09 Dekabr 2022 01:44
183
SİYASƏT
A- A+

Din pərdəsi arxasında şeytan oyunu

 

Dünyada hər şeyin bir sərhədi olur. Elə sərhədlər var ki, qanunla, silahla, elə sərhədlər də var ki, əxlaqla qorunur. İnsanlar, qonşular arasındakı "sərhəd" münasibətləri həm də birbaşa əxlaqi məsələdir. Eyni zamanda dini dəyərdir. Bu mümkün deyil ki, dini olanın əxlaqı, əxlaqı olanın inancı, imanı olmasın... 
Çox təəssüf ki, yaxın qonşumuz İran qonşuluq münasibətlərində  nə dini dəyərləri qoruyur, nə də əxlaqi dəyərlərə  məhəl qoyur. Özünü islam dövəti adlandıran İran din pərdəsi altında islami dəyərləri heçə sayaraq öz vətəndaşlarına sitəm edir. Din Allahın buyurduqlarını həyata keçirmək üçün bir vasitədir. Bundan istifadə edib onun öz nurundan yaratdığı insanları qorxu, zillət içində saxlamaq, işgəncə vermək üçün zülm aləti deyil. Təəssüf ki, bu gün İranda özlərini ruhani adlandıran "din xadimləri" Allahın adından hökm verib özlərinin elementar insani haqlarını tələb edənləri edam etməklə, cəlladlıqla məşğuldurlar. İnsanların canına qəsd edirlər. Bu gün İran dini dövlətdən çox insan sallaxanasını xatırladır. 
İranın dindən siyasi məqsədləri üçün istifadə etməsi, dövlət idarəetməsində onu qorxu, ölüm alətinə çevirməsi birmənalı olaraq müqəddəs dinimizə xəyanətdir. Bu o deməkdir ki, molla rejimi üçün müqəddəs bir şey yoxdur. Müqəddəs sandıqları varsa, o da onların hakimiyyəti, hakimiyyətin mollalara verdiyi  hüdudsuz imtiyazlardır. Hakimiyyətlərinə azacıq təhlükə görən kimi hər şey yaddan çıxır. Az qala mollalar şeytanla da əməkdaşlığa gedirlər.
Zatən illərdir ki, İran rejimi əli minlərlə müsəlmanın qanına bulaşmış, uşaq qatili olan Ermənistanla qardaşlıq edir. Qan tökmək üçün Ermənistanı silahlandırır. Ermənistanın işğal etdiyi torpaqlarımızda onlarla birlikdə evləri, məktəbləri, sosial binaları söküb dağıdıb, inşaat materiallarını daşıyıblar. Ermənilərin işğal etdiyi torpaqlardan öz çirkin məqsədləri üçün yararlanıblar. Tarixi-dini abidələrimizin ermənilər tərəfindən dağıdılıb məhv edilməsinə göz yumublar. Bu azmış kimi, ölkəmizin ərazisində böyük bir casus şəbəkəsi də yaratmağa nail olublar. Çox da uzağa getməyək. Cəmi bir neçə gün əvvəl 14 nəfər İran vətəndaşı sərhədlərimizi qeyri-qanuni yolla keçərək Xankəndiyə yollanıblar. Maraqlıdır, İran vətəndaşının, müsəlmanın gizli yollarla Xankəndiyə getmələrinin səbəbi nədir? Bəlkə "müsəlman" iranlıları "xaç" qardaşları ilə Xankəndidə  "cümə namazı" qılmağa tələsirmişlər? 
Ermənistan ordusu üzərində şanlı qələbəmizdən sonra molla rejiminin indiyə kimi  saqqallarının altında  gizlətdikləri əsl simaları görünməyə başladı.  İran İnqilab Keşikçiləri Korpusu, SEPAH  Quru Qoşunlarını və zirehli texnikasını Azərbaycanla sərhədinə cəmləşdirdi. Eyni zamanda əraziyə Araz çayından keçmək üçün  üzən körpülər və digər hərbi qurğular üzərində təlim keçirdi. Bu azmış kimi, SEPAH-ın "Twitter" kanalı "TƏCİLİ" qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğuna və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videoçarx hazırlayaraq altından da "SEPAH "işğal altındakı Şimali Azərbaycan əyalətində" yazdılar. Əslində "SEPAH"ın bu düşünülməmiş hərəkəti özünə qəbir qazmaq kimi qiymətləndirildi. Molla rejimi unudur ki, onların Ermənistanla dostluğu, dövlətimizi təhdid etmələri 40 milyonluq cənublu qardaşlarımızın hissiyyatı ilə oynamaqdır. Anlamalıdırlar ki, müəyyən bir dövr ərzində bir xalqın haqqını, hüququnu poza bilərsən, amma onun müqəddəs sandığı milli hissləri ilə oynaya bilməzsən. 
Artıq xeyli vaxtdır ki, iranlılar rejimə qarşı dirəniş göstərirlər. Rejim xalqın tələbi qarşısında geri çəkilmək məcburiyyətində qalıb, güzəştlərə getməklə canüstə olan hakimiyyətlərini xilas etməyə çalışır. İran Prezidenti 1979-cu ildə qəbul edilən konstitusiyada da dəyişikliklərə getməyin mümkünlüyündən danışıb. Təbii ki, bütün bunları İranın daxili işi hesab etmək olar. Amma bir məsələ də var ki, İranda hər dəfə kütləvi iğtişaşlar, nümayişlər başlayanda, xalq öz haqqını tələb etmək üçün küçələrə çıxanda molla rejimi də çilədən çıxıb bizi təhdid edir. Səbəb də gün kimi aydındır. İran daha çox təhlükəni Cənubda yaşayan soydaşlarımızdan görür. İran hər zaman düşünür ki, hər cür hüquqdan məhrum olmuş narazı xalq bir gün ayağa qalxıb haqqını tələb edəcək. Bir olan xalqın istəyinin qarşısını nəinki "SEPAH", ümumiyyətlə, heç bir qüvvə ala bilməz. 
Qüdrətlənən, inkişaf edən Azərbaycan İran üçün böyük bir dərd olub. Dərdinə dərmanı isə erməni ilə dostluqda görür. Molla rejimi anlamır ki, Azərbaycana hücum etmək üçün Vətən müharibəsində Ermənistanın darmadağın edilmiş ordusundan istifadə edə bilməz. Artıq Ermənistan ordusu deyilən bir şey yoxdur. İranın öz ordusunun tərkibində isə etnik azərbaycanlılar üstünlük təşkil edir. Qardaşlar bir-birinə güllə atmazlar. Belə sərsəm niyyətə düşmək molla rejiminin  tarixin arxivinə verilməsini bir qədər tezləşdirmiş olar. İran rejimi bu gün özünə qəsd etmək istəyən adama bənzəyir. Ya son anda düşünüb doğru qərar qəbul etməli, ya da Ermənistanla bir az da yaxınlaşıb sonlarını yaxınlaşdırmalıdırlar. Başqa seçim yoxdur.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video