Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların adı və fəaliyyəti xalqın taleyində dönüş nöqtəsi olmuş, dövlətçilik və milli şüurun formalaşmasında həlledici rol oynamışdır. Belə şəxsiyyətlərin ən öncülü müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevdir.
1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan formal müstəqillik əldə etsə də, bu illər, əslində, xalq üçün həm ümidi, həm də dərin narahatlıqları bir araya gətirən dönəm idi. Siyasi qeyri-sabitlik, idarəetmədə xaos, ordu quruculuğunun yoxluğu, iqtisadi tənəzzül və Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı ölkəni fəlakət astanasına gətirmişdi. Bu dönəmdə xalqın içində ümidsizlik, rəhbərlikdə isə acizlik hökm sürürdü.
Belə ağır vəziyyətdə xalqın gözü və ümidləri yalnız bir şəxsə - Heydər Əliyevə yönəlmişdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış təkcə bir liderin geri dönməsi deyil, bir dövlətin yenidən doğulması idi. Ulu Öndər dərhal ciddi və prinsipial islahatlara başladı, daxili sabitliyi bərpa etdi və dövlətçiliyin əsaslarını möhkəmləndirdi. Heydər Əliyevin müdrikliyi və siyasi təcrübəsi sayəsində Azərbaycan daxili qarşıdurmalardan qurtuldu. O, qətiyyətli qərarları ilə vətəndaş müharibəsinin qarşısını aldı, separatçı meyilləri boğdu və vahid idarəçilik sistemini bərqərar etdi.
Heydər Əliyev müstəqil dövlət quruculuğunun ilk və önəmli şərtlərindən biri kimi hüquqi əsasların yaradılmasına olduqca önəm verirdi. Siyasi sabitliyin, iqtisadi inkişafın və cəmiyyətin rifahının təməli üçün hüquqi sistemin tamamilə yenidən qurulması olduqca vacib idi. Bunun nəticəsi idi ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya ölkədə hakimiyyət bölgüsünü - qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında tarazlığı təmin edən, insan hüquq və azadlıqlarının təminatçısı olan əsas hüquqi sənəd idi. Heydər Əliyev Konstitusiyanın qəbulu ilə dövlətin hüquqi, siyasi və sosial təməllərini möhkəmləndirməklə yanaşı, beynəlxalq hüquq normalarına uyğun bir dövlət idarəetmə modeli yaratdı.
Ulu Öndər üçün dövlət quruculuğu təkcə dövlətin hüquqi və iqtisadi əsaslarının təşkili ilə məhdudlaşmırdı. Onun rəhbərlik fəlsəfəsində dövlətçiliyin əsas sütunlarından biri də milli dəyərlərin qorunması idi. Ulu Öndərin şəxsiyyətində təcəssüm edən liderlik modeli - intizam, məsuliyyət, xalqla səmimi ünsiyyət və şəffaflıq prinsipləri yeni dövrün rəhbərlik üslubunu formalaşdırdı. Onun çıxışları, qərarları və davranışı hər zaman xalqına və ölkəsinə olan böyük sevgini əks etdirirdi.
Heydər Əliyev Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və milli adət-ənənələrinin təbliğini daim vacib sayır və yüksək qiymətləndirirdi. Ümummilli Liderin təşəbbüsü və himayəsi ilə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, tariximizin obyektiv və milli maraqlar prizmasından təbliği istiqamətində əhəmiyyətli addımlar atıldı. O, mədəni irsi dövlətin möhkəm dayaqlarından biri kimi qəbul edir, milli ruhun gücləndirilməsinin dövlətin suverenliyinin qorunmasında əhəmiyyətli rol oynadığına inanırdı. O, yaradıcı insanlara, ziyalılara, elm və mədəniyyət xadimlərinə yüksək dəyər verir, onların cəmiyyətin formalaşmasındakı rolunu xüsusilə vurğulayırdı.
Heydər Əliyev Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu daim vurğulamış, bu istiqamətdə məqsədyönlü, ardıcıl və sistemli dövlət siyasəti formalaşdırmışdı. Onun baxışında gənclər təkcə sosial proseslərin iştirakçıları deyil, həm də dövlətin tərəqqisinin, ictimai həyatın hər bir sahəsində yeniliyin və dinamik inkişafın əsas daşıyıcıları idi. Ulu Öndər gənclər siyasətinin fundamental əsaslarını qoyaraq gənclərin fiziki, intellektual, mənəvi və vətənpərvər inkişafını prioritet sahələrdən biri elan etmişdi. O, vətənpərvərlik, milli şüur və mədəniyyətə hörmət prinsiplərinin gənc nəslə aşılanmasını zəruri sayırdı.
Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti bu gün Azərbaycanın bütün uğurlarında öz rolunu oynayır. Azərbaycan gəncliyi Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dövlətçiliyin, müstəqilliyin və milli birliyin keşiyində durur.
Ulu Öndərin əsasını qoyduğu dövlətçilik məktəbinin və siyasi irsin davam etdirilməsi müasir Azərbaycanın inkişafında həlledici rol oynamışdır. Bu böyük mirasın layiqli davamçısı Prezident İlham Əliyev milli maraqlara əsaslanan, müstəqilliyi və suverenliyi daim qoruyan, praqmatik və uzaqgörən siyasəti ilə Azərbaycanı müasir, güclü və nüfuzlu bir dövlətə çevirmişdir. Onun liderliyi təkcə daxili siyasətdə deyil, həm də qlobal miqyasda Azərbaycanın nüfuzunu möhkəmləndirmiş, ölkəni regional və beynəlxalq arenada etibarlı tərəfdaşa çevirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyət sabitlik, davamlı inkişaf və milli maraqların qorunması prinsipinə söykənir. Enerji təhlükəsizliyi, iqtisadi inkişaf, ordu quruculuğu və bir çox sahədə əldə olunan uğurlar bu uzaqgörən liderliyin bariz nəticələridir. Ölkəmizdə həyata keçirilən strateji layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini ən yüksək səviyyəyə qaldırmışdır. Xalqımızın və ölkəmizin tarixində ən mühüm məqam isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədir. Bu qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi qələbədir - Azərbaycan xalqının gücünün, birliyinin və haqq işinin təntənəsidir. Müzəffər Ali Baş Komandan həm diplomatik cəbhədə, həm də cəbhə xəttində nümunəvi liderlik göstərmiş, xalqla ordu arasında sarsılmaz birliyi təmin etmişdir.
Prezident İlham Əliyevin liderliyi milli maraqları və dövlət suverenliyini uca və üstün tutan, xalqın iradəsinə dayanan güclü və qətiyyətli idarəçilik modelinə əsaslanır. Onun çıxışlarında və siyasi qərarlarında daim bir prinsip ön plandadır: "Güclü dövlət - güclü xalq". Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyi nəticəsində həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan özünün ən qüdrətli dövrünü yaşayır. Bu, yalnız texniki və maddi göstəricilərlə ölçülə biləcək bir inkişaf deyil - bu eyni zamanda xalqın dövlətinə olan inamının və Liderinə olan etibarının təntənəsidir.
Heydər Əliyev siyasi irsi təkcə bir dövrün deyil, bütöv bir gələcəyin ideoloji və strateji xəritəsini müəyyənləşdirən milli xəzinədir. Bu irs müasir Azərbaycanın siyasi, hüquqi, iqtisadi və mədəni bünövrəsinin sütunlarını təşkil etməklə yanaşı, gələcək nəsillər üçün də əvəzolunmaz dəyərlər sisteminə çevrilmişdir. Ulu Öndərin hər bir fikri, uzaqgörən qərarları və milli maraqlara əsaslanan fəaliyyət xətti gələcəyin yol xəritəsini müəyyən edən ideoloji əsas rolunu oynayır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarının qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür. Fondun həyata keçirdiyi humanitar, mədəni və təhsil layihələri Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin möhkəmlənməsinə, sosial rifahın yüksəlməsinə və vətəndaş həmrəyliyinin güclənməsinə xidmət edir. Mehriban xanım Əliyevanın yüksək humanist dəyərlərə əsaslanan fəaliyyəti Ulu Öndərin mirasının yaşadılmasında və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.
Heydər Əliyev irsi yalnız xatirələrdə deyil, əməllərdə yaşayır. Bu fəaliyyət gənclərin təşəbbüskarlığında, dövlətin davamlı inkişaf strategiyalarında, cəmiyyətin birlik və həmrəylik ruhunda öz əksini tapır. Bugünkü Azərbaycan güclü iqtisadiyyatı, nüfuzlu xarici siyasəti, qalib ordusu və dayanıqlı idarəçilik sistemi ilə bu mirasın canlı təcəssümüdür.
Bəxtiyar İSLAMOV,
YAP Gənclər Birliyinin sədri