21 Sentyabr 2023 09:00
11392
SİYASƏT
A- A+

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri

 

Erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində polislərin və mülki şəxslərin həlak olması Azərbaycanın səbir kasasını daşdırdı!
"Dəmir yumruq" yenidən işə düşdü:
Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı birləşmələrinin təxribatlarına kəskin və  qətiyyətli, birdəfəlik cavab vermək üçün!

HƏM DƏ:
* Məğlublar sülhə gəlmədiklərinə, imzaladıqları bəyanatlara, verdikləri vədə əməl etmədiklərinə görə!
* Separatizm əməllərindən əl çəkmədiklərinə, sərsəm "miatsum" "ideyası"nı  beyinlərindən çıxarmadıqlarına görə!
* Azərbaycan cəmiyyətinə reinteqrasiyadan qəsdən boyun qaçırdıqlarına,  Qarabağdakı separatçı rejimin erməniləri murdar niyyətlərinin girovuna çevirdiyinə görə!
Ən nəhayət, yenidən havadarlarına, müxtəlifsəviyyəli müdafiəçilərinə güvənməklə Azərbaycana, onun Konstitusiyasına meydan oxuduqlarına görə!
Bu dəfə də ağlını itirənləri ağıllandırmaq üçün hədəfə yönələn dəqiq zərbələr, göydən od yağdıran  PUA-lar işə salındı.
Söz xəbərdarlıqları əməli tədbirlərə  çevrildi!

***

Lokal xarakterli  antiterror tədbirləri başlayan kimi "köhnə ssenarilər" də işə salındı!
Qanuni  hüquqlarından istifadə edərək ölkə daxilindəki separatizmə son qoymaq niyyətini gerçəkləşdirən Azərbaycana informasiya müharibəsi açılaraq diplomatik oyunlara başlanıldı!
Özünə və  beynəlxalq hüquqa güvənən Azərbaycan isə hər kəsin cavabını kəskin və qətiyyətlə verdi!
Azərbaycanın  Xarici İşlər Nazirliyi Fransanın Avropa və  Xarici İşlər Nazirliyinin  bəyanatını rədd edərək pislədiyini bildirdi: 
"Fransa rəsmiləri, Milli Assambleyası  və Senatı  Azərbaycana qarşı  bəyanatlar verilməsi və  sənədlərin qəbulunda  Ermənistandan daha fəal çıxış edirlər.
Fransanın islamofob və anti-Azərbaycan siyasəti, onun daxili işlərimizə  qəbuledilməz müdaxiləsi göstərir ki,  Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar".
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi,  ermənipərəst Cozef  Borrel də təhriflərlə dolu bəyanatının cavabını aldı: 
"Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqazidd olan hər hansı hərbi  mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib. Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir".
Artıq bütün dünya və dünya liderləri də bilirlər ki, Azərbaycan qarşısına hədəf qoyduğu və açıq şəkildə bəyan etdiyi məqsədinə çatmayanadək  dayanmayacaqdır!
Müzəffər Ali Baş Komandan  İlham Əliyev  sözünün və imzasının sahibidir!
Başqalarından da bunu gözləyir və tələb edir!

Paşinyanın günlərlə davam edən yalvar-yaxarı, onun-bunun dabanını yalaması və  son nəticədə 44  günlük müharibədə hərbi əməliyyatların dayanması Rusiya Prezidenti  V.Putinin zəmanəti ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması sayəsində gerçəkləşdi!
Quyruğu qapı arasından çıxan Paşinyan çox keçmədən nala-mıxa vurmağa, öhdəliklərindən müxtəlif bəhanələrlə boyun qaçırmağa, hətta Rusiyaya dirsək  göstərməyə başladı!
2020-ci ilin noyabrından keçən təqribən 3 illik dövr ərzində:
* Üçtərəfli  Bəyanatın  tələblərinə, xüsusən 4-cü və 9-cu bəndlərə əməl etmədi;
* Gic-gic şərtlər irəli sürməklə sülh müqaviləsini imzalamadı;
* İran və Hindistan vasitəsilə silahlanaraq revanşist çıxışlara və əməllərə yol verdi;
* Dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədi, 2021-ci il istehsalı olan  minaları gizlin şəkildə  ölkəmizə daşıyaraq  mina terroruna başlatdı;
n Qarabağdakı separatçı rejimi, habelə qeyri-qanuni silahlı birləşmələri Ermənistan büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi;
* Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "ildönümü"nə təbrik məktubu göndərdi, separatçı rejimdə yenidən  "prezident" seçkiləri  keçirilməsini dəstəklədi;
* "Humanitar şou"lar təşkil edərək Azərbaycanın əleyhinə böhtan kampaniyasını başlatdı;
* Ağdam-Xankəndi yolunun işə düşməsinə, erməniəsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyasına maneçilik  törətdi;
* Azərbaycan ərazisinin sistemli şəkildə atəşə tutulmasına, hərbi eskalasiyanın  artmasına təkan verdi;
* Yeni səngərlər və mühəndis qurğuları yaradaraq hərbi əməliyyatlara hazırlığa başlatdı;
* Qarabağda bərpa və quruculuq işləri aparanlara real təhdid və təhlükələr yaratdı;
* Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədi!
Ermənistan tərəfindən tam dəstək alan Qarabağdakı separatçı rejim yenidən  "miatsum" hərəkatına başlayaraq Azərbaycana meydan oxumaq yolunu  tutdu!
Bütün bu hərəkət və əməllərlə, əslində, Azərbaycana yenidən  "dəmir yumruğ"unu  işə salmaqdan  özgə yol qoymadı!

***

Sülh danışıqları müxtəlif  formatlarda baş tutdu və Azərbaycan sülhlə  bağlı heç bir  təşəbbüsü diqqətdən kənarda saxlamadı.
Qalib ölkə olsaq da, sülh təşəbbüsü ilə biz çıxış etdik və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş şərtimizi irəli sürdük.
Ermənistan əvvəlcə danışıqları uzatdı, sonra biabırçı məğlubiyyətə uğramış tərəf olduğunu  "unudaraq"  nəinki bəyanatlardakı razılaşmaları yerinə yetirmədi, əksinə, özü müxtəlif  "şərtlər" irəli sürməyə başladı!
Lokal xarakterli antiterror tədbirlərinə start verən Azərbaycan isə həmişəki kimi məqsəd və hədəflərini açıq-aşkar söylədi.
Azərbaycan Xarici İşlər Nazirliyinin 19 sentyabr  tarixli  bəyanatında  deyilir:
"Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən  genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın  müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi  infrastrukturunun  zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın  təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya  quruluşunun  bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə  başlanılıb".
Müdafiə Nazirliyinin açıqlamasında antiterror tədbirlərinin icra prinsipləri əksini tapıb:
"Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı  qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi  infrastrukturunun  zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə  qayıdan dinc əhali,  habelə  bərpa-quruculuq  işlərinə cəlb olunmuş mülki  işçilər və hərbi  qulluqçularımızın  təhlükəsizliyinin təmin olunması  və Azərbaycan Respublikasının  Konstitusuya  quruluşunun bərpa edilməsi məqsədilə  bölgədə lokal  xarakterli antiterror  tədbirlərinə başlanılıb".
"Dəmir yumruğ"un hədəfləri də  aşkar şəkildə  göstərilib:
"Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin  birləşmələrinin  ön  xətt və dərinlikdə  olan mövqeləri və  uzunmüddətli atəş nöqtələri,  eləcə də döyüş vasitələri və  hərbi təyinatlı obyektləri  yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır".
Eyni zamanda  mülki əhaliyə  ziyan dəyməməsi  üçün  qabaqlayıcı tədbirlər də görülüb, bununla bağlı onlara SMS xidməti vasitəsilə xüsusi müraciət  ünvanlanmış,  məlumat vərəqələri  paylanmışdır:
"Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin  Ermənistan silahlı qüvvələrinin  birləşmələri tərəfindən  yerləşdirilməsini  nəzərə alaraq, ərazidə olan  mülki əhalini hərbi obyektlərdən kənar durmağa və  Ermənistan silahlı qüvvələrinin  birləşmələrinə  dəstək olmamağa  çağırırıq".
Təkcə xəbərdarlıqlarla kifayətlənməyərək qadınlar, qocalar, uşaqlar, habelə  fiziki məhdudiyyətli  şəxslər  və xəstələrə tibbi yardım təşkil olunmuş,  onlar içməli su və ərzaqla təmin edilmişlər.
Əhalinin təhlükəli ərazilərdən təxliyəsi üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.

Tədbirlərin gedişi barədə Rusiya sülhməramlı  kontingentinin komandanlığı, habelə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi müntəzəm surətdə məlumatlandırıldı.

***

Səbrin və dözümün də həddi olur! 
Azərbaycan kifayət qədər gözlədi, səbir etdi!

Lokal antiterror tədbirlərinin başa çatmasının şərtləri isə Azərbaycan  Respublikası Prezidentinin  Administrasiyası  tərəfindən açıqlandı:
* Qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı!
* Bütün silahlar  təhvil verilməli!
* Qanunsuz separatçı rejim özünü  buraxmalıdır!
Bu yolda sarsılmaz milli birlik nümayiş etdirən Azərbaycan xalqı və cəmiyyəti   Müzəffər Ali Baş Komandanın  arxasında  möhkəm dayandı, 44 günlük möhtəşəm sınaqdan zəfərlə çıxan ordumuz isə qarşısına qoyulan vəzifəni  sonadək, uğurla yerinə yetirdi!

***

44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu lokal antiterror tədbirlərini də ən qısa müddətdə başa çatdırdı.
Qeyri-qanuni erməni terrorçu birləşmələrinin təslim olması barədə razılıq əldə olundu!
Şərtləri də yenə Azərbaycan tərəfi diktə etdi:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. 
Beləliklə, "dəmir yumruğ"un ağıllandırma tədbirləri uğurla, qələbə ilə başa çatdı!

Bəxtiyar SADIQOV 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video