Yaxın Şərqdəki hərbi əməliyyatlar bütün dünyada gərgin vəziyyət yaradıb. Müharibənin nə qədər davam edəcəyi isə məlum deyil. Bu məlumatsızlıq dünya bazarında xüsusilə neftin qiymətinə təsirsiz ötüşməyib.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın və Rusiyanın neft sənayesinə tətbiq etdiyi sanksiyaları 1 ay müddətinə aradan qaldırması və Hörmüz boğazından keçən neftdaşıyan tankerlərin ABŞ hərbi donanması tərəfindən müşahidə ediləcəyini söz verməsi də bazardakı qiymətlərə ciddi təsir göstərmədi. Bu bəyanatlardan sonra neftin qiyməti bir qədər düşsə də, artım tendensiyası davam edir.
Bu gün London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 109,58 ABŞ dolları təşkil edib. Ötən həftə ilə müqayisədə qiymətlər 3 faiz aşağı düşüb. Lakin martın əvvəllərində 1 bareli 96-98 dollara arasında satılan “Brent” markalı neftin qiymətinin ziqzaqvari artıb-azalması qiymətin 100 dolları ötməsinə gətirib çıxarıb ki, bu da dünya iqtisadiyyatına nəqliyyat və enerji xərclərinin, istehsalda maya dəyərinin artmasına və nəticə etibarı ilə istehlak mallarının qiymətinin artmasına-infilyasiyaya səbəb olub.
"Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 3,14 ABŞ dolları və ya 2,84 faiz azalaraq 107,24 ABŞ dolları təşkil edib.
Bütün tədbirlərə baxmayaraq İran dünya bazarının neftə olan tələbatının 20, qaza olan tələbatının isə 30 faizinin keçdiyi Hörmüz boğazını nəzarətdə saxlayır. Artıq Avropa və ABŞ-da yanacağın qiymətində kəskin artım müşahidə edilir ki, bu da ictimaiyyətin narazılığına səbəb olub.
"Bloomberg" ABŞ mütəxəssislərinə istinadla yazır ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar davam etsə, neftin qiyməti 200 dollara çatacaq ki, bu da dünya iqtisadiyyatında şok effekti yaradacaq, iqtisadi artım tamamilə dayanacaq.