ABŞ Prezidenti hesab edir ki, davamlı sülh regionun daha firavan olmasını təmin edəcək
"Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".
Bu səmimi fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ölkəmizin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.
ABŞ-nin 47-ci prezidenti eyni zamanda İlham Əliyevin regionda həyata keçridiyi sülh siyasətinə də öz dəstəyini nümayiş etdirib. Qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: "Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır".
Donald Tramp ABŞ-nin qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığın olacağına ümid etdiyini vurğulayıb.
Azərbaycanla ABŞ arasında tərəfdaşlığın 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-nin Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində 1997-ci ildən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu ötən ilin noyabr ayının 25-də Prezident İlham Əliyevin qələbə münasibəti ilə Donald Trampa etdiyi telefon zəngi zamanı liderlərin dilindən də eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, onun fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdı.
Bu il yanvarın 21-də də Azərbaycan Prezidenti ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Donald Trampa ünvanladığı məktubda da bir daha əminliyini bildirib ki, onun gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq.
İlham Əliyev ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib, ölkəmizin enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyi xüsusi vurğulayıb: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".
Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə Donald Tramp arasında münasibətlər səmimi xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"