18 Avqust 2022 02:06
1046
SİYASƏT
A- A+

DÖVLƏT SƏRHƏDİNİN MÜHAFİZƏSİ HƏR BİR AZƏRBAYCAN SƏRHƏDÇİSİNİN ŞƏRƏF İŞİDİR

 

"Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib.
Bizim silahlı qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm". 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,  Silahlı  Qüvvələrin Ali  Baş Komandanı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi özünün 103-cü ildönümünü güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi qarşılayır. 
Azərbaycan sərhəd mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturunun, dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silah-sursatın, müşahidə, aşkaretmə, radiolokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
XX əsrin əvvəllərində milli sərhəd mühafizəsinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan parlamenti 1919-cu il avqust ayının 18-də sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. Qısa müddət ərzində sərhədlərimizi qorumağa qadir qüvvələrin formalaşdırılmasına başlanılmış, lakin bolşevik Rusiyasının təcavüzü müstəqil respublikanın süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin formalaşdırılması işini də yarımçıq qoymuşdur.
Danılmaz həqiqətdir ki, Azərbaycan sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili və formalaşması müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  
"Müstəqil dövlətimiz əsrlərboyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazım olacaqdır", - deyən dahi Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti uğurlara ruhlandırmışdır! 
Dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı Fərmanla 18 Avqust Sərhədçilərin Peşə Bayramı Günü kimi müəyyən edilmişdir. Ulu Öndər bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də əlamətdar olduğunu sübut etmişdir.
Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə sərhəddə dövləti maraqları müdafiə edən sərhədçilərimiz onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 41 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir. 
Şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi" İdman Mərkəzi, Abşeron rayonunun Goradil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti inşa edilmiş, Dövlət Sərhəd Xidmətinin Aparatının binası əsaslı təmir edilmişdir. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir. 
Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir. Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər. 
Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir. Sərhəd təhlükəsizliyinə və milli sərhədçi kadrların hazırlanmasına böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı. 2010-cu il avqust ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirakı və akademiyaya döyüş bayrağını təqdim etməsi, akademiyanın Nizamnaməsini təsdiq etməsi sərhəd mühafizə orqanlarının yüksəkixtisaslı ali hərbi təhsilli peşəkar zabitlərlə komplektləşdirilməsinə zəmin yaratdı. Bu il akademiyanın bakalavr pilləsini bitirmiş məzunların 11-ci, magistratura pilləsini bitirmiş məzunların isə 1-ci buraxılış mərasimləri keçirilmişdir. 
Əgər əvvəllər əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin əməkdaşları üçün tədrisin təşkili barədə bizə çoxlu müraciətlər daxil olmaqdadır. Hazırda Tacikistan Respublikasından olan 18 kursant "Sərhəd təhlükəsizliyi və idarəetmə" ixtisası üzrə Dövlət Sərhəd Xidməti Akademiyasında təhsillərini davam etdirir.
 Kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Xüsusi Məktəb çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş tədris korpusunun 2018-ci ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır. 
Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi illər öncə xəyal kimi görünsə də, artıq reallıqdır. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi, Astara şəhərində müasir tələblərə cavab verən "Cənub" katerlər divizionu yaradıldı. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü il iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-2019-cu illərdə 6 dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqətin daha bir təzahürüdür.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində 5 hərbi birləşmənin (Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, Xüsusi Hava Əməliyyatları qüvvələri) yaradılması, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, hərbi birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycan sərhəd mühafizəsinə böyük etimadın növbəti göstəricisi oldu. 
Həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Azərbaycan sərhədçiləri tərəfindən son 1 il ərzində 473 nəfər sərhəd pozucusu, 899 nəfər rejim pozucusu, 2720 nəfər axtarışda olan şəxs saxlanılmış, təxmini dəyəri 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatı, 980 ml metadon mayesi və 1 ton 96 kq 373 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan, 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilmiş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılmışdır. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sərhəd mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliynə sadiqliyini nəzərə alaraq 2018-ci ildə Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə qarşımızda ciddi tapşırıqlar müəyyən etdi. Azərbaycan sərhədçisinə ali inamın növbəti ifadəsi olan bu tapşırığın icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu! 
Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün zəruri tələblərə cavab verən 89 sərhəd döyüş məntəqəsi, "Qazax" Əlahiddə Sərhəd Diviziyası da daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində ərazidəki bir sıra strateji yüksəkliklərdə sərhəd döyüş məntəqələrinin yerləşdirilməsinə, müqabil ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.
2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə silahlı qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.
Döyüş əməliyyatlarının başlanması əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları müharibənin ilk günündən qızğın döyüş əməliyyatlarına qatıldılar. Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdilər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdilər, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini azad etdilər. Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. 
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün yorulmadan apardığı hərbi, siyasi və diplomatik mübarizə, qətiyyətli mövqeyi, silahlı qüvvələrimizin şücaəti, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi - 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş və ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. 
Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən silahlı qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut edərək hərb sənətində döyüş taktikasının mənzərəsini tamamilə dəyişdi. 
Müzəffər Ali Baş Komandanın bilavasitə rəhbərliyi altında Dövlət Sərhəd Xidmətində 2011-ci ildən başlayaraq uzun illər ərzində sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş hərbi quruculuq işləri, o cümlədən yeni döyüş metodları, şəxsi heyətin müasir silah və hərbi ləvazimatlarla komplektləşdirilməsi, təlimlərdə real döyüş təcrübəsinə önəm verilməsi sayəsində böyük Zəfərin qazanılmasında Azərbaycan sərhədçilərinin rolu böyük oldu. Vətən müharibəsində meydana çıxan yeni yanaşmalar, fərqli taktika dünyanın böyük güclərini hərbi doktrinlərinə yenidən baxmağa sövq etdi.
Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı. DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi bir-birinin ardınca məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi.
Vətən müharibəsində DSX-nin tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi strateji bacarığın, peşəkar hərbi yanaşmanın rəmzinə çevrildi. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri bir-bir aşkarlanaraq məhv edildi. 
Azərbaycan sərhədçiləri tarixi Xudafərin körpüsünün, Zəngilan rayonunun və "Ağbənd" sərhəd zastavasının düşməndən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə etdilər. Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və sərhədçilərin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə möhtərəm Prezidentin sərhədçiləri təbrik etməsi və bu təbrikinin bütün şəxsi heyətə çatdırılmasını tapşırması, Azərbaycan-İran sərhədinin tam bərpa olunması barədə məruzəni qəbul edərkən "AFƏRİN SƏRHƏDÇİLƏRƏ" - deməklə təşəkkürünü bildirməsi böyük ruh yüksəkliyi ilə qarşılanaraq bizi yeni qələbələrə ruhlandırdı. 
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı, DSX-nin çevikçiləri də əsl qəhrəmanlıq və rəşadət nümunələri göstərdilər. 
Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən və işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən hərbi qulluqçularımızın döyüş məharəti yüksək qiymətləndirilmiş, sərhədçilərimiz müxtəlif orden və medallarla təltif edilmişlər. Döyüş əməliyyatları zamanı rəşadət nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşlar. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2021-ci ilin 26 aprel, 4 oktyabr, 25 oktyabr tarixlərində işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin açılışını etməsini, 20 oktyabrda Zəngilan rayonunda yeni hərbi hissəyə baxış keçirməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşılamışlar. 
Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş dövlət  sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilmiş, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti işi təşkil edilmişdir. 
İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilmiş, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilmiş, 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənmiş, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmişdir.
Azərbaycan sərhəd mühafizəsinin bütün şəxsi heyəti dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edir və gələcəyinə inamla baxır. Bu inam Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır.
Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur!
Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaqdır!

Elçin QULİYEV,
general-polkovnik, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video