ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) "2026-cı il İllik Hesabatı"nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialar yer alıb. Hesabatda Azərbaycanda dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi halların olduğu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilib.
BDAK-ın qərəzli hesabatı ilə əlaqədar Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, hesabatdakı iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə alınmayıb. Bəyanatda bildirilib ki, ölkəmizdə guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. "BDAK-ın bu yanaşması Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir... Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır", - deyə bəyanatda qeyd olunub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycana qarşı qərəzli hesabatların hazırlanmasına son qoyulmalıdır: "Uzun illərdir Azərbaycanın daxili işinə qarışaraq, ölkəmizlə bağlı ədalətsiz hesabatlar hazırlanır və Azərbaycan bir sıra məsələlərdə ittiham olunur. Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Böyük dini mərkəzlərin rəhbərləri Azərbaycanla bağlı dəfələrlə müsbət fikirlərini bildiriblər. Eyni zamanda Azərbaycanda mövcud olan tolerantlığın, multikulturalizmin xaricə ixrac olunmasının mümkünlüyündən, önəmindən bəhs ediblər. Azərbaycanda müxtəlif dinlərdən olan xalqların birgəyaşayışı dünyanın, demək olar ki, heç bir yerində yoxdur. Azərbaycan sözün həqiqi mənasında tolerantlıq nümunəsidir".
Deputat diqqətə çatdırıb ki, Azərbaycanda istər müsəlmanlar, istər xristianlar, istərsə də yəhudilər və digərləri bir-birləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə dini azadlığın pozulması, dini icmalara təzyiqlərin olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Bu cür yanaşmalar bəzi lobbi qruplarının qərəzli mövqeyini əks etdirir. Azərbaycanda heç bir münaqişə, qarşıdurma yoxdur. Müxtəlif dinlərin nümayəndələri də ölkəmiz haqqında ən yüksək fikirlərini söyləyirlər.
Beynəlxalq Dini Azadlıq Komissiyası tərəfindən yayılan hesabatın qərəzli sənəd olduğunu deyən C.Məmmədov bu cür hesabatlara son qoymağın vacib olduğunu bildirib: "Əgər onlara dəqiq informasiya lazımdırsa, bu məlumatı biz də təqdim edə bilərik. Həmçinin gəlib müşahidə də edə bilərlər. Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər ən yüksək səviyyədədir. Ölkəmizə qarşı bu cür iddialar, ittihamlar ikitərəfli münasibətlərə də xələl gətirir. Eyni zamanda Azərbaycan həqiqətlərini də təhrif edir. Ona görə tövsiyə edirik ki, gəlsinlər, görsünlər və belə qərəzli münasibətə son qoysunlar".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"