə Azərbaycana rəhbərlik etmək missiyası düşmüşdü. Onun sayəsində qısa zaman kəsiyində respublikamız sənaye və kənd təsərrüfatı ölkəsi kimi ittifaq miqyasında ən qabaqcıl dövlətlərdən birinə çevrildi. 
Ulu Öndər Heydər Əliyevin pozitiv keyfiyyətləri, dövləti və cəmiyyəti idarəetmə bacarığı o qədər məmnunluq doğurdu ki, 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi, 1982-ci ildə isə Siyasi Büronun üzvü kimi Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldi. O dövrün siyasi reallıqları ilə müqayisədə azərbaycanlı üçün bundan böyük status ola bilməzdi, Heydər Əliyev bu statusa layiq görüldü. Beləliklə, SSRİ-nin xəritəsində adı, ərazisi böyük olmayan Azərbaycanın mövqeləri əvvəlcə Kremldə, daha sonra isə bütövlükdə sovet məkanında möhkəmləndi. Sovet İttifaqının coğrafi xəritəsində artıq respublikamızın da yeri böyümüşdü. 
Ulu Öndər Heydər Əliyevin bu çevrədə güclü şəxsiyyət imicini özündə daşıması Azərbaycanı separatçı ssenarilərdən, işğal planlarından uzun müddət hifz etdi. Ümummilli Lider nə qədər ki Nazirlər Sovetində öz vəzifəsinin icrasını davam etdirirdi, keçmiş ittifaqın rəhbərliyi Qarabağla, bütövlükdə Azərbaycanla bağlı destruktiv planlarını həyata keçirə bilmirdi. Onu şəxsiyyətinə görə Moskvaya dəvət edənlər, elə şəxsiyyət faktoruna görə də ondan ehtiyat edirdilər. Böyük şəxsiyyəti Dağlıq Qarabağın qorunmasında keçilməz zireh olan Heydər Əliyev elə Dağlıq Qarabağa görə də "vurulmaq" aqibəti ilə qarşı-qarşıya qoyuldu. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi, amma təqaüdə hazırlaşmadı...     
Çox keçmədi ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyini yenicə bərpa edən kövrək Azərbaycanı sonu məlum olmayan, çox qorxunc siyasi böhranın, vətəndaş müharibəsinin caynağından qopartdı. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın bütövlüyünə, inkişafına xidmət edən bir amil oldu. Heydər Əliyev idarəçilikdə, siyasi proseslərdə, daxili və beynəlxalq miqyasda böyük uğurlar qazandı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Dünyanın nüfuzlu neft şirkətləri əvvəlcə Azərbaycana yatırımlar qoymağa tərəddüd edirdilər. Yalnız Heydər Əliyevin güclü siyasi iradəsindən sonra neft şirkətləri, bütövlükdə beynəlxalq aləm ölkəmizə meyilləndi. 1994-cü ildə "Əsrin müqaviləsi" Azərbaycanda təntənə ilə imzalandı. Neft Azərbaycanın milli təhlükəsizlik faktoruna çevrildi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. 
Azərbaycanda demokratik inkişaf prosesinin sürətli dövrü, bu istiqamətdə gərəkli olan bütün addımların atılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin Avropa Şurasına üzvlüyü, bu qurum qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyaların, mətbuatın inkişafı, qanunların Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanda demokratiyanın bərqərar olmasını  sübuta yetirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi təfəkküründə, analitik düşüncəsində iqtisadi resurslar, ilahidən gələn möcüzəvi nemətlər Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsi, xarici müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-seçilən respublikaya çevrilməsi üçün çox böyük amil idi. Böyük İpək yolunun açılması istiqamətində addımların atılması, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər qlobal strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitəyə çevirdi. Ulu Öndərin möhürünü vurduğu iqtisadi layihələrdən bu gün Azərbaycan təkcə maddi qazanc götürmür, sosial siyasətini möhkəmləndirmir, həm də dünya siyasətinin müəyyənləşməsində iştirak edir. 
Heydər Əliyevin Azərbaycanın milli maraqlarına zidd olan heç bir sənəddə imzası olmadı. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt özündən sonra da uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ulu Öndərin də  vəsiyyəti yerinə yetirildi, Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. 
Ümummilli Liderin dünya siyasətinə güclü təsiretmə nüfuzu var idi. Hər siyasət adamında olmayan yüksək keyfiyyətləri daşıyır, siyasi reallıqlara düzgün yanaşma məharəti, sinəsinə döyən bəzi opponentlərini öz rasional qərarları, düzgün addımları sayəsində məğlubetmə bacarığı ilə hamını heyran qoyurdu. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər bütün sahələrdə idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Yaşadığımız siyasi reallıqlar sübut edir ki, dünyaşöhrətli siyasətçi  Heydər Əlirza oğlu Əliyev zəngin dövlətçilik təcrübəsi olan, xilaskar, nüfuzlu, güclü xarizmatik və fenomen lider kimi xalqımızın qəlbində əbədi yaşayacaq. 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video