Azərbaycandakı dini mühitlə bağlı əsassız və absurd iddialar irəli sürənləri başqa cür adlandırmaq mümkün deyil
Azərbaycan dünyada müxtəlif mədəniyyətlərin və inancların qovuşduğu nadir tolerantlıq məkanlarından biri kimi qəbul olunur. Əfsuslar olsun ki, sülhün və qarşılıqlı hörmətin təbliğatçısı kimi tanınan ölkəmizin birgəyaşayış modelinə və dinlərarası dialoq sahəsində əldə etdiyi tarixi nailiyyətlərə kölgə salmaq cəhdləri hələ də bəzi beynəlxalq dairələrin siyasi gündəmindən düşmür.
Milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan multikulturalizm və dini dözümlülük ənənələri növbəti dəfə qeyri-obyektiv yanaşmanın hədəfinə çevrilib. Belə ki, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci il hesabatında Azərbaycanın dini mühitinə dair kifayət qədər əsassız və absurd ittihamlar yer alıb. Reallıqların tamamilə təhrif edildiyi hesabatda ölkəmizdə "dini azadlıqların pozulduğu" iddia olunub.
Şübhəsiz, Azərbaycanın dini mühitinə dair irəli sürülən iddialar qərəzli yanaşmanın məhsuludur. Hesabatda yer alan "dini azadlıqların boğulması", "inanclı şəxslərin əsassız təqib edilməsi" və "məzhəb fərqi"nin qabardılması ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi və mənəvi həmrəyliyi hədəf alan manipulyasiya cəhdidir.
Ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri sənəddə yer alan iddiaları kəskin şəkildə rədd ediblər. Din xadimlərinin yaydığı birgə bəyanatda vurğulanıb ki, hesabat müəyyən anti-Azərbaycan qrupların və lobbi dairələrinin qərəzli diktəsini özündə əks etdirir. Bəyanat müəllifləri qeyd ediblər ki, daim multikulturalizm və tolerantlıq ideyalarını təşviq edən rəsmi Bakıya yönəlik bu cür ittihamlarla çıxış etmək beynəlxalq ictimaiyyəti çaşdırmaq və ölkəmizdəki mövcud dini həmrəylik mühitinə kölgə salmaq məqsədi güdür. Konfessiya rəhbərlərinin xüsusi narahatlıqla qeyd etdiyi digər məqam Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin təhrif olunmasıdır. Hesabatda tarixi-mədəni abidələrin bərpası prosesinin fərqli yozulması qətiyyətlə pislənilib. Bildirilib ki, Azərbaycan tərəfi dini mənsubiyyətindən asılı olmayaraq, bütün mədəni irsi eyni həssaslıqla qoruyur və bərpa edir.
Həqiqətən də, yüksək tolerantlıq və multikultural dəyərlərə sahib olan və məhz bu ənənəsinə görə dünyaya nümunə göstərilən Azərbaycanı "dini azadlıqlar" məsələsində suçlamaq çox gülüncdür. Əsrlərə söykənən birgəyaşayış mədəniyyəti Azərbaycanın dövlət siyasətinin nüvəsini təşkil edir. Konstitusiyamız hər bir vətəndaşın etiqad azadlığını tam təmin edir və dini zəmində ayrı-seçkiliyə əsla imkan vermir. Müasir dünyada dini faktorlardan sui-istifadə halları və təhlükəsizlik təhdidləri artdığı bir şəraitdə Azərbaycan hökuməti daim dini icmaların ehtiyaclarını diqqət mərkəzində saxlayır, dövlət rəhbərliyi səviyyəsində icmalarla mütəmadi təmaslar qurulur.
Azərbaycan məscid, kilsə və sinaqoqların eyni məkanda inşa edildiyi, fərqli konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyi nadir ölkələrdəndir. Bu harmoniya təkcə mövcud qanunlarla yox, cəmiyyətin gündəlik həyat tərzi ilə də qorunur. Bölgənin ən böyük sinaqoqunun ölkəmizdə yerləşməsi də Azərbaycanın dini plüralizmə verdiyi dəyərin növbəti sübutudur. Buna baxmayaraq, hesabat müəllifləri işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa işlərini təhrif etməyə çalışırlar. Halbuki Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün quruculuq işləri beynəlxalq mütəxəssislərin iştirakı ilə tarixi-mədəni irsin orijinal simasının qorunması prinsipinə əsaslanır.
Azərbaycanın bənzərsiz tolerantlıq modeli dünya dini liderləri tərəfindən də daim yüksək qiymətləndirilib. Roma papaları II İoann Pavel və Fransisk Azərbaycanı parçalanmış dünya üçün əsl nümunə kimi təqdim edib, ölkəmizi sülh adası adlandırıblar. Eyni zamanda islam dünyasının mötəbər siması, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib də ölkəmizin məzhəblərarası və dinlərarası həmrəylik modelini təqdir edib. Azərbaycanın humanitar missiyası sərhədləri aşaraq qlobal xarakter alıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Vatikandakı xristian abidələrinin bərpasındakı rolu beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanıb. 2008-ci ildən start götürən "Bakı Prosesi" və "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" bu sahədə Azərbaycanı əsas qlobal mərkəzə çevirib. Nəhayət, COP29 çərçivəsində Bakıda 55 ölkədən 300-dən çox dini liderin toplaşması Azərbaycanın multikulturalizm sahəsindəki liderliyini bir daha təsdiqləyib.
Bir məqamı da vurğulayaq ki, ABŞ-də Donald Tramp administrasiyasının fəaliyyətə başlaması ilə ölkələrimiz arasında ikitərəfli əlaqələrin canlandığı, Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlərin əldə olunduğu bir vaxtda BDAK-ın nümayiş etdirdiyi qərəzli mövqe təəssüf doğurur. Azərbaycanın regional sülhün təminatındakı strateji rolu və dinlərarası dialoqa sadiqliyi beynəlxalq səviyyədə qəbul edilmiş danılmaz faktdır. Bu sadiqliyin bariz nümunəsi kimi ölkəmizin ABŞ rəhbərliyinin təşəbbüsü ilə qurulan Sülh Şurasına təsisçi üzv qismində dəvət edilməsini göstərmək olar.
Heç bir qərəzli sənəd və ya siyasi manipulyasiya Azərbaycanda əsrlər boyu formalaşmış mənəvi həmrəylik mühitini sarsıda bilməz. Dövlətimiz bu sahədə sözünü deyərək həm dini liderlərin, həm də beynəlxalq birliyin rəğbətini qazanıb. Sifarişli hesabatların tirajlanmasına baxmayaraq, Bakının multikulturalizm paytaxtı kimi qlobal liderliyi, birgəyaşayışa sadiqliyi heç zaman sarsılmayacaq. Azərbaycan sülh quruculuğu missiyasına sadiq qalaraq, dünyaya fərqli mədəniyyətləri və birgəyaşayış nümunəsini bundan sonra da təqdim edəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"