Qız və oğlan
uşaqlarına qarşı ayrı-seçkilik bəşəriyyəti narahat edən məsələyə çevrilib
Demə, dünyanın
bəzi yerlərində ailələrin qız övladına münasibəti birmənalı deyilmiş. Belə ki, bir
çox ailələrdə oğlan və qız uşaqlarına qarşı aydın şəkildə ayrı-seçkilik müşahidə
edilir. Həm də bu münasibət ayrı-ayrı yerlərdə müxtəlif aspektlərdə özünü göstərir.
Qızlar təhsildən,
qidadan, səhiyyə xidmətlərindən oğlanlara nisbətən az bəhrələnə bilirlər. Onlar
hətta informasiya texnologiyalarından da az yararlanırlar. Oğlanlar kompüter, internet,
mobil telefonlardan daha geniş istifadə edirlər. Qızların şiddətə məruz qalması
haqqında da kifayət qədər faktlar var.
Bəzi yerlərin
insanlarının şüurunda kök atmış stereotiplər ailədə qızın doğulmasını arzuolunmaz
edir. Odur ki, gənc valideynlər həkimləri cəllada çevirərək qız uşaqlarının dünyaya
gəlməsinə sədd çəkirlər. Lakin qız övladlarına münasibətdə mövcud olan problemlər
bununla da bitmir.
Bütün dünyada
qız uşaqlarının həyatı üçün ən böyük təhlükələrdən biri onların
erkən ərə verilməsidir. Qlobal miqyasda götürdükdə 20-24 yaş qrupunda qadınların
təxminən üçdəbiri, yaxud təxminən 70 milyon nəfər qadın 18 yaşa qədər artıq ərdə
olur. Təəssüf ki, bu acınacaqlı hal səngimir, problem elə problem olaraq qalır.
Ümumi olaraq dünyada qız uşaqlarının təhsildən və səhiyyə xidmətlərindən daha az
faydalandığı da sirr deyil. İntihar hallarının oğlanlara nisbətən qızlar arasında
iki dəfədən çox olması da böyük narahatlıqlara əsas verir. Daha dəhşətli faktlar
isə bunlardır ki, 15-19 yaş arası hər dörd qızdan birinə şiddət göstərilir, hər
10 qızdan biri isə cinsi istismara məruz qalır.
Birləşmiş
Millətlər Təşkilatı (BMT) nüfuzlu beynəlxalq missiya kimi bütün bunları müşahidə
edərək bəşəriyyətə sanki kəsərli bir mesaj göndərib. Hələ 2011-ci ilin sonunda BMT
Baş Assambleyası Beynəlxalq "Qız övladları günü”nün qeyd olunması ilə bağlı qətnamənin
qəbulunu səsverməyə çıxarıb. Beləliklə, hər il oktyabrın 11-də bu bayramın qeyd
olunması qərara alınıb. Bu günün keçirilməsində məqsəd diqqəti qızların hüquqlarının
müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif
növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
"Qız övladları
günü” əvvəlcə Kanadada, Türkiyədə, Peruda qeyd olunmağa başlayıb. Sonrakı illərdə
onlara tədricən digər ölkələr də qoşulub.
Ötən dövr
göstərir ki, "Qız övladları günü” adi bayram
çərçivəsindən çıxaraq ilboyu ardıcıl, məqsədyönlü tədbirlərlə davam etdirilir. Başqa
sözlə, bu günün təsis edilməsində əsas məqsəd təkcə bayram keçirmək deyil, diqqəti
sözügedən sahədə olan qəbuledilməz vəziyyətə cəlb etməkdən və onu köklü surətdə
dəyişdirməkdən ibarətdir. Artıq belə bir təcrübə də özünü göstərir ki, hər növbəti
ildə keçirilən tədbirlərdə problemin müəyyən istiqaməti, məsələn, qızların təhsili,
sağlamlığı, yaxud erkən ərə verilməsi və s. əsas götürülür.
İnsanların
həyatında ədalət və bərabərlik qanunları uşaq yaşlarından başlayır. Odur ki, bu
istiqamətdə aparılan ictimai məlumatlandırma və əldə olunan digər bilgilər böyük
əhəmiyyət kəsb edir. Bunlar qız uşaqlarının gələcəyi üçün çox dəyərlidir. Həyata
keçirilən tədbirlər də məhz bu xeyirxah işə, müqəddəs amala xidmət edir.
Azərbaycanda
qız uşaqlarına mənfi münasibət bir sıra ailələrin onları ana bətnində ikən məhv
etməsində göstərir. Bunun nəticəsidir ki, yeni doğulan körpələr arasında qızların
xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azaldı.
2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə
bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır.
2016-2017-ci
illərdə doğulan körpələrin 46,8 faizini qızlar təşkil etdi. Bu, yeni doğulan hər
100 qıza 114 oğlanın düşməsi deməkdir. Bioloji normaya görə isə bu nisbət 114 deyil,
105-107 olmalıdır.
Aydın məsələdir
ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir.
Beləliklə də Azərbaycanda qadınların sayı getdikcə azalır. Hazırda qadınlar ölkə
əhalisinin 50,1 faizini təşkil edir. 2008-ci ildə bu rəqəmin 51 faiz, 2012-ci ildə
50,4 faiz, 2015-ci ildə 50,2 faiz olduğu və indi artıq 50 faizə çatmağı üzərində
ciddi düşünməli faktdır.
Belə bir durumla
qarşılaşmış ölkələrin keçdiyi yol göstərir ki, bu dinamika davam edərsə, Azərbaycanın
da qarşısı çətin alına bilən ciddi problemlə üzləşəcəyinə böyük ehtimal var. Başqa
sözlə, 20-30 ildən sonra azərbaycanlı oğlanlar üçün xaricdən gəlin gətirməli olarıq.
Gələcəkdə
belə müşkül məsələ ilə üzləşməmək üçün Azərbaycan bu istiqamətdə aparılan işlərdə
BMT-nin Əhali Fondu ilə əməkdaşlıq edir. Artıq bir sıra birgə layihələr həyata keçirilib.
Bu layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
əsas tərəfdaşlar kimi yaxından iştirak edərək təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.
Bu, "Azərbaycan” qəzetinin də 15 ildən çoxdur vaxtaşırı müraciət etdiyi aktual mövzulardandır.
Azərbaycanda
narahatlıq doğuran digər bir məsələ isə qızların erkən ərə verilməsidir. Ərə getməsi
deyil, məhz ərə verilməsi, çünki belə hallar əsasən qızların öz seçimi ilə baş vermir.
Onları tez ailə qurmağa valideynləri təhrik edir.
Birmənalı
olaraq dərk etmək lazımdır ki, erkən nikaha daxil olmaq təkcə qızların gələcəyini
sual altına almır, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Belə ki, yeniyetmə
qızlar artıq təhsillərini davam etdirə bilmir, savadsız qalır, heç bir peşəyə, sənətə
yiyələnmir, cəmiyyət isə onların potensialından, elmə, iqtisadiyyata, mədəniyyətə
və digər sahələrə verəcəyi faydadan məhrum olur. Erkən nikaha daxil olan qızlar
bir çox hallarda ailədaxili şiddətə məruz qalırlar. Erkən evlilik qızların səhhətinə də böyük zərbə
vurur, bu, hətta ana və uşaq ölümləri ilə nəticələnir.
Erkən evlilik
məsələsi bu gün bütün dünyanı narahat edən problemlərdən biridir. Daha bir narahatlıq
isə erkən nikahların azaldılması istiqamətində irəliləyişin ləng əldə olunmasından
doğur. Yeri gəlmişkən, hər il dünyada 15 milyon qız 18 yaşına çatmamış ərə verilir.
Daha az inkişaf etmiş ölkələrdə hər 9 qızdan biri 15 yaşında artıq nikahda olur.
Dünyanın müxtəlif
yerlərində insanların ümumi fikri belədir ki, qız uşaqlarını qorumağın ən yaxşı
yollarından biri təhsildən keçir. Onlar təhsil almadıqda cəmiyyət çoxistiqamətli
eroziyaya məruz qalır. Ona görə də qızların təhsil alması qarşısındakı bütün maneələr
aradan qaldırılmalıdır. Təəssüf ki, dünyada hər üç qız uşağından birinin təhsil
almaq hüququ zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur.
Qız uşaqlarının
daha yaxşı təhsil almaları və onların həyat şəraitinin yaxşılaşdırılması hər bir
ölkənin prioriteti olmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda qızların təhsilinə
böyük diqqət göstərilir. Hazırda ölkənin ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas
təhsil müəssisələrində 65,3 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,2 faizi
qızlardır. Ölkəmizdə eləcə də anaların və körpələrin, istər oğlan olsun, istərsə
də qız, sağlamlığına xidmət edən tibb müəssisələrinin geniş şəbəkəsi fəaliyyət göstərir.
Qız və oğlan
uşaqları arasında ayrı-seçkilik salan bəzi insanlar özlərinin şüurlarında mütləq
müsbət dəyişiklik etməlidirlər. Çünki qız olan evdə səliqə-sahman göz oxşayar, xoş
ab-hava hökm sürər. Nənələrimiz deyərdilər ki, qız uşağının ayağı sayalı olar, onun
dünyaya gəlişi ilə evə ruzi-bərəkət gələr. Qız həmişə qayğıkeşdir. Ata-ananın başı
ağrıyanda yastığı yanında keşik çəkən də qız övladı olur.
Arzu edək
ki, qızlara bütün sahələrdə, həmişə, hər yerdə müsbət münasibət bəslənsin. Bu məsələ
dövlətimizin böyük gələcəyə hesablanmış sosial-iqtisadi siyasətində mühüm yer tutur.
Dinimiz də qız uşaqlarına ən ülvi münasibət bəsləməyə çağırır. Xalqımızın mentalitetində,
milli-mənəvi dəyərlərində, ailə ənənələrində qız uşaqlarına qayğı və sevgiyə xüsusi
önəm verilir. Axı bu gün incə bir çiçək - sevimli bir körpə olan qızlarımızın hər
biri sabahın anasıdır!
Flora SADIQLI,
"Azərbaycan”