Qəsəbənin sosial-mədəni həyatında eyniadlı
gölün əhəmiyyəti böyükdür
1976-cı ildən Ceyranbatan qəsəbəsinin sakiniyəm.
İlk gündən qəsəbənin yaranma tarixi məni maraqlandırıb. 2000-ci ildən Ceyranbatan
qəsəbə Ağsaqqallar Şurasının sədri seçiləndən sonra daha çox məlumat əldə etdim.
Qəsəbənin tarixində və insanlarının taleyində
bir neçə hadisə mühüm rol oynamışdır. Bunlardan birincisi 1939-cu ilin payızında
Qusar, Quba, Xaçmaz, Qonaqkənd və Dəvəçi rayonları əhalisinin Samur-Dəvəçi kanalının
çəkilməsi ilə əlaqədar sovet hökumətinə müraciətidir. İkinci əsas tarixi hadisə
SSRİ Xalq Komissarları Sovetinin və Sov.İKP MK-nın 7 oktyabr 1939-cu il tarixli
qərarıdır. Həmin qərarda kanalın tikintisi üçün tələb olunan vəsait və materialların
ayrılmasına icazə verilib. Üçüncüsü isə çox qısa müddətdə ümumxalq tikintisinə çevrilən,
1940-cı ilin may ayında istismara verilən Samur-Dəvəçi kanalının açılışıdır. Qəsəbənin
tarixində dördüncü tarixi hadisə həmin kanalın 1946-cı ildə layihəsinə yenidən baxılması
və SSRİ Kənd Təsərrüfatı Xalq Komissarlığının Su təsərrüfatı Baş İdarəsi tərəfindən
təsdiq olunmasıdır. Bu layihə əsasında 1947-ci ilin dekabr ayında SSRİ Nazirlər
Soveti Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər uzadılmasına, su anbarının
və nasos stansiyalarının tikilməsinə qərar vermişdir. Sonrakı mühüm hadisələr
1949-cu ildə Samur-Dəvəçi kanalının yenidən tikintisinə başlanması və 1954-cü ildə
başa çatdırılmasıdır. Beləcə, ingilis mühəndisi Uilyam Lindleyin 1900-cü illərin
əvvəllərində hazırladığı layihədə nəzərdə tutulan işlər təxminən yarım əsr sonra
icra olundu.
Lakin illər ötdükcə Bakıətrafı qəsəbə və
yeni yaşayış massivlərinin içməli su ilə tələbatının ödənilməsi yeni qurğunun icrasını
zəruri edirdi. Odur ki, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı
ilə Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində ultrasüzgəcli sutəmizləyici qurğunun
təməlinin əsası qoyuldu. 2018-ci il oktyabrın 28-də kompleksin açılışı oldu. Dövlət
başçısı cənab İlham Əliyev açılış mərasimində də iştirak etdi. Burada görülən işləri
yüksək qiymətləndirərək demişdir: "Bu sutəmizləyici qurğular kompleksi dünyanın
ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda,
Bakıda yaradılıb. Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın
ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə
xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli
sudan korluq çəkən Bakı qəsəbələri sakinləri bundan sonra bu təmiz suyu alacaq.
Bir daha qeyd etmək istəyirəm ki, bu, dünya standartlarına cavab verən içməli sudur”.
Onu da qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli
Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində ərazidə yaşıllaşdırma
işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib.
O vaxtdan Sumqayıt şəhərinə, Abşeron, Xəzər,
Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal
olunur. Belə bir vəzifənin yerinə yetirilməsi istəyilə insanların buraya axını nəticəsində
Ceyranbatan abad yaşayış məskəninə çevrilib.
Hazırda Ceyranbatan qəsəbəsinin 11 mindən
çox sakini var. Onların 1500-ü qaçqın və məcburi köçkün soydaşımızdır. Qəsəbədə
2 tam orta məktəb, 2 uşaq bağçası, musiqi-incəsənət məktəbi, mədəniyyət mərkəzi,
klub, həkim məntəqəsi, poçt-rabitə xidməti, kommunal sahələr üzrə müvafiq müəssisələr
fəaliyyət göstərir.
2019-cu ilin iyulunda Abşeron RİH başçısı
qəsəbəmizə gəlmişdi. Görüşdə 2020-ci ildə qəsəbəmizin 70 yaşının tamam olacağını
dedim. O da cavabında dedi ki, Ceyranbatan qəsəbəsinin 70 illik yubileyini yüksək
səviyyədə qeyd edəcəyik. Siz də qəsəbənizin tarixini əks etdirən "Ceyranbatan-70”
kitabını hazırlayın.
Kitabı hazırlayarkən Nazirlər Kabinetinin
2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsü”nün siyahısında Ceyranbatan qəsəbəsinə aid bir obyektin
də olmadığını gördum. Həmçinin yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin
siyahısına da nədənsə Ceyranbatandan bir abidə salınmayıb. Halbuki qəsəbəmizdə kifayət
qədər nadir tarixi abidələr var. Bütün bunlar haqqında daha ətraflı məlumatı "Ceyranbatan-70”
kitabında vermək qərarına gəlmişik.
Kitaba onun ilk sakinlərinin, qəsəbənin inkişafında
misilsiz xidmətləri olan insanların - Oqtay Səlimovun, Əsgər Quliyevin, Yəhya Əhlimanovun,
Ülkəralı Əkbərovun, Babaxan Nağıyevin və başqalarının adlarını daxil edəcəyik.
İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli
sudur. Ceyranbatan qəsəbəsində görülmüş böyük işlər sayəsində Bakıda və Abşeron
yarımadasında bu məsələ demək olar tamamilə həll edilib. Yaşayış massivinin özü
isə inkişaf edərək şəhər tipli qəsəbəyə çevrilib.
Sabir TAĞIYEV,
Abşeron rayonu, Ceyranbatan qəsəbə Ağsaqqallar
Şurasının sədri