02 Oktyabr 2026 13:46
115
SİYASƏT
A- A+
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi


Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının aparıcı mövqeyini və tarixi uğurların əldə olunmasında müstəsna rolunu bir daha bəyan etdi


    Azərbaycanın müasir dövlətçilik tarixinin formalaşmasında və müstəqilliyimizin dönməz xarakter almasında xüsusi yeri olan, milli həmrəyliyin rəmzinə çevrilən Yeni Azərbaycan Partiyası (YAP) respublikamızın tarixi mərhələlərində aparıcı və həlledici rolu ilə daim öndə olub. 1990-cı illərin əvvəllərində ölkədə tüğyan edən dərin siyasi xaos, iqtisadi tənəzzül, hərbi böhran, eyni zamanda ölkəmizdə alovlanan separatizm təhlükəsi müstəqilliyimizi məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə taleyüklü bir zamanda xalqın mütərəqqi ziyalıları və geniş kütlələri yeganə çıxış yolunu böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin müdrikliyində və siyasi təcrübəsində görürdü. Təsadüfi deyil ki, ziyalıların və xalqın tələbi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunan Yeni Azərbaycan Partiyası birbaşa müstəqil Azərbaycanın xilaskarlıq hərəkatı kimi səhnəyə çıxdı. Yaranışından etibarən milli birliyin, sabitliyin və iqtisadi tərəqqinin etibarlı zəmanətinə çevrilən bu nəhəng siyasi qüvvə ölkəmizin dövlətçilik sütunlarının möhkəmləndirilməsində müstəsna və tarixi missiya yerinə yetirdi. 

    Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı yalnız siyasi şüar deyil, partiyanın keçdiyi şərəfli yolun və gələcək inkişaf vizyonunun fəlsəfi təcəssümüdür. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, YAP dünən dövlətimizi məhv olmaqdan xilas edərək onun müstəqillik təməllərini atıb, bu gün güclü, suveren və Qələbə qazanmış Azərbaycanın əsas dayağı kimi çıxış edir, gələcəkdə isə ölkəmizin dayanıqlı tərəqqisini və qlobal miqyasda yeni uğurlarını təmin edəcək əsas siyasi sütundur. Bu tarixi missiya və zamanın çağırışlarına çevik cavab vermək bacarığı partiyanın yeni reallıqlara töhfə verməsinə geniş şərait yaradır. 

    Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi müstəqil Azərbaycanın siyasi həyatında növbəti möhtəşəm və əlamətdar hadisə kimi tarixdə öz yerini aldı. Tədbirdə proqram xarakterli nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də regional miqyasda daşıdığı missiyanı xüsusi vurğulayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının çox böyük payının və töhfəsinin olduğunu qeyd etdi. 

     Bu fikirlər bir daha sübut edir ki, YAP yalnız siyasi hakimiyyəti təmsil edən partiya deyil, eyni zamanda Azərbaycanın strateji uğurlarının reallaşmasında, böyük layihələrin icrasında və milli ideyaların həyata keçməsində ön cərgədə dayanan böyük bir platformadır. Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin bərpa olunması budəfəki qurultayı fərqləndirən, ona xüsusi tarixi çəki verən məqamdır. Yeni tarixi şəraitin mahiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, ilk dəfədir ki, YAP-ın qurultayı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir. 

    Dövlətimizin başçısı əvvəlki VII qurultayın da öz dövrü üçün tamamilə yeni geosiyasi mühitdə baş tutduğunu xatırladaraq vurğulayıb ki, o zaman şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim qələbəmizdən danışırdı: “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”. 

    Otuz illik həsrətə son qoyaraq Zəfərdən tam suverenliyə gedən bu şərəfli yol xalqımızın öz liderinə və onun yürütdüyü siyasi xəttə olan inamının bariz nümunəsidir. Əlbəttə, bu sarsılmaz inamın və həmrəyliyin kökləri xalqın öz taleyini Ümummulli Liderinə həvalə etdiyi o çətin günlərə dayanır. Partiyanın yarandığı dövrdə yaşanan mürəkkəb və təhlükəli siyasi şəraiti təhlil edən Prezident İlham Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Dövlətimizin başçısı qətiyyətlə bəyan edib ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi ki, xalqımızın başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı öz nicat yolunu ancaq Ulu Öndər Heydər Əliyevlə bağlayırdı. Bu tarixi seçim və xalq-lider birliyi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, bu gün qürur duyduğumuz Zəfərlərin möhkəm təməl daşını qoydu. 

     Ölkəmizin hər sahədə qazandığı möhtəşəm uğurların, iqtisadi və hərbi qüdrətinin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi və müasir dövrün tələblərinə uyğun olaraq böyük məharətlə davam etdirilən strateji kurs dayanır. Çıxışında dövlətçilik ideologiyasının davamlılığına, dəyişməz prinsiplərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”. 

     Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında (YAP) həyata keçirilən genişmiqyaslı islahatlar partiyanın müasirləşməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində yeni mərhələnin təməlini qoyub. Bu islahatların ana xəttini idarəetmə mexanizminin daha çevik və dinamik formaya gətirilməsi təşkil edir. Partiya strukturunda aparılan optimallaşdırma işləri çərçivəsində yeni İdarə Heyəti formalaşdırılıb, Mərkəzi Aparatın və yerli təşkilatların fəaliyyəti müasir standartlara uyğunlaşdırılıb. Eyni zamanda, yüksək intellektual potensiala, innovativ düşüncəyə və müasir idarəetmə vərdişlərinə malik gənc kadrların YAP-ın rəhbər strukturlarında və yerli təşkilatlarında məsul vəzifələrə gətirilməsi təşkilatın daxili dinamikasını əhəmiyyətli dərəcədə artırıb. 

    Fəaliyyətin rəqəmsallaşdırılması, elektron idarəetmə sistemlərinin tətbiqi və sosial media platformalarından effektiv istifadə olunması partiya işində çevikliyi təmin edən əsas amillərdən birinə çevrilib. Bununla yanaşı, dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar ölkədə yeni siyasi mədəniyyətin formalaşmasına xidmət edir. Bütün kompleks tədbirlər Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında qabaqcıl rolunu daha da möhkəmləndirir.

     Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra başlayan yeni inkişaf erasında YAP-ın Azərbaycanın parlaq gələcəyinə, milli maraqlarımızın müdafiəsinə, habelə regionda sülh və tərəqqiyə müstəsna töhfə verməyə davam edəcəyini bir daha nümayiş etdirdi. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

13:46
02 Oktyabr

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətini nümayiş etdirdi  

13:23
02 Oktyabr

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir  

12:48
02 Oktyabr

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

12:27
02 Oktyabr

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb  

12:25
02 Oktyabr

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var  

12:24
02 Oktyabr

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır  

12:23
02 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır  

12:22
02 Oktyabr

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü  

12:21
02 Oktyabr

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir  

12:20
02 Oktyabr

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək  

12:20
02 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib  

12:19
02 Oktyabr

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir  

12:18
02 Oktyabr

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik  

12:17
02 Oktyabr

"ADEX 2026" davam edir

12:16
02 Oktyabr

Müstəqil Azərbaycan dövlətçiliyinin xilasetmə və inkişaf yolu: 1993-cü ildən bu günə  

11:56
02 Oktyabr

Beynəlxalq Astronavtika Konqresində

11:51
02 Oktyabr

Lənkəranda ahıl şəxslər üçün bayram tədbiri təşkil edilib

11:49
02 Oktyabr

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq  

11:49
02 Oktyabr

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin  

11:48
02 Oktyabr

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir  

11:47
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!