28 May 2021 01:02
1429
SİYASƏT
A- A+

Dövlətçilik tariximizin şərəfli mərhələsi

 

Hər bir xalqın tarixi onun istiqlal təfəkkürü və dövlətçilik salnaməsi ilə zənginləşir. 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşdı. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Xalq Cümhuriyyəti xüsusilə dövlət quruculuğu sahəsində verdiyi mühüm qərarlarla yadda qalıb. Heç şübhəsiz ki, Cümhuriyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir.

1918-ci il mayın 28-də yaradılan AXC müsəlman Şərqində ilk demokratik parlamentli respublika olmaqla yanaşı, xalqımızın dövlətçilik tarixində də mühüm bir hadisə idi. Belə ki, əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, XX əsrdə öz müstəqil dövlətinə sahib oldu. AXC-nin yaranması ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.

Müstəqil dövlət quruculuğunda hüquqi islahatların aparılması və hüquqi təsisatların təşəkkül tapması ən ümdə məsələlərdəndir. Təsadüfi deyil ki, müasir Azərbaycan ədliyyəsinin yaranması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni gündə - 1918-ci il mayın 28-də reallaşdırılıb. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verməsinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən də 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

Xalqımızın siyasi yetkinliyinin təzahürü kimi yaranan ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Tarixi proseslərin burulğanına tab gətirməyən respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha çətindir.

Ötən əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan edən Azərbaycan elə ilk dövrdən ciddi sınaqlarla üzləşsə də, bu dəfə tale ölkəmizdən üz döndərmədi. Bəllidir ki, dövlətçiliyi qorumaq üçün fenomenal lider, üstün siyasi təcrübəyə malik rəhbərin olması mühüm şərtdir. Ölkəmizin, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını - dahi lider Heydər Əliyevi yenidən təkidlə hakimiyyətə dəvət etdi. Məhz Ulu Öndərin böyük zəhməti, siyasi uzaqgörənliyi sayəsində əsrin sonlarında Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq oldu.

Azərbaycanda hökm sürən xaos və tənəzzülün qarşısını almaq üçün yenə də ilk addımlardan biri hüquqi islahatlar oldu. Cəmiyyətdə ədalətin bərpası başlıca prinsipə çevrildi, hüquqi dövlət quruculuğunun inkişaf mərhələləri düzgün müəyyənləşdirildi. Bu baxımdan Azərbaycan ədliyyəsi də Ümummilli Lider Heydər Əliyevin diqqətindən kənarda qalmadı. Ulu Öndərin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildi.

Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır. Təsadüfi deyil ki, Azərbaycanın bu sahədəki təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilməkdədir. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan kompleks tədbirlər ən yüksək səviyyədə və ardıcıllıqla davam etməkdədir. Xüsusilə qeyd olunmalıdır ki, bu gün ədliyyə sisteminin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir.

Ötən illərdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən əfv və amnistiya nəticəsində cəmiyyətimizdə hüququn aliliyinə dərin inam formalaşıb, birlik və həmrəylik daha da möhkəmlənib.

İstənilən şəxsin vətən, xalq qarşısında xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harda olursa-olsun vətəninin, xalqının mənafeyini uca tutması ilə ölçülür. Tarixi şansdır ki, dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayır.

Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır, həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Bununla da Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha da uca zirvələrə aparmaqdadır. Təsadüfi deyil ki, tanınmış dünya analitikləri indiki mərhələni Azərbaycanın dövlətçilik tarixinin ən yaddaqalan mərhələsi kimi səciyyələndirirlər.

 

Şaiq ƏLİYEV,

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin baş eksperti, kiçik ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video