Müxtəlif adət və ənənələr bayrama xüsusi rəng qatır
Hər bir xalqın özünəməxsus Yeni il adət-ənənələri, fərqli atribut və personajları var. Bəzi xalqlar növbəti ilin xeyirli-uğurlu olması üçün yeni ili toplu şəkildə qarşılayır, bəziləri isə sadəcə süfrədəki yeməklərin düşərli olacağına inanırlar. Bu mənada lobya, düyü, dairəvi formalı qida məhsulları və dadlı desertlər menyunun ilk sıralarında yer tutur.
Bəzi mədəniyyətlərə əsasən isə, yeni ili qarşılayarkən insanların geyimləri və yaxud evdəki əşyalar da növbəti ilin aqibətini müəyyən edir. Onların inanclarına görə qarderoba və evin dizaynına diqqət yetirmək, köhnə geyimləri və əşyaları 31 dekabr saat 00:00-dək atmaq və ya dəyişmək lazımdır. Bu, yeni ildə bəşəriyyətə sağlamlıq, ruzi-bərəkət və sevgi bəxş edə bilər.
Bəzi adətlərə görə, Yeni ili qarşıladığımız dəqiqədə harada olmağımız, nə dinləməyimiz, ən əsası isə özümüzü hansı əhvalda hiss etməyimiz də əhəmiyyət kəsb edir. Yəni növbəti ilə ilk addımımız sanki 12 ayın aqibətindən xəbər verdiyi üçün müxtəlif xalqlar özlərinə məxsus maraqlı adət-ənənələrə diqqət yetirir və qarşıladıqları ilə bir-birilərinə müsbət enerji ötürürlər.
100 ildən çoxdur ki, davam edən ənənə
Tarixi mənbələr Yeni ilin ilk dəfə qeyd edilməsini romalıların, qədim almanlar və yaxud da çinlilərin adı ilə bağlayırlar. Müasir dünyamızda isə bu bayramı ilk dəfə kimin qeyd etməsindən asılı olmayaraq, Yeni il, demək olar ki, dünyanın əksər xalqlarının ənənəvi bayramına çevrilib. Bu bayramın yaranmasının 25 əsrdən çox tarixi var. Ümumiyyətlə, il dəyişimini qeyd etmək adəti isə ilk dəfə Qədim Mesopotamiyada yaranıb. Bu gün isə yəqin ki, bütün dünya 2023-cü ili qarşılamaq üçün saatları sayır.
Amerika Birləşmiş Ştatlarında Yeni ili qarşılamaq üçün uğurlu hesab edildiyinə görə qaragöz lobya yemək və "Auld Lang Syne" mahnısını oxumaq ənənə halını alıb. Bu mahnının sözləri Robert Burns adlı şotland şairə məxsusdur. Əslində, mahnıda ötən günlərin xatirələrindən bəhs edilir, tez-tez "kim unudar köhnə dostlarını?!" ifadəsi keçir. Görünür, amerikalılar yeni ili qarşılamaq üçün köhnə ili xatırlamağı, ötüb gedən gözəl günlərin şərəfinə qədəh qaldırmağı özlərinə borc bilirlər. Onlar düşünürlər ki, yeni ildə həmrəy olmaq üçün keçmiş günləri xoşluqla yola salmaq lazımdır.
ABŞ-də milyonlarla insan Yeni il gecəsi məşhur büllur şarın aşağı endirilməsini izləmək üçün Nyu Yorkun Tayms Meydanına toplaşırlar. Bu, həmin şəhərdə artıq 100 ildən çoxdur ki, davam edən Yeni il ənənəsidir. Havada asılı qalan nəhəng şarın 00:00-da möhtəşəm şəkildə işıqlandırılmasını təmin etmək üçün ciddi əmək sərf olunur.
Befan nənə və Laplandiyalı Santa klaus
Böyük Britaniyada Yeni ildə evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Ölkənin qədim ənənələrindən biri də milad oduncağı ilə bağlıdır. Onların Miladda kəsdikləri böyük ağac il boyu saxlanılır və tamamilə qurudulur.
Krallıqda Yeni il axşamı ev ideal şəkildə təmizlənməlidir. Gecə yarısı növbəti ili qarşılamaq üçün ailə başçısının evin bütün qapılarını geniş açması lazımdır. İngilis ailələr qapıları bağladıqdan sonra evə ilk gələcək qonağı səbirsizliklə gözləyirlər. Onların inancına görə, həmin qonaq ilin necə keçəcəyini müəyyən edir. Bu mənada, qonağın görkəmi növbəti il barədə çox söz deyə bilər. İngilislər yeni ildə evə girən ilk adamın qadın, eləcə də sarışın və əsmər kişi olmasını arzu etmirlər. Böyük Britaniyada ən uğurlu qonaq kürən kişi hesab olunur. Məhz bu adət-ənənəyə görə ingilislər yeni ili, adətən, evdə qarşılayırlar. Onu da qeyd edək ki, ilk qonağın özü ilə viski, şirin çörək və kömür gətirməsi vacib hesab edilir. Ev sahibləri məhz qonağın gətirdiyi kömürü ocağa atır və inanırlar ki, bunun sayəsində yeni ildə ocaqları isti, ailələri də daha mehriban olacaq.
Qərbi Avropa ölkələri də Yeni ili müxtəlif adət-ənənələrlə qarşılayırlar. Misal üçün, İtaliyada uşaqlara Yeni il hədiyyələrini, adətən, Befan nənə təqdim edir. Ümumiyyətlə, italyanların Yeni ili bərkdən qışqıraraq qarşılamaq adətləri var. Ucadan və emosional şəkildə danışmaq italyanlar üçün adi hal olsa da, bayram gecəsində daha sərbəst olurlar. Həmçinin Yeni il ərəfəsində Roma küçələrində köhnə ev əşyalarına rast gəlmək mümkündür. Onlar növbəti ili qarşılamadan öncə evdəki köhnə əşyaları pəncərədən atır, beləcə Yeni il astanasında bütün pisliklərdən təmizlənirlər.
İspaniyada Yeni il gecəsi 12 ədəd üzüm yemək adəti var. İspanlar hər üzüm dənəsinin növbəti ilin bir ayı üçün uğur gətirdiyinə inanırlar. Madrid və Barselona kimi daha böyük şəhərlərdə isə insanlar üzümlərini birlikdə yemək üçün əsas meydanlara toplaşır və yeni ili orada qarşılayırlar.
Şimali Avropa ölkəsi olan Finlandiya özünü Yeni ilin əsas personajı hesab edilən Şaxta babanın vətəni adlandırır. Finlərin inancına görə, Santa klaus Finlandiyanın qütb dairəsinə yaxın ərazidə yerləşən, hündür küknar ağacları ilə əhatə olunmuş Laplandiyada yaşayır. Onların fikrincə, Santa klaus hər il dünya səyahətinə məhz Laplandiyadan başlayır və sonra geri qayıdır.
Bu ölkədə Yeni il şənlikləri milad günündən (dekabrın 25-də) başlanır. Dekabrın 31-də isə Santa klaus şimal maralları qoşulmuş xizəyi ilə Helsinkinin mərkəzi meydanında peyda olur, insanları əyləndirir və onlara müxtəlif hədiyyələr paylayır.
Havada uçuşan köhnə qəzet səhifələri və təqvimlər
Yeni il Cənubi Amerika ölkələrində də maraqlı adət-ənənələrlə qeyd edilir. Argentinada sonuncu iş günündə havada pəncərələrdən küçələrə atılan köhnə təqvimlər, blanklar və cürbəcür kağızlar uçuşur. Bu qədim ənənənin Buenos-Ayresə haradan və necə gəldiyi məlum deyil. Həmin gün şəhərin xüsusilə biznes mərkəzləri yerləşən ərazilərində səkilər sanki kağızlarla döşənmiş olur. Deyilənlərə görə, hətta bir dəfə yerli nəşrlərdən birinin əməkdaşları bu adət-ənənəyə görə, qəzetin bütün əvvəlki nömrələrini pəncərədən atıb, arxivi yox ediblər.
Braziliyada isə Yeni ili qarşılamaq üçün toplardan atəş açılır. Adətə görə, atəş səsi eşidən kimi hər kəs bir-birini qucaqlayıb, öpməyə başlayır. Braziliyalılar inanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan, bütün ilin xoşbəxt keçə bilər. Yeni il ərəfəsində Braziliyada, həmçinin okean çimərliyində qumların üzərində minlərlə şam da yandırılır. Dalğaların üzərinə gül ləçəkləri səpən xanımlar növbəti ilin uğurlu keçməsi üçün dua edirlər.
Kolumbiya sakinlərinin uğurlu Yeni il anlayışı isə tamamilə səyahətlə bağlıdır. Onların fikrincə, bir il ərzində nə qədər çox səyahət edə bilmisənsə, deməli, ilin o qədər uğurlu keçib. Ona görə də Kolumbiyada insanlar köhnə ilin son günündə evlərin ətrafında boş çamadanlar gəzdirir, dövrə vururlar.
Saat 00:00 olanda gülməyə başlayırlar, bir-birinə avar hədiyyə edirlər
Yeni ili ən böyük bayram hesab edən yaponlar ona günlərini həsr edir, yüksək əhvali-ruhiyyədə olurlar. Onlar Yeni il ərəfəsini "qızıl həftə" adlandırır və həmin vaxtda müəssisələrin, firmaların və hökumət təşkilatlarının işini dayandırırlar. Yaponiyada Yeni il simvolu küknar və bambukun calağından əldə olunan Kadomaçu ağacı hesab olunur. Bu ölkədə təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. İnanca görə, həmin zənglər insanların mənfi cəhətlərini aradan qaldırır, pislikləri yaxşılıqlarla əvəz edir. Yeni ilin girdiyi anda yaponlar gülməyə başlayırlar və inanırlar ki, bu gülüş növbəti 12 ayda onlara uğur gətirəcək. Yaponlar, həmçinin avar çəkməklə xoşbəxt olacaqlarına inandıqları üçün onların əsas Yeni il hədiyyələri də avardır.
Çində isə Yeni il ərəfəsində hədiyyələşmək adət halını alıb. Onlar da köhnə ildən qalan pislikləri yox etmək üçün evlərini təmizləyir, yeni əşyalar alırlar. Həmçinin çinlilər Yeni ilin şans və bərəkət içində keçməsi üçün evlərini çiçəklərlə bəzəyirlər. Saat 00:00-da yaxınların bir arada olması, növbəti ilə deyib-gülərək qədəm qoymaq məqbul hesab edilir.
Yeni il deyəndə ağla ilk gələn ölkələr sırasında həm də Rusiya, Belarus və Ukrayna var. Şaxtalı havaları ilə məşhurlaşan bu ölkələr maraqlı Yeni il adətləri ilə fərqlənirlər. Həmin günlərdə ruslar, ukraynalılar və belaruslar ənənəvi Yeni il yeməyi olan kişmişli şirin sıyıq və fəsəli bişirirlər. Bu xalqların nümayəndələri düşünürlər ki, Yeni il süfrəsi nə qədər zəngin olarsa, bütün il boyu da evdə belə bolluq müşahidə edilər. Onlar həmçinin bayram ərəfəsində bütün borcları ödəməyə çalışır, küsülüləri barışdırır və bir-birilərindən üzr istəyirlər. Yeni il gecəsində hər kəs böyük meydanlarda bəzədilmiş Yeni il ağaclarının ətrafına toplaşır və atəşfəşanlığı seyr edirlər.
Digər qəribə adətə görə isə, ruslar növbəti illə bağlı arzularını kağız parçalarına yazır və onları yandırırlar. Sonra isə yandırılmış kağızları bardaqlara ataraq şərab içirlər. Ruslar belə etməklə yeni illə bağlı dilədiklərinin reallaşacağına inanırlar.
Azərbaycan xalqı Yeni ili ən sevimli bayramlarından biri kimi qeyd edir. Xalqımız Yeni ilə həvəslə hazırlaşır, bayram süfrələri açır, qonaq qəbul edir, bir sözlə, insanlarımız yüksək bayram əhvali-ruhiyyəsində olurlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, biz Yeni ili artıq üç ildir ki, torpaqlarımızı işğaldan azad etmiş, daha məğrur və qürurlu xalqın nümayəndələri kimi qarşılayırıq. Ona görə xalqımızın 2023-cü ildən ən mühüm gözləntisi də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıdışıdır.
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"