Mirzə Hüseyn Qayıbzadə dövrünün görkəmli ziyalılarından idi. O, qayğıkeş müəllim, öz dəst-xətti ilə seçilən publisist, yorulmaz ədəbiyyatşünas və ictimai xadim olmuşdu. Məktəblər açaraq, gənclərə əl tutaraq, biliyə yiyələnmək istəyənlərə dəstəkçi olaraq maarifin inkişafına imkanları daxilində kömək etmişdi.
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində dünyaya göz açmışdı. Valideynlərini uşaqlıqdan itirmişdi. Nə yaxşı ki, əmisi - kənd mollası İbrahim Əfəndi onu himayəsinə almış, oxumağına, təhsilli olmasına şərait yaratmışdı.
Hüseyn ilk təhsilini müdərris Məhəmməd Musazadədən alır. Dinlə yanaşı, digər elmləri də öyrənir, Şərq ədəbiyyatını və tarixini mükəmməl mənimsəyir. Dilləri tez qavradığından ərəb, fars və türk dillərinin sirlərinə yiyələnir.
Hüseynin 17 yaşı olanda onu təhsil aldığı Salahlı kənd məktəbində müəllim saxlayırlar. Qeyd edək ki, Hüseyn Qayıbzadənin pərvəriş tapdığı Salahlı Azərbaycanın ən qədim, həm də yetirmələrinin adı-sanı sayəsində hər yanda tanınan kənd idi. Yerləşdiyi coğrafi məkan da bu kəndin taleyində az rol oynamamışdı. Belə ki, Gürcüstana gedən magistral yol Salahlının içərisindən keçirdi. Bir sıra Gürcüstan kəndləri ilə qonşu, xüsusilə də Tiflis ilə məsafəcə yaxın olması kəndin iqtisadi, siyasi və mədəni əlaqələrində özünü göstərmişdir.
Dildən-dilə, nəsildən-nəslə keçən xatirələrdən məlum olur ki, bir dəfə Abbasqulu ağa Bakıxanov Aleksandr Qriboyedovu özü ilə bu kəndə qonaq gətiribmiş. Onlar gələndə ev sahibinin xanımı toxuduğu təzə xalçanın son ilmələrini vuraraq onu xanadan düşürməyə hazırlaşırmış. Xalça Qriboyedovu bir sənət əsəri kimi valeh edir. Elə qərib qonağın qisməti olduğunu deyərək təzə xalçanı ona bağışlayırlar.
Təsadüfi deyil ki, Hüseyn Əfəndi Qayıbzadəyə Salahlının suyu və havası, şeir-sənət ocağı olması, tarixi, adət-ənənəsi, insanlarının nümunəsi çox şey bəxş etmişdi. Bunlar onun dünyagörüşünün formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdı.
Alim və pedaqoq Zülfüqar Qayıbov öz şəcərələrinin "xəritə"sini çəkməyə nail olmuşdu. Nəslin nümayəndələrinin bir-birilə qohumluq dərəcəsini böyük zəhmətlə öyrənən Zülfüqar müəllimin uzun axtarışlardan sonra yaratdığı "xəritə" 1990-cı il martın 2-də "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmişdi. Bu "xəritə"dən məlum olur ki, onlar şair Molla Vəli Vidadi ilə qohum olublar.
Bu və ya digər mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd Əfəndi Hüseyn Qayıbzadənin Tiflisdəki üçillik ruhani məktəbində işə düzəlməsinə nail olur. 1858-ci ilin fevral ayınadək Hüseyn Əfəndi ruhani məktəbində şəriətdən və Şərq dillərindən dərs deyir. Ümumiyyətlə, ömrü boyu hansı işdə olmasına baxmayaraq, ziyasını, gücünü xalqına həsr edib.
Qayıbzadənin həmyerlisi, sonralar isə kürəkəni olmuş general Əliağa Şıxlinski onun ömürnaməsinə işıq tutaraq xatırlayırdı ki, Hüseyn Əfəndi həyata erkən atılmış, ictimaiyyətə tez qaynayıb-qarışmışdı. Hələ 17 yaşında ikən balaca uşaqlara dərs deməklə öz müəlliminin köməkçisi olmuşdu. O zaman Zaqafqaziya müftiliyinə təzəcə təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə təftiş üçün Qazax qəzasına gəldiyi vaxt Hüseynin dərs verdiyi uşaqların uğurları onun diqqətini cəlb edib. Odur ki, müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda o, Hüseyni bu məktəbə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gələrək burada öz üzərində ciddi işləməyə başlayır. Fars və ərəb dillərində yazılmış elmi ədəbiyyatı öyrənir. O, rus dilini də yaxşı bilirdi.
XIX əsrin 70-ci illərinin sonu - 80-ci illərinin əvvəllərində Hüseyn Əfəndi Qayıbzadə Zaqafqaziya Müəllimlər Seminariyasında (Qori Seminariyası) müəllimlik edir. Seminariyanın ilk ərəb və fars dili müəllimi olur. Öz vəsaiti hesabına Tiflisdə kasıb azərbaycanlılar üçün məktəb açır. Sonralar - XX əsrin əvvəllərində buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.
1883-cü ildə Hüseyn Əfəndi Qayıbzadə Qafqaz müftisi təyin olunur. O, həmin vəzifəni uzun illər yerinə yetirir. Din xadiminin eyni zamanda maarifçi, ictimai xadim olması Azərbaycan tarixində nadir hadisə deyil. Müxtəlif vaxtlarda ruhani idarəsində çalışan bir çox din xadimləri elmdən, siyasətdən və digər sahələrdən yaxından xəbərdar olub, xalqına hər işdə dəstək verib. XIX əsrin sonu - XX əsrin əvvəllərində 34 il Qafqaz müftisi vəzifəsini yerinə yetirmiş Mirzə Hüseyn Əfəndi bunlardan biri idi.
"Cəlil Məmmədquluzadə ensiklopediyası"nda onun haqqında belə yazılıb: "Qayıbov Mirzə Hüseyn Əfəndi (1830-1917) maarifpərvər din xadimi, ədəbiyyatşünas, publisist. Ərəb və fars dillərini mükəmməl öyrənmiş, mədrəsədə dərs demişdir. Zaqafqaziya müftisi Məhəmməd Əfəndinin köməyi ilə Tiflisdə müsəlman ruhani idarəsinə münşi (katib), sonra isə mədrəsəyə şəriət müəllimi təyin edilmişdir. Dövrünün görkəmli maarifpərvərləri M.F.Axundov və İlya Çavçavadze ilə dostluq etmişdir. Qori Müəllimlər Seminariyasında bir müddət dərs demişdir. O, 1881-ci ildə müəllimlikdən azad olunub Zaqafqaziya müftisi təyin edilir, ömrünün sonunadək bu vəzifədə işləyir. M.F.Axundzadənin məsləhəti ilə tərtib etdiyi "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı dördcildlik əlyazması milli ədəbiyyat tarixinin öyrənilməsində qiymətli qaynaqdır. Bu məcmuədə XVIII-XIX əsrlərdə yaşamış Azərbaycan şairlərinin əsərlərindən nümunələr toplanmışdır".
Göründüyü kimi, Hüseyn Əfəndinin yazıçı qələmi də olub. O, bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. Bunların arasında müsəlman mədrəsəsində tədris edilməsi üçün riyaziyyata dair "Məsaili-ammil-hesab" ("Hesabın ümumi məsələləri") və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" ("Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri xüsusi əhəmiyyət daşıyır.
Hüseyn Əfəndi qələmini təkcə maarif mövzusunda deyil, ədəbiyyatşünaslıqda da sınayıb. Bu sahəyə böyük əmək sərf edərək çoxlu atalar sözü, zərb-məsəl, hikmətli söz toplayıb və bunları qələminin süzgəcindən keçirərək 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını araya-ərsəyə gətirib. XVIII-XIX əsrlərdə yaşamış 109 nəfər Azərbaycan şairinin əsərlərindən ibarət dördcildlik antologiya da Hüseyn Əfəndidən ədəbiyyat tariximizə yadigar qalıb.
Mirzə Hüseyn Əfəndi öz xalqına, soykökünə möhkəm tellərlə bağlı olmaqla yanaşı, digər xalqlarda mütərəqqi nə varsa onları da görməyi və qiymətləndirməyi bacarırdı. Hətta yeri gəldikcə bunları təqdir edirdi. Başqa sözlə, o, beynəlmiləlçi bir ziyalı idi. Buna misal kimi Hüseyn Əfəndinin gürcü şairi İlya Çavçavadze ilə dostluğunu göstərmək olar. Bu dostluq Azərbaycan-Gürcüstan münasibətlərinin tarixində parlaq bir səhifədir.
Hüseyn Əfəndi Azərbaycan ədəbiyyatını çox sevirdi. Bu, adi bir oxucu və yazar məhəbbəti deyildi, daha üstün idi. Belə olmasaydı, o, unudulan yazıçıların əsərlərini axtarıb tapmaqla məşğul olmazdı.
Onun Azərbaycan şairlərindən 109-nun şeirlərini toplaması, üzünü köçürməsi və dördcildlik "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adı ilə əlyazması kimi saxlaması hələ müəllifin sağlığında müasirlərinə bəlli idi və təqdir olunurdu.
Lakin bu məcmuəni nəşr etdirmək Hüseyn Əfəndinin imkanları daxilində deyildi. Nə yaxşı ki, şeirə-sənətə yüksək qiymət verən Qayıbovların yeni nəsilləri həmin əlyazmaları qoruyub saxlaya bilmişdilər. Axı, aradan çox sular axıb - ağır müharibələr, repressiya illəri keçib. Üstəlik də, sovet hakimiyyəti dövründə Hüseyn Əfəndidən söhbət açmaq mümkünsüz olub. Bununla belə, onun əsərləri Əlyazmalar İnstitutunda mühafizə edilib. İnstitut onların nəşrində müəyyən uğurlu addımlar atıb.
Hüseyn Əfəndi geniş dünyagörüşünə malik, ətrafındakı aləmə açıq gözlə baxan, qəlbinin dərinliyində demokratik fikirli bir insan idi. Maraqlıdır ki, o, ateist ruhlu mütəfəkkir M.F.Axundzadə ilə dostluq edib. İlk baxışdan qəribə görünsə də, burada qeyri-adi heç nə yox idi. Hüseyn Əfəndi din xadimi olsa da, xalqdan söhbət gedəndə, yaxşı nə varsa onu təqdir etməyə can atırdı. Bu xüsusiyyət ona Axundzadə ilə birlikdə bir sıra ictimai və mədəni problemlərin həllində kömək edirdi. Qori Seminariyasında Azərbaycan şöbəsinin açılmasına da onlar birgə nail olmuşlar.
Xarakterindəki müsbət xüsusiyyətlər Hüseyn Qayıbzadənin Azərbaycan qadınlarının təhsilinə, cəmiyyətə qaynayıb-qarışması sahəsində özünü daha bariz şəkildə göstərmişdi. O, qadınların təhsil alıb savadlı olmasını xalqın mədəni inkişafında mühüm şərt hesab edirdi. Bu baxışı bir sıra əsərlərində, o cümlədən "Dəstüri-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" məqalələrində öz ifadəsini tapmışdır.
Hüseyn Əfəndi ömür-gün yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti"ndə iştirak etməyə icazə vermişdi. İki qız övladı - Nigar və Gövhər Tiflis Hücabə Qızlar İnstitutunda təhsil almışdı. Nigar buranı 1889, Gövhər isə 1903-cü ildə bitirmişdi. Nigar general Əliağa Şıxlinskinin, Gövhər isə general İbrahim ağa Usubovun həyat yoldaşı olmuşdu.
Hüseyn Əfəndi Qayıbzadədən danışarkən onun övladı Nigar xanımın həyatından söhbət açmamaq mümkün deyil. İlk ali təhsilli azərbaycanlı qızı kimi Nigar Qayıbzadənin (sonra Şıxlinskaya) taleyi vətəninin, xalqının taleyindən ayrılmazdır. 1878-ci ildə Tiflisdə dünyaya göz açan Nigar eyni zamanda ilk azərbaycanlı şəfqət bacısı olmuşdu. Birinci Dünya müharibəsində iştirak etmişdi. O, rus, fransız, ərəb, fars dillərini dərindən öyrənmişdi. Bu gənc xanım Əliağa Şıxlinski ilə 1909-cu ildə ailə qurmuşdu. Onda Şıxlinski 46 yaşında idi. Onlar bir-birini təmiz məhəbbətlə sevirdilər. Evlənəndən sonra Şıxlinskilər Rusiyada yaşamışlar.
1914-1918-ci illərdə Nigar xanım zabitlərin həyat yoldaşlarının yaratdığı "Qızıl xaç" adını almış hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdi. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı ilə birlikdə Bakıya qayıdır. Nigar xanım 1931-ci il avqustun 15-də Bakıda vəfat edir. Əliağa Şıxlinski öz xatirələrində yazır ki, onun həyatının ən xoşbəxt anları Nigar xanımla keçirdiyi 22 ildə olmuşdur. Nigarın xarakterindəki bütün bu yüksək keyfiyyətlər, şübhəsiz ki, gendən və Qayıbzadələr ailəsində aldığı tərbiyədən irəli gəlirdi.
Mirzə Hüseyn Qayıbzadə bir çox imtiyazlara malik olub. O, dövrünün yüksək mükafatlarını alıb. Onun sinəsini çoxlu çar orden və medalı bəzəyib.
Biz bu qısa qeydlərlə Azərbaycan maarifinin və ədəbiyyatının inkişafına özünəməxsus töhfələr vermiş bir din xadiminin həyatına diqqəti cəlb etmək istədik. Çox təəssüf ki, onilliklər boyu onun həyatı və fəaliyyəti barədə söz demək yasaq olub. İndi zaman da dəyişib, xalqın özünün müxtəlif dövrlərdə yaşayan, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq vətəninin amalını, mənafeyini qoruyan, gələcəyinə xidmət edən oğullarına münasibəti də.
Bu il Mirzə Hüseyn Qayıbzadənin anadan olmasının 195 illiyidir. Bu insanın həyatı özünün dərin tədqiqini gözləyir.
İradə ƏLİYEVA,
"Azərbaycan"