05 Noyabr 2023 10:00
1421
CƏMİYYƏT
A- A+
"Dəmir yumruğ"un mülki müdafiə gücü

"Dəmir yumruğ"un mülki müdafiə gücü

 

Fövqəladə Hallar Nazirliyinin hərbi bölmələri istənilən an öz vəzifələrini çevik və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdirlər

 

Respublikamızın mülki müdafiə qoşunları təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən xüsusi qurumdur. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi islahatların nəticəsi kimi mülki müdafiə qoşunlarının fəaliyyəti ən müasir standartlara uyğunlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin yaranmasından sonra onun bazasında fəaliyyət göstərən mülki müdafiə qoşunları ötən illər ərzində böyük inkişaf yolu keçib. FHN-nin yaradılması ilə həm də Silahlı Qüvvələrin tərkib hissəsi olan mülki müdafiə qoşunları sistemində vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb.

 

Maddi-texniki baza gücləndirilib

 

Fövqəladə Hallar Nazirliyinin yaradılması ölkəmizdə mülki müdafiə sisteminin inkişafında böyük rol oynayıb. Ötən 18 ilə yaxın müddətdə nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə ilə bağlı mühüm işlər görüb. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hələ 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarına döyüş bayrağını təqdim etməsi dövlət başçısının bu sahəyə diqqətinin təcəssümü idi. Məhz bu diqqət və qayğının, görülən işlərin nəticəsidir ki, mülki müdafiə qoşunları ölkəmizdə baş vermiş təbiət hadisələri - zəlzələ və sel daşqınları, habelə texnogen qəzalar zamanı öz vəzifələrini layiqincə yerinə yetiriblər.
Bu günlərdə FHN-nin mülki müdafiə qoşunlarının "N" saylı qəza-xilasetmə alayında mülki müdafiə sahəsində görülmüş işlərin şahidi olduq. Alayın taborları və digər bölmələri ilə tanışlığımız göstərdi ki, bu sahədə ixtisaslaşmış hərbi hissələrdə yaradılmış şərait və imkanlar, ən əsası belə hərbi hissələrin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi ən müasir standartlara tam cavab verir. 
Alayın komandiri polkovnik Şəmsəddin Əmrahov bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra respublikamızın mülki müdafiə qoşunlarının fəaliyyəti yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. "Alayın taborları və əlahiddə bölmələri ən müasir qəza-xilasetmə avadanlıqları ilə təmin olunmuşdur. Eyni zamanda respublikamızda bu sahədə həyata keçirilən kadr hazırlığının nəticəsi kimi hərbi hissənin zabit heyəti qəza-xilasetmə işlərini bilən peşəkarlardan ibarətdir. Bütün bunlar isə təbii və texnogen xarakterli fövqəladə hallar zamanı hərbi hissənin şəxsi heyəti tərəfindən xilasetmə işlərinin yüksək səviyyədə həyata keçirilməsini təmin edir", - hərbi hissənin komandiri deyir.
Öyrənirik ki, hərbi hissə qəza-xilasetmə və xilas taborlarından, əlahiddə radiasiya və kimyadan mühafizə və maddi təminat bölüklərindən, habelə əlahiddə yanğından mühafizə, rabitə və komendant taqımlarından ibarətdir. 

 

Hər bir əsgər peşəkar və təcrübəli xilasedicidir

 

Hərbi hissəyə gəlişimiz bütün bölmələri əhatə edən əsgərlərin dərs saatına təsadüf etmişdi. Hərbi hissə ilə tanışlığımız alayın hazırlıq planına uyğun olaraq qəza-xilasetmə taborunun şəxsi heyəti üçün ilk baxışdan səliqə-sahmanı ilə fərqlənən ikimərtəbəli tədris korpusunda keçirilən dərslərlə başladı. Burada yaradılmış siniflərdə fərdi mühafizə, bioloji vasitələrin yaratdığı xəstəliklər, güclü təsiredici zəhərləyici maddələrin xassələri haqqında əyani vəsaitlər yerləşdirilmişdir. Bununla bərabər, şəxsi heyət döyüş mərmiləri və başlıqları, təhlükəsizlik qaydaları, fuqaslı və qəlpəli piyada və tank əleyhinə minalar barədə də təlimatlandırılır.
Qəza-xilasetmə taborunun komandiri polkovnik-leytenant Elməddin Cəfərovun sözlərinə görə, günun nizam qaydalarına uyğun olaraq əsgərlər hər gün hərbi hissənin tədris korpusunda radiasiya və kimyadan mühafizə hazırlığı, mühəndis hazırlığı, tibbi hazırlıq dərslərində müxtəlif mövzulu məşğələlər keçirlər. Eyni zamanda mülki müdafiə dərslərində öyrədilən nəzəri biliklərin praktiki məşğələlərlə əlaqələndirilməsinə böyük diqqət yetirilir. "Bu dərslərdə keçirilən məşğələlərin hər biri əsgərlərin qəza-xilasetmə işləri zamanı qarşılarında dayanan vəzifələri vaxtında və uğurla yerinə yetirmələri baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məşğələlərdə öyrənilən nəzəri biliklər isə praktik təlimlərdə daha da möhkəmləndirilir. Ona görə əsgərlərimizin hər biri hərbi xidmət zamanı peşəkar və təcrübəli xilasedici kimi formalaşırlar", - deyə tabor komandiri bildirir. 
Radiasiya və kimyadan mühafizə hazırlığı dərsində fərdi mühafizə vasitələrindən istifadə mövzusunda məşğələ keçirilirdi. Baş leytenant Mirdadaş Zəkiyev əsgərlərə fərdi mühafizə vasitələrinin təyinatını, yığılmasını və çantalarına yığılması qaydalarını, onların hermetikliyinin, o cümlədən süzücü-uducu filtrlərin işlək vəziyyətdə olmasının yoxlanılmasını izah edirdi. 
Fərdi mühafizə vasitələri xilasediciləri ehtimal olunan radiaktiv tozlardan, zəhərli maddələrdən və bioloji aerozollardan müdafiə etmək üçündür. Hərbi hissənin xilasediciləri tərəfindən qəza-xilasetmə işləri zamanı istifadə olunan 4 səviyyəli fərdi mühafizə geyimlərinin hər biri öz yüksək keyfiyyəti ilə fərqlənir. 

 

İlkin tibbi yardım xilasetmə əməliyyatları zamanı ən vacib məsələlərdən biridir

 

Tədris korpusunun ikinci mərtəbəsində yaradılmış stenddə nümayiş olunan fotolarda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə diqqət və qayğısını əks etdirən anlar əksini tapmışdır. Eyni zamanda fotolarda fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən fəaliyyətin ayrı-ayrı istiqamətləri əks olunub.
Daha sonra mühəndis hazırlığı dərsinin gedişi ilə tanış olduq. Baş leytenant Elvin Musayev əsgərlərə tank və piyada əleyhinə minaların zərərsizləşdirilməsi ilə bağlı məşğələ keçirdi. Burada diqqətimizi çəkən əsas məsələ mövzu ilə bağlı tədris vasitələrinin bolluğu oldu. Bu, əsgərlərə minaların xarakteristikası ilə daha da yaxından tanış olmağa imkan verir. 
Qəza-xilasetmə taborunun digər bölüyü isə tibbi hazırlıq dərsində idi. Alayın tibb xidmətinin rəisi, tibb xidməti mayoru Ülvi Ağazadə onlara təxirəsalınmaz ilkin tibbi yardımla bağlı məşğələ keçirdi. Bu sinifdə də xilasedici əsgərlərin ilkin tibbi yardımla bağlı vərdişlərinin mükəmməl formalaşması üçün hər bir şərait yaradılıb. Bizi müşayiət edən alayın komandirinin birinci müavini polkovnik Həzi Bəşirov deyir ki, əsgərlərdə ilkin tibbi yardım vərdişlərinin formalaşması xilasetmə əməliyyatları zamanı ən vacib məsələlərdən biridir: "Çünki xilas edilən şəxsə bütün hallarda ilk olaraq ilkin tibbi yardımın göstərilməsinə ehtiyac var. Qəza-xilasetmə alayında isə şəxsi heyətə ilkin tibbi yardımın bütün formaları dərindən öyrədilir".

 

Alayın xilasediciləri Türkiyədə də fərqləniblər

 

Alayda növbəti baş çəkdiyimiz ünvan avtomobil parkı oldu. Burada isə hərbi hissənin çevik xilasetmə qrupuna qəza-xilasetmə işləri zamanı avadanlıqlardan istifadənin təşkili ilə bağlı məşğələ keçirilirdi. Alay komandirinin müavini, hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Anar Məmmədovun bildirdiyinə görə, mülki müdafiə qoşunları dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşınlarla və mexanizmlərlə təmin edilmişdir. Qəza-xilasetmə əməliyyatlarında istifadə olunan bütün avadanlıqlar ən müasir standartlara cavab verir. Ona görə də indiyə kimi xilasedicilərimiz hansısa əməliyyat zamanı çətinliklə üzləşməyiblər.
Ümumiyyətlə, ötən illərin mənzərəsi göstərir ki, FHN istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır.  FHN-nin qurumları xarici dövlətlərdə də mülki müdafiə işində, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstəriblər.
"Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə də qiymətləndirilir", - deyə Prezident İlham Əliyev bildirib. Buna misal olaraq FHN-nin xilasetmə dəstələrinin iki il əvvəl Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak etməsini göstərə bilərik. Bu il fevralın əvvəlində isə Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-nin qüvvələri qardaş ölkədə öz missiyalarını layiqincə yerinə yetiriblər.
Avtomobil parkındakı məşğələni izləyən zaman onu da öyrənirik ki, qardaş Türkiyədə baş vermiş meşə yanğınları və zəlzələ zamanı Azərbaycandan gedən xilasedicilər arasında bu alayın hərbçiləri də olublar. Onların hər biri xilasetmə əməliyyatları zamanı öz peşə borclarını layiqincə yerinə yetiriblər.
Çevik xilasetmə qrupuna təlim keçən kapitan Nahid Təhməzov Türkiyə Respublikasında baş verən meşə yanğınlarının söndürülməsi, eləcə də bu ilin fevral ayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında xilasedici kimi fəal iştirak edib. Məhz həmin xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətlərə görə, Prezident İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.
Bütövlükdə mülki müdafiə qoşunlarının texniki imkanları olduqca yüksək səviyyədədir. Elə buna görə xilasedicilərimizin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi fədakarlıqlar xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir. 

 

Şəxsi heyət vəzifəsini böyük ruh yüksəkliyi ilə yerinə yetirməyə hazırdır

 

Hərbi hissədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti də diqqət mərkəzində saxlanılır. Alay komandirinin psixoloji təminat üzrə müavini polkovnik-leytenant Samir Fərəməzov deyir ki, hərbi hissəyə gəldiyi ilk gündən bütün əsgərlərin mənəvi-psixoloji vəziyyətləri öyrənilir, onlarla fərdi söhbətlər aparılır: "Ümumiyyətlə, bu sahədə hansısa ciddi narahatlıq müşahidə olunmayıb. İlk üç ayı təlim hərbi hissəsində xidmət keçdikləri üçün bu alaya gələndə əsgərlər artıq hərbi həyata alışmış olurlar. Bununla yanaşı, komandir heyəti bütün xidmət dövründə əsgərlərin mənəvi-psixoloji vəziyyətini diqqət mərkəzində saxlayır. Məşğələlərdə həm də əsgərlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Əminliklə deyə bilərəm ki, hər bir əsgərimiz öz qarşısında dayanan vəzifələri böyük ruh yüksəkliyi ilə yerinə yetirməyə hazırdır".
Alayda əsgərlərin asudə vaxtlarının mənalı təşkilinə də diqqətlə yanaşılır. Belə ki, tədris korpusundakı kinoklubda əsgərlərin film izləmələri üçün gözəl şərait var. Tədris korpusunda kitabxana da yaradılıb və əsgərlər boş vaxtlarında buradakı ədəbiyyatla tanış ola bilirlər. Elə burada əsgər Məhəmməd Əli Üzerlə söhbətləşirik. Gəncə şəhərindən hərbi xidmətlə bağlı təəssüratlarını bizimlə bölüşdü: "Bu il Azərbaycan Texnologiya Universitetini başa vurduqdan sonra hərbi xidmətə gəlmişəm. Əlbəttə ki, hərbi həyat mülki həyatdan fərqlənir. Hərbi həyatda daha ciddi intizam var. Amma bu, məni qorxutmur, əksinə, gələcək həyatda daha da intizamlı və məsuliyyətli olmağı öyrədir. Ona görə hesab edirəm ki, hərbi xidmət mənim üçün həm də həyat məktəbidir. Komandirlərimiz öz bilik və təcrübələrini bizə dərindən başa salırlar və xidmət keçdiyim qısa müddətdə qəza-xilasetmə işlərinin bir çox incəliyinə yiyələnmişəm. Əgər zərurət yaranarsa, bir əsgər kimi öz vəzifəmi uğurla yerinə yetirə biləcəyimə əminəm".
Daha sonra hərbi hissənin tibb məntəqəsində yaradılmış şəraitlə tanış olduq. Məntəqə müasir tibbi avadanlıq və bütün zəruri dərman preparatları ilə təmin edilib. Burada zabit və əsgərlərin müalicəsi üçün hər bir imkan yaradılıb. 
Hərbi hissənin əsgər yataqxanası da səliqə-sahmanı ilə göz oxşayır. Yataqxana əsgərlərin istirahəti, məişət şəraiti və yuyunması üçün ən yüksək səviyyədə təşkil edilib.
Hərbi hissədə əsgərlərin qidalanma şəraiti də müasir tələblər səviyyəsindədir. Yeməkxanada əsgər və zabitlərin keyfiyyətli qidalanması üçün hər cür şərait yaradılıb. 
Mülki müdafiə qoşunlarının "N" saylı qəza-xilasetmə alayında bir daha əmin olduq ki, Azərbaycanda güclü mülki müdafiə sistemi formalaşıb. Mülki müdafiə qüvvələrinin hər bir bölməsi istənilən an, istənilən yerdə təbii və texnogen hadisələrə çevik və operativ, o cümlədən yüksək peşəkarlıqla reaksiya verilməsinə hazırdır. Bütün bunlar Azərbaycanın inkişafının, dövlət orqanlarının fəaliyyətinin ən müasir standartlar səviyyəsinə çatdırılmasının göstəricisidir. Mülki müdafiə sisteminin imkanlarının ən müasir tələblər səviyyəsində saxlanılması, maddi-texniki bazanın daim yenilənməsi sahəsində işlər isə bundan sonra da əzmlə davam etdiriləcək.  

Rəşad CƏFƏRLİ,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!