ABŞ Prezidenti Donald Tramp iyunun 4-də Harvard Universitetində təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən əcnəbilərin ölkəyə girişini altı ay müddətinə dayandırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Trampın bəyanatında əcnəbi tələbələrin Massaçusets ştatının Kembric Universitetində təhsil almaq üçün ABŞ-a girişinə qadağa qoyulmasına əsas kimi milli təhlükəsizliklə bağlı narahatlıqlar göstərilib.
Harvard Universiteti, öz növbəsində, Trampın bu addımını administrasiyanın qanunazidd növbəti hərəkəti kimi qiymətləndirib. Qeyd olunub ki, universitet əcnəbi tələbələrinin hüquqlarını müdafiə etməyə davam edəcək.
Tramp, həmçinin ABŞ Dövlət Departamentinə tapşırıb ki, onun bəyanatında göstərilən meyarlara uyğun olaraq Harvard Universiteti tələbələri üçün akademik və ya mübadilə vizalarını ləğv etməyi nəzərdən keçirsin.
Çərşənbə günü imzalanan direktiv Bostondakı federal hakimin Harvard Universiteti tələbə kontingentinin təxminən dörddəbirini təşkil edən əcnəbi tələbələri qəbul etmək imkanından imtina etməsini qadağan edən qətnaməsindən bir həftə sonra açıqlanıb.
ABŞ rəhbərliyi ölkənin ən qədim və zəngin universitetinə hərtərəfli hücuma keçib, habelə milyardlarla dollarlıq qrantları və digər maliyyə vəsaitlərini dondurub, Harvardın vergidən azad edilməsi statusuna son qoymağı təklif edərək bir sıra hüquqi problemlər yaradıb.
Harvard Universiteti bildirib ki, administrasiya bu ali təhsil ocağının kurrikulumun idarə olunmasına, fakültə və tələbələrin ideologiyasına nəzarət etmək tələblərini yerinə yetirməkdən imtina etməsinə görə ondan qisas alır.
Administrasiyanın bəyanatında deyilir ki, Harvard “son illərdə kampus pozuntularının ən azı bəzi kateqoriyalarını aradan qaldırmaq üçün tədbirlər görməyib və cinayətlərin sayında dramatik artım müşahidə olunub”. Eyni zamanda, universitet beynəlxalq tələbələrin “məlum qeyri-qanuni və ya təhlükəli davranışları” barədə Daxili Təhlükəsizlik Departamentinə kifayət qədər məlumat təqdim etməyib.