16 Sentyabr 2022 01:42
1726
SİYASƏT
A- A+

“Dəmir yumruğ"un növbəti zərbəsi

 

Sülh prosesindən yayınmaq üçün yenə də çirkin oyunlar oynayan Ermənistanın növbəti genişmiqyaslı təxribatının qarşısı Müzəffər Azərbaycan Ordusu tərəfindən qətiyyətli cavab əməliyyatı ilə alındı və düşmənə bir daha sarsıdıcı zərbə vuruldu. 
Düzdür, hər iki tərəf yenə itki verdi, lakin dəfələrlə çoxunu və ən ağır zərbəni Ermənistan aldı. İki il öncəki İkinci Qarabağ müharibəsində olduğu kimi...

 

Sülh prosesinə mane olan erməni məkri

 

İki il öncə də hadisələr belə başlamışdı. Ermənistanın sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edib təxribata əl atması onunla anlaşıqlı dildə deyil, zor gücü ilə danışılmasını şərtləndirdi. 
"Dəmir yumruq" işə düşdü və cəmi 44 günə düşməni hərbi kapitulyasiyaya məcbur etdi. Qarabağ münaqişəsi həll edildi və "status" məsələsi arxivə göndərildi. Sülh prosesi başladı, məğlub Ermənistan İlham Əliyevin irəli sürdüyü 5 prinsip əsasında barış müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdi. Moskva və Brüssel görüşləri bu prosesə bir qədər təkan verdi. Amma erməni məkri, erməni iddiası yenə prosesə kölgə salmaqda davam etdi.   
İkinci Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümünə sayılı günlər qalan dövrdə Ermənistanın sərgilədiyi mövqe göstərdi ki, bu ölkə yenə də köhnə ampluasındadır. İlham Əliyev isə demək olar hər çıxışında Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə xəbərdarlıqlar ünvanlayırdı. 
Qalib Sərkərdə deyirdi ki, müharibə Ermənistanın yadından çıxmamalıdır. Unutmamalıdırlar ki, "dəmir yumruq" yerindədir. Əgər təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Bu təxribatlara görə Azərbaycan sülh müqaviləsini imzalamaqdan da imtina edəcək.
Bu o demək idi ki, "dəmir yumruğ"un növbəti zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra da nə qədər pulsuz silah-sursatla təmin edilsə də, arsenalını güclü texnika ilə zənginləşdirsə də, erməni əsgəri yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcək. 

 

Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək

 

Son proseslər göstərdi ki, Ermənistan konkret olaraq ikili oyun oynayır. Bir tərəfdən baş nazir Nikol Paşinyan Brüssel görüşündə sülh müqaviləsinin mətninin hazırlanmasına razılığını verir, digər tərəfdən Ermənistan ordusu təxribat törətməkdən əl çəkmir.   
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu əslində elə sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu idi. 
Sentyabrın 12-da baş verən genişmiqyaslı təxribat isə Azərbaycan Ordusunun qətiyyətli cavab əməliyyatı həyata keçirməsini şərtləndirdi. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyətin cəmləşdirilməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona göstərirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginliyi saxlamaq məqsədini güdürdü.
Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradırdı. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə olmuşdu. Odur ki, daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişdirmək üçün növbəti hərbi-siyasi avantüraya əl atmaq lazım idi. Sonuncu təxribat bunu təsdiqlədi. Lakin düşmən yenə də məkrli niyyətinə çata bilməyib ağır zərbə aldı.     
Azərbaycan Ordusu düşmən təxribatlarına qətiyyətli cavab əməliyyatlarında 71 şəhid versə də, Ermənistan yüzlərlə hərbçisini itirdi. Müzəffər Ordu şəhidlərin qanını yerdə qoymadı. Özü təxribata başlayan Ermənistan sonunda yenə də beynəlxalq təşkilatlara, havadarlarına yalvararaq atəşkəsin təmin olunmasına vasitəçi olmalarını  xahiş etdi.  
Ümumiyyətlə, sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım onu edən ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. İndi həmin istiqamətdə bütün yüksəkliklər ordumuzun əlindədir. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan Ordusu dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində  Ermənistanın təxribatlarına layiqli cavab verir.   
Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan qadınları dünyaya Vətənini, millətini sevən yüzlərlə, minlərlə Mübarizlər gətirir. O Mübarizlər ki, qanı ilə, canı ilə Vətənə bağlı olub, ona yönələn istənilən təxribata qarşı sinəsini sipər edib, düşmənə gözdağı verməyi bacarır. Bu yolda yeri gələndə şəhidlik zirvəsinə ucalaraq Vətənin ölümsüz qəhrəmanlarına çevrilirlər. Bu gün isə Vətən deyəndə Mübarizlər, Mübarizlər deyəndə Vətən başa düşülür və bu, illər, əsrlər keçsə də, belə olacaq. Çünki bu gün dünyaya gələn zəfər övladları igidlərimizin qanları ilə yazdıqları qərhəmanlıq salnamələrini oxuyaraq yüksək vətənpərvərlik ruhunda böyüyəcəklər. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video