Hesablayıblar ki, keçmişdə dağıdıcı müharibələrdə döyüşlərdə ölənlərin sayı savaşların ucbatından yaranan aclıqdan ölənlərin sayından az olub. Xüsusilə müharibə edən tərəflərin "viran edilmiş torpaq" taktikası daha dəhşətli hallarla müşahidə edilib. Sonralar imperiyalar, dövlətlər, xalqlar problemlərini çox vaxt dinc yolla həll etməyə çalışsalar da, silahlarını da yerə qoymayıblar.
Müasir dövrdə Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, ərzaqla təminat dünyanın ən həssas problemidir. Dünyanın iri buğda ixracatçıları olan bu iki ölkənin aralarında olan ziddiyyət üzündən başladıqları savaş az qala böyük bir region üçün ərzaq qıtlığı ilə nəticələnəcəkdi. Məsələ o qədər ciddiləşmişdi ki, işə BMT qoşuldu, təhlükənin qarşısını almaq üçün hər iki tərəflə danışıqlar apardı.
BMT-nin Dünya Ərzaq Proqramı Təşkilatı həyəcan təbili çalaraq bildirir ki, dünyada ərzaq çatışmazlığı böhranı dərinləşə bilər. Aclıqla mübarizə aparan beynəlxalq humanitar təşkilatların hesablamalarına görə, ABŞ və İsrail-İran müharibəsi ilin ortalarına qədər davam etsəydi, 45 milyona yaxın insan kəskin ərzaq çatışmazlığı, 363 milyon nəfər normal qida təminatı ilə üzləşə bilərdi. Səbəbi sadədir: məlumdur ki, ərzaq (kənd təsərrüfatı) məhsullarını yetişdirməkdə yanacaq və gübrə önəmli rol oynayır. Həmin məhsulları ixrac edənlərin çoxu isə körfəz ölkələridir. Sözügedən müharibə başlayandan dünyada ərzaq qiymətləri bahalaşmağa başlamışdı. Qiymət bahalaşanda isə ilk növbədə alıcılıq qabiliyyəti aşağı olan insanlar əziyyət çəkirlər. Dünya Ərzaq Proqramı mütəxəssislərinin hesablamalarına görə, Afrika qitəsində belə insanlar, o cümlədən uşaqlar daha çoxdur. O üzdən əgər ABŞ və İsrail-İran savaşı yenidən alovlanarsa, Afrikada aclıqla üzləşən insanların sayının əlavə olaraq 20 faiz artacağı qaçılmaz olacaq.
Bu günlər BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) mart ayı üzrə qlobal ərzaq qiymətləri indeksindəki dəyişiklikləri açıqlayıb. Açıqlamaya görə, Qlobal Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 128,5 bənd təşkil edib ki, bu da yenidən işlənmiş fevral səviyyəsindən 3 bənd (2,4 faiz) yüksəkdir. Bu artımlar ardıcıl ikinci aydır ət, süd məhsulları, bitki yağları və şəkərdə özünü göstərir. Qeyd olunur ki, bunun əsas səbəbi ABŞ və İsrail-İran müharibəsidir. Müharibə dünyada enerji daşıyıcılarının kəskin şəkildə bahalaşmasına səbəb olmuşdu. Bu qiymət artımı kənd təsərrüfatı bazarlarına multiplikator təsir göstərmiş, nəticədə nəqliyyat, gübrə istehsalı və bioyanacaq istehsalı xərclərini artırmışdır ki, bu da qida məhsullarının qiymətinə təsir göstərmişdir.
Taxıl dünya bazarında FAO Qiymət İndeksinə görə, fevral ayı ilə müqayisədə 1,5 faiz artaraq 110,4 bəndə çatıb. Əsas amil buğda olub: ABŞ-də məhsul proqnozlarının pisləşməsi və Avstraliyada əkin sahələrinin mümkün azalması səbəbindən qlobal qiymətlər 4,3 faiz bahalaşıb. Dünyada taxıl satışından fərqli olaraq, düyü qiymətləri aşağı düşüb: yeni məhsulun gəlməsi və idxal tələbatının zəifləməsi səbəbindən onun qiymət indeksi 3 faiz azalıb.
Ötən ay bitki yağı sektoru da əhəmiyyətli miqyasda artım nümayiş etdirib. Müvafiq indeks bir ayda 5,1 faiz artaraq 183,1 bəndə çatıb. Əsas amil palma yağı qiymətlərinin kəskin artması olub və bu, 2022-ci ilin ortalarından bəri ən yüksək həddə çatıb. Qiymətlərin artması neft qiymətlərinin və bioyanacaqlara tələbatın yüksəlməsi gözləntiləri, eləcə də Malayziyada istehsal proqnozlarının azalması ilə bağlıdır. Qara dəniz bölgəsindən günəbaxan yağı tədarükünün azalması və yanacaq xammalına tələbatın artması da bazara əlavə təzyiq göstərir.
Ət qiymətləri də ötən ay artmaqda davam edib və FAO indeksi 127,7 bala yüksəlib. Artımın əsas hərəkətverici amili donuz ətidir. Onun qiymətləri əsasən mövsümi tələbatın artacağı gözlənilən Avropa İttifaqında yüksəlib. Mal əti qiymətləri isə Braziliyada mal-qara sürüsünün azalması ilə bağlıdır. Eyni zamanda Yaxın Şərq və Qırmızı dəniz nəqliyyat marşrutundakı logistik çətinliklər region ölkələrinə quş əti tədarükünə, bu da öz növbəsində qlobal ticarətə mənfi təsir göstərir.
FAO-nun məlumatına görə, uzun müddət davam edən azalmadan sonra süd bazarı bərpa olunmağa başlayıb. Mart ayında FAO Qiymət İndeksi 120,9 bəndə çatıb ki, bu da fevral ayı ilə müqayisədə 1,2 faiz yüksəkdir. Artım güclü idxal tələbi və Okeaniyada mövsümi tədarükün azalması fonunda süd tozu və kərə yağı üçün kotirovkalarla əlaqədardır.
Qlobal bazarda şəkər qiymətləri yüksək aylıq sıçrayış nümayiş etdirir. Belə ki, onun indeksi 7,2 faiz artaraq 92,4 bəndə çatıb. Burada artan neft qiymətləri də rol oynayır. Yüksək enerji qiymətləri dünyanın ən böyük şəkər ixracatçısı olan Braziliyanın daha çox şəkər qamışını etanol istehsalına yönəldəcəyi gözlənilir ki, bu da süfrə şəkəri tədarükünün azalmasına səbəb ola bilər. Əlavə bir amil isə Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin beynəlxalq ticarət və logistikanı çətinləşdirə biləcəyi ilə bağlı yaranan narahatlıqla bağlı olmuşdu.
Heç kəs hazırda 2 həftəlik fasilə verilmiş sözügedən müharibənin gələcək taleyini bilmir. Hazırda iki ölkə arasında danışıqların aparılması barədə razılıq əldə olunub, bunun sülhlə nəticələnib-nəticələnməməsinə qarşıdakı günlərdə aydınlıq gələcək, yalnız bundan sonra dünya bazarında ərzağın qiymətlərinin sabitləşəcəyi barədə proqnoz vermək mümkün olacaq.
Rüstəm KAMAL,
"Azərbaycan"