10 Avqust 2025 08:10
1971
SİYASƏT
A- A+
Dünyanın diqqətində olan sülh sammiti

Dünyanın diqqətində olan sülh sammiti


Ağ Evdə Cənubi Qafqazda uzunmüddətli sülhə, sabitliyə aparan yolun başlanğıcı qoyuldu


Prezident İlham Əliyevin avqustun 7-8-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri Cənubi Qafqazda uzunmüddətli sülhə, sabitliyə aparan yolun başlanğıcını qoydu. Regionun lider ölkəsi olan Azərbaycan rəhbərinin dünyanın ən güclü dövləti ABŞ-nin Prezidentinin dəvəti ilə gerçəkləşən və beynəlxalq ictimaiyyətin, medianın nəticələrini diqqətlə izlədiyi, yerli və əcnəbi siyasi ekspertlərin sülhlə bağlı böyük gözləntilərinin olduğu bu vacib səfəri əldə edilən tarixi nailiyyətlər baxımından olduqca zəngin keçdi. 

Ölkəsinin ərazi bütövlüyünü, suverenliyini təmin edən qalib lider eyni zamanda sülh təşəbbüskarının müəllifi kimi Vaşinqtona səfər edən Prezident İlham Əliyev tarixi sammitdə Azərbaycana həm də qürurlu diplomatiya qələbəsi bəxş etdi. Yürütdüyü qətiyyətli və uzaqgörən siyasət sayəsində ölkəmizi bütövləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çevik, zamanın çağırışlarına cavab verən diplomatik siyasətinin nəticəsidir ki, avqustun 8-də Vaşinqton sülh sammitində imzalanan Birgə Bəyannamə məhz Azərbaycanın milli maraqlarının təmini əsasında formalaşdırıldı. 

Bir sözlə, Müzəffər Ali Baş Komandan kimi müharibədə qələbə çalaraq tarixi ədaləti təmin edən Prezident İlham Əliyev dünyada əmin-amanlığın və barışın tərəfdarı olaraq sülhü də qazandı.


Dostluğa dayanan münasibətlər


ABŞ-Azərbaycan əlaqələrinin 33 ildən artıq tərəfdaşlıq tarixi var. Ancaq iki ölkənin münasibətlərinin Prezident Donald Trampın Ağ evə rəhbərlik etdiyi hər iki dövrdə xüsusilə müsbət istiqamətdə dinamik inkişaf etməyə başlaması da reallıqdır. İki ölkə lideri İlham Əliyev və Donald Tramp arasındakı səmimi münasibətlərdən bəhrələnərək inkişaf edən bu əlaqələr gündən-günə daha da möhkəmlənir. Ölkəmizin başçısının Vaşinqtona səfəri zamanı ABŞ rəhbəri Donald Trampın Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim etməsinin özü böyük simvolik məna daşıyır. Bununla Ağ Ev rəhbəri ölkələrimiz arasındakı əlaqələrin yüksək etimada, dostluğa söykəndiyinə işarə vurmaqla yanaşı, həm də İlham Əliyev şəxsiyyətinə olan dərin ehtiramını göstərmiş oldu. 

Yeri gəlmişkən, bildirək ki, iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqətçəkən cənab İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır: "Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun". 

ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmışdı.

Diqqətçəkən məqamdır ki, Azərbaycan liderinin ABŞ-yə səfəri zamanı - avqustun 8-də Donald Tramp "Truth" sosial platformasındakı səhifəsində Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı növbəti dəfə paylaşım etdi. 

Gətirdiyimiz bu nümunələr Donald Trampın və İlham Əliyevin bir-birlərinə olan səmimi dostluq münasibətini ortaya qoyan faktlar olmaqla yanaşı, həm də hər iki ölkə rəhbərinin ədalətli, beynəlxalq hüquqa dayanan və sülhü dəstəkləyən mövqe tutmalarını bir daha nümayiş etdirir.    


Strateji tərəfdaşlığa doğru


Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Azərbaycan əlaqələrində yeni və uğurlu gələcəyə hesablanmış səhifələr açır və bu əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" bunun bariz göstəricisidir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

* Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

* Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə;

* Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq;

* Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq;

* ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı anlamına gəlir. 

1992-ci ildə "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunmuşdu. Qərəzli Bayden administrasiyası dövründə 907-ci düzəlişin yenidən canlandırılmasına və bundan ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılmışdı. 

Ölkəmizin rəhbərinin ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalandı. Bununla Azərbaycan xalqına qarşı həyata keçirilən 33 illik haqsızlığa son verildi. 


Dayanıqlı sülh  


ABŞ Prezidenti Donald Tramp davamlı olaraq Azərbaycanın bölgə ilə bağlı sülh səylərini dəstəkləyir. 

Xatırladaq ki, bu ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh prosesi istiqamətində atılmış mühüm addım oldu. Həmin görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi.  

Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəklənməsi ilə bağlı açıqlama verildi. Birləşmiş Ştatların Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirdi.

Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə ABŞ-yə tarixi səfəri regional sabitlik baxımından da xüsusi əhəmiyyətə malik oldu. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün İrəvanın Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməsi lazımdır. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ölkəmizə qarşı ərazi iddiaları yer alır.

ATƏT-in Minsk qrupunun fəaliyyəti de-fakto dayanıb. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi də təsdiqləndi.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Bölgədə kommunikasiyaların açılması məsələsi də öz həllini tapır. 

44 günlük müharibədən sonra Prezident İlham Əliyevin bəyanatlarında  Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməli olduğu vurğulanırdı. Dövlət başçımızın bu qəti tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmini təsdiq olunur. Yəni Zəngəzur dəhlizinin açılması reallaşır. 

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.

Onu da qeyd edək ki, sülh müqaviləsinin paraflanması həyata keçirilsə də bu, sülh müqaviləsinin imzalanması demək deyil. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.


Azərbaycanın səyləri ilə 


Prezident Donald Trampın iştirakı ilə Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton sülh sammiti əldə olunan tarixi nailiyyətləri ilə yadda qaldı. Vaşinqton sammiti zamanı razılaşmalar əldə edilməsi, Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanması ümumilikdə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istqamətində atılmış vacib addım oldu. 

Bununla bölgədə ayırıcı xətlər çəkmək istəyən maraqlı xarici qüvvələrin, Ermənistandakı revanşistlərin, erməni lobbisinin, ümumiyyətlə Azərbaycanın düşmənlərinin də layiqli payı verilərək, yerlərinə otuzduruldular. 

Birgə Bəyannamə həm də torpaqlarının işğalı dövründə belə münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olan, eyni zamanda Vətən müharibəsindən dərhal sonra Ermənistan-Azərbaycan arasında normallaşmaya, barışa nail olunması üçün mühüm təşəbbüslərlə çıxış edən, bu istiqamətdə əməli addımlar atan Azərbaycanın sülh səylərinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.  

"Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir", - deyən Prezident İlham Əliyevin Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirdiyi kimi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!