Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü ilin iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakı şəhərində “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda önəmli müzakirələr aparılıb. Tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır. Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak ediblər. Bu konfrans əvvəlki konfranslardan bir neçə cəhətdən fərqlənib. Xüsusilə də, əcnəbi qonaqların müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından diqqəti cəlb edib.
Konfransda müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında təhlil olunub.
Deputatın sözlərinə görə, konfransın sonunda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair qəbul olunmuş Bakı Bəyanatında da vacib məsələlər və çağırışlar yer alır. Konfransında iştirak edən alimlər, o cümlədən akademiklər insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyini elmi təşəbbüs və yanaşmalar vasitəsilə bir daha bəyan ediblər.
Sevinc Fətəliyeva qeyd edib ki, BMT-nin Afrikamənşəli xalqlar üzrə Daimi Forumu və Afrikaəsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrikamənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyəti də yüksək qiymətləndirilir. Eləcə də, beynəlxalq konfransda Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətin ifadə olunması da çox təqdirəlayiqdir. Çünki belə bir platformanın yaradılması müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirmək və dekolonizasiyaya nail olmaq baxımından böyük önəm kəsb edir.