Çindən Avropaya quru yolu ilə daşınan bütün yüklərin təxminən 85 faizi Qazaxıstandan keçir.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu barədə Urumçidə keçirilən IX “Çin-Avrasiya” Beynəlxalq Sərgisi çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin ilə Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan arasında keçirilən görüşdə bildirilib.
Tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişafı, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
2025-ci ilin yekunlarına görə Qazaxıstan ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə - 48,7 milyard dollara çatıb. 2026-cı ilin ilk beş ayında ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 22 milyard dollar təşkil edib.
Serik Jumanqarin qeyd edib ki, əsas məqsəd qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Onun sözlərinə görə, buna nail olmaq üçün Qazaxıstan ilə Çin arasında 2027-2030-cu illər üçün Ticarət və İqtisadi Əməkdaşlıq Proqramının və Yol Xəritəsinin razılaşdırılmasını sürətləndirmək lazımdır.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat marşrutlarına ayrıca diqqət yetirilib. Qazaxıstan Çinlə sərhəddə keçid məntəqələrini genişləndirir. Yeni “Baxtı-Ayagöz” üçüncü keçid məntəqəsinin tikintisi ilə üç keçid məntəqəsinin gücü ildə 100 milyon tona çatacaq.
Çin tərəfi Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçidinin tikintisi layihəsini birgə həyata keçirməyə hazır olduğunu təsdiqləyib. Bunun beynəlxalq nəqliyyat marşrutlarının sabitliyini və təhlükəsizliyini artıracağı gözlənilir.
Tərəflər, həmçinin investisiyalar, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, süni intellekt, enerji və naviqasiya texnologiyaları sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.