10 May 2024 08:25
171
SİYASƏT
A- A+

Bünövrə möhkəm olanda

 

Azərbaycanda kənd təsərrüfatının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Ümummilli Liderin Azərbaycana rəhbərliyə gəldiyi 60-cı illərin sonunda respublikanın iqtisadiyyatı ilə bərabər, aqrar sektoru da böhran vəziyyətində idi. Kənd təsərrüfatı göstəricilərinə görə Azərbaycanın keçmiş SSRİ respublikaları arasında sonuncu yerlərdən birini tutması, nəinki kəndlərimizin inkişafına, eləcə də kəndlilərin yaşayışına öz mənfi təsirini göstərirdi.
Belə olan halda aqrar sahədə köklü dəyişikliklərin həyata keçirilməsi, əsaslı tədbirlərin görülməsi, inzibati - təşkilati resursların səfərbər olunması, mərkəz qarşısında köklü məsələlərin qaldırılması təxirəsalınmaz zərurətə çevrilmişdi və bunu bir rəhbər kimi Heydər Əliyev həyata keçirə bilərdi, baxmayaraq ki, o dövrlər bu, asan məsələ deyildi.
"Kənd təsərrüfatını inkişaf etdirmək, kəndlidə öz əməyinə inam yaratmaq, şoranlaşmış torpaqlara həyat vermək, meliorasiya - su sistemini qaydaya salmaq, kadrların məsuliyyət hissini artırmaq böyük maliyyə vəsaitləri ilə bərabər, həm də yüksək təşkilatçılıq, insanları ələ alıb düzgün istiqamətləndirmək bacarığı tələb edirdi. Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi bütün çətinliklərə qalib gəldi". Bu fikirlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəfis şəkildə çap etdirdiyi "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" kitabında öz əksini tapıb. 
Üç bölmədən ibarət olan kitabın birinci bölməsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə kənd təsərrüfatının inkişafı, kəndlinin həyat şəraitinin yaxşılaşdırılması, kəndin yüksəlişi, mədəni simasının dəyişdirilməsi sahəsində görülən işlərə aydınlıq gətirilir, real faktlara yer verilir, nəticələr xatırladılır.
Əlbəttə, bu, ölkənin keçmiş kənd təsərrüfatı həyatını, insanların məşğulluğunu nəzərə çarpdırmaq baxımından çox əhəmiyyətlidir. Ən başlıcası Ulu Öndərin böyük təşkilatçılığına, gərgin səmərəli fəaliyyətinə bir baxışdır, qiymətləndirmədir. Çünki o dövrdə qoyulmuş bünövrə, tutulmuş strateji xətt bu günümüz üçün də faydalıdır və bugünkü həyatımızda müsbət rolunu  oynamaqdadır. Bu, Heydər Əliyevin aqrar siyasət xəttinin davamlı və əbədiyaşar olmasının nümunəsidir.
Dirçəliş və sürətli inkişaf yoluna çıxış kimi dəyərləndirilən Heydər Əliyevin rəhbərliyinin birinci dövrü həqiqətən də bütün sahələr kimi, aqrar sahədə də mühüm hadisələrlə zəngin olub. O dövrdə Heydər Əliyev kənd təsərrüfatının ciddi surətdə geri qalmasından açıq danışmaqla bərabər, diqqəti əsas və həlledici problemlər üzərində cəmləşdirərək ciddi tələblər qarşıya qoyur və bildirir: "Xeyli müddətdir ki, bizdə dənli bitkilərin məhsuldarlığı ölkə üzrə orta səviyyədən aşağıdır, pambığın məhsuldarlığına görə axırıncı yerdəyik. Kartofun, tərəvəzin, meyvənin və üzümün məhsuldarlığı sahəsində də eyni vəziyyət mövcuddur". Azərbaycanın kənd təsərrüfatının artım tempində ən zəif 3 ittifaq respublikasından biri olması Heydər Əliyevi narahat etməyə bilməzdi və bu narahatlıq, sözsüz ki, gərgin fəaliyyət və düşünülmüş planlar, qərarlar nəticəsində aradan qaldırıla bilərdi. Ulu Öndər buna nail ola bildi. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün qəti addımlar atıldı, problemlər kompleks şəkildə həll edildi. 1970-ci illərdə Heydər Əliyevin təkidi və təşəbbüsü ilə Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən dörd mühüm - "Azərbaycan SSRİ-nin kənd təsərrüfatının inkişaf tədbirləri haqqında", "Azərbaycan SSR-nin xalq təsərrüfatının inkişafı haqqında", "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" və "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" qərarların qəbul edilməsi respublikada kənd təsərrüfatının inkişafında böyük rol oynadı.
Bir neçə fakt: həmin illər respublikanın meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsait əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2,5 dəfə artıq oldu ki, bu da kənd təsərrüfatının sürətli inkişafına imkan yaratdı. Görülən mühüm tədbirlərin nəticəsində 1969-cu ilə nisbətən 1982-ci ildə ölkədə pambıq istehsalı 299,4 min tondan 1.015.3 min tona, üzüm istehsalı 272,0 min tondan 1.815.6 min tona, taxıl tədarükü 573,9 min tondan 1.211,3 min tona çatdırıldı, heyvandarlıqda və kənd təsərrüfatının digər sahələrində mühüm göstəricilər əldə edildi.
Kənd təsərrüfatı istehsalında məhsuldarlığın artırılması, istehsalatda səmərəliliyin yüksəldilməsi, resurslardan istifadənin yaxşılaşdırılması, istehsalın təşkilinin və idarəetmənin təkmilləşdirilməsi Heydər Əliyev aqrar siyasətinin əsası idi və Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldiyi illərdə də bu prinsiplərə sadiq qaldığını əməli fəaliyyəti ilə təsdiq etdi. Kitabın ikinci bölməsində müstəqillik şəraitində aqrar islahatların həyata keçirilməsi sahəsində Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, aqrar islahatların qanunvericilik bazasının hazırlanması və torpaqların xüsusi mülkiyyətə verilməsi ilə bağlı məsələnin yer alması və bu məsələlərin həll yolunda həyata keçirilən tədbirlərin uğurlu olması onun təşkilatçılıq bacarığını səciyyələndirmək baxımından dəyərlidir. 
Heydər Əliyev xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən iqtisadi-siyasi böhran içərisində olan, torpaqların bir hissəsi erməni təcavüzkarları tərəfindən işğal edilən, xaos, özbaşınalığın hökm sürdüyü Azərbaycanda ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, aqrar sahədə də islahatların aparılmasını, mülkiyyətin özəlləşdirilməsini, özəl sektorun inkişafına şərait yaradılmasını, sahibkarlığa, təşəbbüskarlığa meydan verilməsini, bu xəttin strateji istiqamət kimi qəbul edilməsini əsas vəzifə olaraq qarşıya qoydu. Çünki o dövrdə bütün sahələr kimi, kənd təsərrüfatı da ağır vəziyyətdə idi. 19 noyabr 1993-cü ildə keçirilən respublika müşavirəsində Heydər Əliyev yaranmış vəziyyəti nəzərə çatdıraraq deyirdi: "Respublikamız ağır iqtisadi böhran vəziyyətindədir. 1993-cü il başa çatır. Ölkədə gedən müharibə iqtisadiyyatın vəziyyətinə də ciddi təsir göstərir... Mən birmənalı deyirəm, biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq... Əsas məsələlərin biri özəlləşdirmədir". Heydər Əliyev aqrar sahədə iqtisadi islahatların aparılmasına, mülkiyyət formasının dəyişdirilməsinə, torpaq islahatı keçirilməsinə, sərbəst iqtisadiyyata geniş meydan verilməsinə taleyüklü məsələ kimi baxır və bu məsələlərə çox diqqətlə yanaşırdı. 
1995-ci ilin fevral ayında "Aqrar islahatlar haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" iki qanunun qəbul edilməsi Ulu Öndərin gərgin səylərinin və aqrar sahəyə böyük önəm verməsinin nəticəsi idi. Bundan sonra isə "Torpaq islahatı haqqında" qanun layihəsi hazırlanıb qəbul edildi. 
Kitabda qeyd edildiyi kimi, keçid dövründə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən əsaslı aqrar islahatlar bazar təsərrüfatçılığı sisteminə adekvat aqrar strukturun formalaşdırılmasına yol açmaqla, kənd təsərrüfatı istehsalının böhrandan çıxarılması və uzunmüddətli dövrdə dinamik inkişafı üçün zəmin yaratdı. Sonrakı illərdə qəbul olunmuş "Torpaq vergisi haqqında" "Torpaq bazarı haqqında" qanunlar, Torpaq Məcəlləsi və sair qanunvericilik aktları Heydər Əliyev dühasının məhsulu və aqrar sahənin bugünkü inkişafı üçün möhkəm bünövrə idi.
Aqrar sahənin inkişafı ilə bağlı mühüm məsələlər bu gün Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Aqrar islahatların dərinləşdirilməsi və çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması inkişafı sürətləndirib. Dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılıq, üzümçülük, meyvəçilik, pambıqçılıq, tütünçülük, çayçılıq, ipəkçilik və digər sahələr üzrə əsaslı tədbirlər müəyyən edilib və həyata keçirilib.
Prezidentin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilib, nazirlik yanında müvafiq xidmətlər və agentliklər yaradılıb.
Kitabın üçüncü - "Azərbaycanda aqrar sahənin dayanıqlı inkişaf zəminlərinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev ideyalarının reallaşdırılması" fəslində Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının, eləcə də kənd təsərrüfatının  inkişafı üçün həyata keçirdiyi tədbirlərə, gördüyü işlərə geniş yer ayrılıb.
Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə ayrılan güzəştli kreditlərin həcminin artırılması, vergi güzəştlərinin edilməsi, fermerlərə subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatı, biznes mühitinin, bazara çıxış imkanlarının genişləndirilməsi, aqrar sahənin elmi və kadr təminatının yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, dövlət dəstəyinin verilməsi sahəsində dövlətimizin rəhbərinin diqqət və qayğısı, xidmətləri öz bəhrəsini verməkdədir.
Aqrar sahənin gələcək dövr üçün inkişaf strategiyası qarşısında duran mühüm vəzifələrdən biri potensialın gücləndirilməsi və innovasiyaların tətbiqinin genişləndirilməsinə nail olunması məsələsidir və yaxşı haldır ki, kitabda dövlətimiz tərəfindən bu sahədə görülən işlərə nəzər salınmaqla gələcək vəzifələr öz əksini tapıb. Yazılıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına göstərilən dəstək real nəticələrdə özünü aydın göstərir və ildən-ilə ölkənin kənd təsərrüfatı öz imkanlarını genişləndirir. Heydər Əliyev tərəfindən əsası qoyulan möhkəm bünövrə və bu təməl üzərində həyata keçirilən tədbirlər bugünümüz, eləcə də gələcəyimiz üçün yeni uğurlar vəd edir. Bu inam və baxışlar təqdim olunan kitabda elmi dəlillərlə, göstəricilərlə, statistik məlumatlarla şərh edilir və aqrar sahənin gələcək inkişafının aydın mənzərəsini yaradır.
Kitab kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar, bu sahədə çalışanlar, xüsusilə tələbələr üçün dəyərli vəsaitdir. O, həm də dünənimizi və bugünümüzü, görülən işlərin əhəmiyyətini qiymətləndirmək, təhlillər aparmaq, səmərəli nəticələr çıxarmaq üçün çox əhəmiyyətli və faydalıdır.
Ən başlıcası bu kitab Ulu Öndər Heydər Əliyevin ömür yoluna bir daha nəzər salmaq, onun xalqımız və dövlətimiz  qarşısındakı xidmətlərini nəsillərə çatdırmaq, təşviq etmək, ölməz irsini, fəaliyyətini canlandırmaq, əvəzsiz xidmətlərini, Azərbaycanın inkişafı üçün göstərdiyi fədakarlığı, əvəzolunmaz tədbirləri işıqlandırmaq baxımından çox dəyərlidir.

Tahir RZAYEV, 
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video