10 Iyun 2022 01:13
1028
SİYASƏT

Dünyanın diqqəti yenidən Bakıdadır

 

Bu gündən paytaxtımızda "Formula-1" yarışlarına start verilir

 

Yüz milyonlarla tamaşaçı auditoriyasına malik olan "Formula-1" yarışlarının həyəcanı növbəti dəfə Azərbaycanda yaşanır. Bu gündən Bakıda yarışmanın  Azərbaycan Qran-prisinə start verilir. Ona görə dünyada avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib.  3 gün davam edəcək turnirdə  Sebastian Fettel, Lyuis Hemilton, Valtteri Bottas, Fernando Alonso kimi məşhur pilotlar mübarizə aparacaqlar.

 

Dünyanın təqdir etdiyi mükəmməl evsahibliyi

 

Azərbaycan artıq uzun illərdir dünyada beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi məkan kimi tanınır. Eyni zamanda respublikamız indiyədək mötəbər beynəlxalq idman tədbirlərinə də evsahibliyi edib. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, çoxsaylı Avropa və dünya çempionatları Azərbaycanı həm də dünyada idman ölkəsi kimi tanıdıb. Bu yarışların hər birində respublikamızın yüksək təşkilatçılığı, nümunəvi evsahibliyi qlobal idman aləmi tərəfindən təqdir edilib, örnək kimi dəyərləndirilib.

Təbii ki, bütün bunlar Azərbaycanın inkişafının və yüksəlişinin təcəssümüdür. Aydındır ki, adi bir idman yarışını təşkil etmək üçün dünya standartlarına cavab verən idman infrastrukturuna  malik olmaq lazımdır. O cümlədən həm xarici idmançıları beynəlxalq standartlar çərçivəsində qarşılamaq lazımdır, həm də yarışı izləmək üçün birdən-birə ölkəyə gələn çoxsaylı xarici qonağın yerləşə bilməsi üçün müəyyən infrastruktur olmalıdır. Təqdirəlayiqdir ki, Azərbaycan bütün bunların hamısına malikdir. Prezident İlham Əliyevin mütərəqqi inkişaf siyasəti bütün sahələrlə yanaşı, idman sferasında da Azərbaycanda nəinki standart, həm də olduqca mükəmməl müasir infrastrukturun yaradılmasına yol açıb. Bunun nəticəsi olaraq Bakıda yaradılan möhtəşəm infrastruktur bu yarışların hər birini ən mükəmməl şəkildə təşkil etməyə imkan verib. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları artıq təsdiq edib ki, Azərbaycan ən kütləvi və ən böyük idman yarışlarına evsahibliyi etməyə, ölkəyə gələcək on minlərlə turisti qarşılamağa hazırdır.

 

"Formula-1" artıq Azərbaycan üçün yenilik sayılmır

 

"Formula-1" sıradan bir yarış deyil, dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə  Qran-pri  mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Bolid adlandırılan müasir "Formula-1" avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar tək adamlıq olur, üstəlik sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.

Mübarizə aparan iştirakçıların sayı digər idman tədbirlərindən  az olsa da, bu avtomobil  yarışı tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatından və Olimpiya oyunlarından geri qalır. Hesablamalara görə, "Formula-1"in dünyadakı auditoriyası təxminən 500 milyon nəfərdir. Elə ölkəmizdə də bu avtomobil yarışmasına maraq göstərənlərin sayı olduqca çoxdur.

Bakı artıq altıncı dəfədir ki, "Formula-1" yarışlarına evsahibliyi edir. Bu baxımdan "Formula-1" Azərbaycan üçün yenilik sayılmır.  Bakı bir neçə ildir ki, dünyanın sürət paytaxtıdır. Unikal xüsusiyyətlərə malik olan Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trekdir. Ona görə bu yarışda bütün dünya hər dəfə paytaxtımızın gözəlliyinin şahidi olur. Paytaxtımızın düz mərkəzində gözəllik, sürət və həyəcan bir araya gələrək "Formula-1" yarışının mahiyyətini tam simvolizə edir.

 

Azərbaycan Qran-prisi mövsümün ən maraqlı tədbirlərindən olacaq

 

"Formula-1" həm də ölkəmizin dünyada tanıdılması, turizm potensialının təbliği deməkdir.  Azərbaycana gələn xarici turistlərin sayında son illərdə əhəmiyyətli dərəcədə artımın baş verməsində məhz bu kimi tədbirlər mühüm rol oynayır. Xatırladaq ki, ötən il "Formula-1" yarışları pandemiya səbəbindən tamaşaçısız keçirilmişdi. Bu il isə trekin müxtəlif yerlərində tribunalar quraşdırılıb və yarışları izləmək istəyən əcnəbi tamaşaçılar Bakıya təşrif buyurublar.

Bəli, dünyanın avtomobil idmanı azarkeşlərinin diqqəti yenə Azərbaycana yönəlib. Şübhə yoxdur ki, Azərbaycan Qran-prisi ötən illərdə  olduğu kimi, bu dəfə də "Formula-1" mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Avtomobil idmanı həvəskarları Bakıda bir daha Azərbaycanın nümunəvi evsahibliyinə və möhtəşəm yarışa şahidlik edəcəklər.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video