Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Sənəd sosial öhdəliklərin icrası, müdafiə və təhlükəsizlik xərcləri, işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi artımın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bəri başdan bildirək ki, 2026-cı ilin dövlət büdcəsi makroiqtisadi sabitliyin qorunması və inkişafın davam etdirilməsi baxımından mühüm göstəricilərlə xarakterizə olunur. Büdcə gəlirləri 38,6 milyard, xərclər isə 41,7 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da əvvəlki ilə nisbətən həm gəlirlər, həm də xərclər üzrə 0,7 faiz artım deməkdir. Eyni zamanda dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat müəyyən olunub və bu göstərici ümumi daxili məhsulun (ÜDM) 2,3 faizinə bərabərdir. Qeyd olunan rəqəmlər fiskal balansın, yəni büdcə gəlirlərinin və xərclərinin tarazlığının qorunacağı ilə yanaşı, dövlətin sosial-iqtisadi öhdəliklərini yerinə yetirmək imkanlarının təmin ediləcəyini göstərir.
Məlumdur ki, büdcə xərclərinin istiqamətləri növbəti ildə hökumətin sosial-iqtisadi sahədə atacağı addımları əks etdirən güzgüdür. Strukturuna baxanda görürük ki, ötən illərdə olduğu kimi, 2026-cı ildə də əsas hədəflər əhalinin rifah halının yüksəldilməsi, insan kapitalının inkişafı, ölkənin təhlükəsizliyinin təmin olunması, Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Büdcədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən aztəminatlı təbəqələrin rifahının yaxşılaşdırılması və sosial təminat sisteminin davamlılığının artırılması əsas öhdəliklər kimi müəyyən edilib. Sosialyönümlü xərclərin həcminin 17,1 milyard manata çatdırılması və bunun ümumi büdcə xərclərinin 41 faizini təşkil etməsi dövlətin sosial siyasətə verdiyi önəmin növbəti ildə də dəyişməz qaldığını aydın şəkildə göstərir. Bu yanaşmanı həm də əhalinin sosial rifahının qorunması və gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların davamı kimi qəbul etmək olar.
Büdcə çərçivəsində təhsil, sosial müdafiə və sosial təminat sahələri üzrə xərclərin artırılması nəzərdə tutulur ki, bu da insan kapitalının inkişafına və sosial təminat mexanizmlərinin möhkəmləndirilməsinə xidmət edir. Sözügedən artımlar səhiyyə xərclərini də əhatə etməklə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və əlçatanlığının artırılmasına yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir.
Dövlət büdcəsində sosial müdafiə və sosial təminat sahəsinə ayrılan vəsaitin həcmi 4 milyard 873 milyon manata çatdırılıb. Bu göstərici 2025-ci illə müqayisədə 121,2 milyon manat və ya 2,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 721,8 milyon manat və ya 17,4 faiz artım deməkdir. Sözügedən dinamika dövlətin sosial öhdəliklərini ardıcıl şəkildə genişləndirdiyini və əhalinin həssas təbəqələrinin müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini göstərir. Sosial müdafiə və sosial təminat xərclərinin ümumi büdcə xərclərində 11,7 faizlik paya malik olması bu sahənin maliyyə baxımından mühüm prioritet olduğunu bir daha təsdiqləyir.
Sosial müdafiə və sosial təminat sahəsində aztəminatlı ailələrin və həssas əhali qruplarının müdafiəsi büdcədə xüsusi diqqət mərkəzində saxlanılıb. 2026-cı ildə bu məqsədlə 2 milyard 750,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 150,7 milyon manat və ya 5,8 faiz artım deməkdir. Göstərilən artım dövlətin sosial ədalət prinsipinə sadiqliyini və ehtiyac duyulan ailələrin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamını nümayiş etdirir. Bundan başqa, sosial müavinətlərin maliyyələşdirilməsi üçün 2 milyard 144,7 milyon manat vəsaitin ayrılması da planlaşdırılır. Bu göstərici əvvəlki illə müqayisədə 201,8 milyon manat və ya 10,4 faiz çox olmaqla sosial dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsinə və vətəndaşların sosial təminatının gücləndirilməsinə xidmət edir.
Təsdiq olunmuş dövlət büdcəsini həmçinin təhlükəsizlik çağırışlarına cavab verən strateji sənəd kimi də xarakterizə etmək olar. Büdcə xərclərinin 21 faizinin müdafiə və milli təhlükəsizliyin təmin edilməsinə yönəldilməsi bu sahənin dövlət üçün gələn il də prioritet olacağını ortaya qoyur. Sözügedən istiqamət üzrə 8,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 318,5 milyon manat və ya 3,8 faiz, 2024-cü illə müqayisədə isə 2,2 milyard manat və ya 32,8 faiz artım deməkdir. Müdafiə xərclərinin son beş ildə (2022-2026-cı illər) 3,8 milyard manat və ya 1,8 dəfə artması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, milli təhlükəsizliyin etibarlı təmininə və geosiyasi risklərə adekvat cavab imkanlarının formalaşdırılmasına xidmət edən ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilir.
Mövcud geosiyasi reallıqlar fonunda ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi və müasir ordu quruculuğu prosesinin davam etdirilməsi dövlət büdcəsi vasitəsilə hərbi potensialın artırılmasını zəruri edir. Bu baxımdan hərbi xərclərin artırılması təkcə mümkün döyüş əməliyyatlarına hazırlıqla məhdudlaşmır, eyni zamanda müdafiə infrastrukturunun yenilənməsini, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsini və Silahlı Qüvvələrin texnoloji modernizasiyasını hədəfləyir. Bu istiqamətdə həyata keçirilən maliyyə siyasəti ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionda sülhün davamlı olaraq qorunmasına xidmət edən əsas təminatlardan biri kimi qəbul edilir.
Bu gün Azərbaycan öz inkişaf tarixində keyfiyyətcə yeni bir mərhələni yaşayır. Postmüharibə dövrü kimi xarakterizə olunan bu mərhələdə ölkə üçün taleyüklü məsələlərin 2026-cı ilin dövlət büdcəsi çərçivəsində kompleks şəkildə nəzərə alınması sənədin xüsusi və unikal mahiyyətini ortaya qoyur. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın ardıcıl icrası həm Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi infrastrukturunun bərpasına, həm də əhalinin təhlükəsiz və rahat həyat şəraitinə qaytarılmasına xidmət edir. Proqramın icrası üçün gələn il büdcədən 3,5 milyard manat xərclənəcək. Xatırladaq ki, həmin məqsədlə 2020-2026-cı illər ərzində ümumilikdə 25,3 milyard manat büdcə vəsaiti ayrılıb. Bu da o deməkdir ki, dövlət müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində böyük maliyyə resurslarını səfərbər edir, regionların sosial-iqtisadi infrastrukturunu yeniləyir, vətəndaşların rahat və təhlükəsiz yaşamının təminatına çalışır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün büdcədə təsdiq olunmuş vəsait, sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin uğurlu nəticəsi üçündür.
Büdcənin strukturunda həm cari xərclərin, həm də investisiya və borc öhdəliklərinin balanslı şəkildə nəzərə alınması iqtisadi sabitliyin qorunması baxımından əsas şərtlərdən biridir. Gələn il üçün planlaşdırılan cari xərclər 25,2 milyard manat təşkil edərək ümumi xərclərin 60,3 faizini əhatə edir. Bu göstərici 2025-ci illə müqayisədə 407,3 milyon manat və ya 1,6 faiz artım deməkdir. Əsaslı xərclər isə 14,1 milyard manat həcmində planlaşdırılır və xərclərin 33,8 faizini təşkil edir. Büdcənin 2,5 milyard manatı və ya 5,9 faizi dövlət borcuna xidmət xərclərinə yönəldilir ki, bu da əvvəlki ilə nisbətən 58 milyon manat və ya 2,4 faiz çoxdur.
Prezident İlham Əliyev iqtisadi müstəqilliyin mahiyyətini belə ifadə edib: "İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir". Dövlət başçısının vurğuladığı kimi, iqtisadi müstəqillik ölkənin siyasi müstəqilliyinin möhkəm təməli, strateji qərarların arxasında duran güc mənbəyidir. 2026-cı ilin dövlət büdcəsi də məhz bu prinsiplər üzərində qurulub: sosial rifahın təmini, işğaldan azad edilmiş ərazilərin bərpası, milli təhlükəsizliyin gücləndirilməsi və dayanıqlı inkişafın davamı.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"