ADA Universitetində tələbələrin əmək bazarına inteqrasiyasını sürətləndirmək və onları peşəkar iş dünyasına hazırlamaq məqsədi daşıyan “Karyera Hazırlığı Həftəsi 2026” artıq başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, aprelin 6-dan 15-dək davam edəcək bu intensiv proqram ABB-nin baş sponsorluğu, “Bahar Energy Operating Company”nin aparıcı tərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə həyata keçirilir.
Bu il proqrama 914 tələbə müraciət edib ki, onlardan xüsusi seçim mərhələsini keçən 583 gənc təlimlərdə iştirak hüququ qazanıb. Proqram müddətində 23 nüfuzlu şirkətin rəhbər şəxsləri və ekspertləri tələbələrə müasir iş dünyasının tələbləri istiqamətində təlimlər keçəcəklər.
Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Günay Ziyadova tədbirin strateji əhəmiyyətini vurğulayaraq Karyera Hazırlığı Həftəsinin təkcə təlim platforması deyil, həm də tələbələrimizin nəzəri biliklərini real sənaye təcrübəsi ilə qovuşduran bir körpü olduğunu bildirib.
Tədbirin rəsmi hissəsində ABB Bankın İdarə Heyəti sədrinin birinci müavini Aqşin Əmirov “Rəqəmsal iqtisadiyyat üçün gələcəyin bacarıqları: gələcək peşəkarların hazırlanması” mövzusunda, “Bahar Energy Operating Company”nin vitse-prezidenti Sean Verner isə “Gələcəyi gücləndirmək: gənc nəslin enerji sektoruna hazırlanması” mövzusunda təqdimatlarla çıxış edərək gənclərə qlobal trendlər barədə məlumat veriblər.
Proqram çərçivəsində tələbələr bankçılıq, informasiya texnologiyaları, konsaltinq və enerji kimi sahələrdə çalışan mütəxəssislər tərəfindən gələcəyin bacarıqları və süni intellektə hazırlıq, emosional intellekt, şəxsi brendinq və innovativ düşüncə tərzi kimi mövzularda keçiriləcək təlimlərdə iştirak edəcəklər.
Karyera Hazırlığı Həftəsi aprelin 24-də Karyera Sərgisi ilə yekunlaşacaq.