2007-ci il noyabrın 8-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 15 sentyabrı Beynəlxalq Demokratiya Günü elan edib və üzv dövlətləri, BMT agentliklərini və digər regional, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını bu günü qeyd etməyə çağırıb. Beynəlxalq Demokratiya Günü dünya miqyasında demokratiyanın vəziyyətini müzakirə etmək üçün vacib bir fürsətdir. Demokratiya təkcə bir məqsəd deyil, həm də bir prosesdir və yalnız beynəlxalq birliyin, hökumətlərin, cəmiyyətin və fərdi vətəndaşların tam iştirakı və dəstəyi ilə dünyanın hər yerində hər bir insan üçün demokratiya idealları gerçəkləşə bilər.
Bu tarix ilk dəfə 2008-ci ildə rəsmi olaraq qeyd edilməyə başlanıb.
Sentyabrın 15-nin seçilməsi, 1997-ci ilin həmin günündə Parlamentlərarası İttifaq (IPU) tərəfindən "Demokratiyaya dair Ümumdünya Bəyannaməsi"nin qəbul edilməsi ilə bağlıdır.
Günün əsas məqsədləri dünyada demokratiyanın mövcud vəziyyətini nəzərdən keçirmək; Demokratik prinsipləri, insan hüquqlarını və qanunun aliliyini təşviq etmək; Vətəndaş cəmiyyətinin gücləndirilməsi və insanların idarəetmədə iştirakını dəstəkləmək; Hər bir ölkənin öz demokratik sistemini inkişaf etdirmək hüququnu xatırlatmaqdır.
Hər il BMT bu gün üçün xüsusi bir mövzu, şüar müəyyən edir və diqqəti dünyadakı aktual çağırışlara yönəldir. 2026-cı ildə Beynəlxalq Demokratiya Gününün mövzusu rəsmi olaraq belə müəyyən edilmişdir: "Əlləri və səsləri ucaltmaq - məşvərətçi demokratiya vasitəsilə vasitəçiliyin və sahibkarlığın gücləndirilməsi". BMT bu mövzu ilə vətəndaşların qərar qəbul etmə proseslərinə daha dərindən və birbaşa cəlb olunmasını, dialoq və inklüzivlik vasitəsilə cəmiyyətdə etimadın yenidən qurulmasını hədəfləyir.
Eyni zamanda demokratiya sahəsində fəaliyyət göstərən digər qlobal təşkilatlar da bu il üçün öz xüsusi mövzularını elan etmişlər: Parlamentlərarası İttifaq (IPU) bu il fəaliyyətinin bir istiqamətinin diqqətini "İnsan hüquqlarını diqqət mərkəzinə gətirin" şüarına yönəldib. Beynəlxalq Demokratiya Günü Brüssel Konfransının (IDEA) builki müzakirə mövzusu isə "Demokratiya üçün növbəti addım nədir? Dəyişən Dünyada İnnovasiya və Alyanslar" tezisidir.
Demokratiya ilk dəfə eramızdan əvvəl VI əsrin sonlarında Qədim Yunanıstanda, xüsusilə Afina şəhər-dövlətində (polisində) yaranıb. "Demokratiya" sözü yunan mənşəlidir: "demos" (xalq) və "kratos" (hakimiyyət) sözlərinin birləşməsindən yaranıb, "xalqın hakimiyyəti" mənasını verir. Afinada demokratiyanın formalaşması e.ə. 508-507-ci illərdə dövlət xadimi Klisfenin həyata keçirdiyi islahatlarla bağlıdır. Belə ki, vətəndaşlar qanunları qəbul etmək üçün Ekklesiya adlanan xalq məclisində birbaşa iştirak edirdilər. Onlar deputat, yəni təmsilçi seçmirdilər, hər kəs özü səs verirdi. Bu sistem tam bərabərhüquqlu deyildi. Yalnız yetkinlik yaşına çatmış, azad afinalı kişilər vətəndaş sayılırdı. Qadınlar, qullar və əcnəbilər səsvermə hüququndan məhrum idilər.
Afinadan sonra Qədim Roma e.ə. 509-cu ildə respublika sisteminə keçib. Roma birbaşa demokratiya deyil, təmsilli idarəetmə və hüququn aliliyinə əsaslanırdı. Senat və xalq məclisləri arasında güc balansı yaradılıb. Bu model müasir konstitusiyalı respublikaların əsasını qoydu.
Demokratiya tarixində növbəti böyük sıçrayış 1215-ci ildə İngiltərədə baş verib. Kral İohann feodalların təzyiqi ilə Böyük Azadlıqlar Xartiyasını (Magna Carta) imzalayıb. Bu sənədlə tarixdə ilk dəfə kralın mütləq hakimiyyəti məhdudlaşdırılıb və qanunun kraldan üstün olduğu bəyan edilib.
XVII-XVIII əsrlərdə Maarifçilik dövrünün filosofları Con Lokk, Monteskyö, Russo insanın təbii hüquqları və hakimiyyətin bölgüsü (qanunverici, icraedici, məhkəmə) ideyasını irəli sürüblər. Bu ideyalar müasir demokratiyanı formalaşdıran iki böyük tarixi hadisəyə yol açıb: ABŞ İstiqlaliyyət Bəyannaməsi (1776) dünyada ilk dəfə olaraq insanların bərabər doğulduğunu və idarə edənlərin gücünü idarə olunanlardan aldığını elan edib;
Fransız Burjuaziya İnqilabı (1789) "Azadlıq, Bərabərlik, Qardaşlıq" şüarı ilə feodalizmi devirdi və insan hüquqları bəyannaməsini qəbul etdi.
Qədim Afinadan fərqli olaraq, müasir demokratiya yalnız XX əsrdə qadınların və irqi azlıqların səsvermə hüququ qazanması ilə tam inklüziv xarakter alıb. Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir.
Hər il nüfuzlu "The Economist" jurnalının araşdırma mərkəzi olan Economist Intelligence Unit (EIU) tərəfindən hazırlanan qlobal "Demokratiya indeksi" hesabatına əsasən, dünya ölkələri seçki prosesi, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, siyasi iştirakçılıq və siyasi mədəniyyət meyarlarına görə qiymətləndirilir. Ən son qlobal hesabatlara əsasən, dünyanın ən güclü demokratiyasına sahib ilk 10 ölkəsi Norveç, Yeni Zelandiya, İsveç, İslandiya, Danimarka, Finlandiya, İrlandiya, İsveçrə, Kanada, habelə bərabər indeksi olan Niderland və Tayvandır.
R.CƏFƏROV,
"Azərbaycan"