01 May 2024 09:10
253
İQTİSADİYYAT
A- A+

COP29 öz çağırışları ilə "yaşıl dünya"ya səs salacaq

 

 

Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərindən biri bərpaolunan enerji mənbələrinin rolunun artırılmasına nail olmaqdır. Qlobal iqtisadiyyatda yeni mərhələ olan "yaşıl enerji" dövrü öz yerini möhkəmlətməkdədir. Araşdırmalara görə, alternativ mənbələrdən enerji istehsalı 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. 
Bu göstəricidə təbii ki, Azərbaycanın da payı var. Bu, ölkəmizin "yaşıl enerji gündəliyi"ndə dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında "yaşıl enerji"nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, Azərbaycan bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ona görə də Azərbaycanın "yaşıl enerji"yə keçid etməsi zəruridir. Ölkədə ənənəvi enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir, azkarbonlu texnologiyaların tətbiqi, metan emissiyalarının minimuma endirilməsi, istehsal və hasilat proseslərində karbon dioksid emissiyalarının atmosferə atılmasının azaldılması, enerji səmərəliliyinin illik orta axınının bir neçə dəfə artırılması istiqamətində addımlar atılır. Bunun üçün dayanmadan bərpaolunan enerji mənbələrinin istehsalı artırılır. 2027-ci ilin sonuna qədər enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək-elektrik stansiyası istismara veriləcək. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş-elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Məqsəd mərhələli şəkildə "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək, "yaşıl investisiya"ları ölkəyə cəlb etmək, bu sahədə aparıcı dövlətlərdən birinə çevrilmək, əldə olunan "yaşıl enerji" həcmlərinin bir hissəsini Avropaya və Qara dəniz hövzəsi ölkələrinə ixrac etməkdir. 
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) məhz bu məsələləri müzakirə etməklə yanaşı, "yaşıl dünya" yaratmağın ən optimal variantı üzərində işləmək yollarını tapmağı hədəfə alıb. Belə qlobal tədbirin "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi isə bir başqa mətləbdən xəbər verir. Məlumdur ki, yaşıl rəng sakitlik, dinclik, rahatlıq, həyat, sağlam yaşam deməkdir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi də məhz bu nəsnələrə xidmət edir: dünyamızın sakit olması, sülh şəraitində yaşaması insanların sağlamlığı ilə həmahənglik təşkil etməlidir. Məhz belə bir həmahənglik ritminə köklənən Azərbaycan COP29-a evsahibliyi çərçivəsində özünün potensialını, enerjisini nümayiş etdirir. Siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Ölkəmizdə enerji müstəqilliyinin bərpaolunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda bu istiqamətdə praktik müstəvidə zəruri tədbirlər görülür. 
Bütün dünyada aktual çağırış olan "yaşıl iqtisadiyyat" "yaşıl enerji" hesabına "yaşıl dünya"ya doğru addımlasa da, Azərbaycanda neft-qaz arenasını "yaşıl iqtisadiyyat" tam zəbt edə bilməyib. Çünki "Neft və qazımız Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəliy"imiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb". Bu fikirləri Prezident Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən deyib. 
COP29-un keçiriləcəyi tarixə 6 aydan bir az artıq vaxt qalıb. Hazırlıqlar çərçivəsində əlaqədar qurumlar və şəxslər tərəfindən bir çox dövlətə səfərlər edilib, demək olar ki, xeyli təcrübə toplanılıb. O ölkələrdəki müzakirələr zamanı tərəfdaş və iştirakçı dövlətlər arasında bəzən fikir ayrılıqları olsa da, ümumi razılıq əldə olunub. Bir nüans da təsdiqlənib ki, ötən COP28-lə gələnilki COP30 arasında baş tutacaq COP29 özünün aktual çağırışları ilə "yaşıl dünya"nın yaddaşına hopacaq. Azərbaycanın COP28 və COP30 arasında bir körpü olduğunu adıçəkilən tədbirdə Almaniya Kansleri Olaf Şolts da çıxışında vurğulayaraq deyib ki, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə "üçlük" olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər.
Bəli, Prezident İlham Əliyevin təbirincə desək, bizim niyyətimiz də məhz budur: "Neft və qazla zəngin ölkələr haqqında mif yaradılmasın. Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Biz istəyirik ki, əldə edilmiş gəlirləri "yaşıl enerji"yə sərf edək. Bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən "yaşıl enerji"yə keçidlə və iqlim dəyişikliyi ilə bağlı. Bu ölkələr, o cümlədən Azərbaycandan əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim 
məsələlərinin həlli üçün böyük səy göstərdilər". 
Bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya üçlük şəklində fəaliyyət göstərirlər. Braziliyada təbii sərvətlərin kifayət qədər olması ölkəmizi bu addımı atmağa sövq edib.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video