19 İyul 2022 01:01
1915
SİYASƏT
A- A+
“Bu dəfə Murovdan qalib kimi keçdik”

“Bu dəfə Murovdan qalib kimi keçdik”

 

Bütün faciələrimiz bu aşırımda başlamışdı, elə bu aşırımda da bitdi...

Murovun sərtüzlü Ömər aşırımında...

Onilliklər boyu Kəlbəcərlə bağlı gözlərimiz önündəki, xatirələrimizdəki son mənzərə, son pərdəydi Ömər aşırımı...

1993-cü ilin 2 aprelində bir ucu Kəlbəcərdə, bir ucu Gəncədə olan köç karvanı ilə məhz bu aşırımdan məğlub ölkənin vətəndaşları kimi məcbur olaraq qaçmışdıq...

Hərçənd ki, illərlə "qaçdıq" ifadəsini dilimizə gətirməyə utanmışdıq, amma düz 29 ildən sonra bu aşırımla Azərbaycanın qalib vətəndaşı kimi Kəlbəcərə dönən gün, bu acı reallığı da dilimə almaqdan çəkinmədim.

Bəli, nə qədər əzablı olsa da deməliyəm ki, 1993-cü ilin o məşum aprel günündə canımızı götürüb Kəlbəcərdən qaçmışdıq...

 

Həyatımızdakı heç nə əvvəlkitək olmayacaqdı

 

Neçə saat idi ki, yolda idik, asan deyildi, bu dikaşırımlı dar yolla bir el köçürdü...

Addım-addım irəliləyirdik. Vahid əmimgil, biz, kəndimizdən daha bir neçə ailə Ənvər əminin yük maşınına yığışmışdıq. Elə quruca canımızı götürüb çıxmışdıq, heç tələsdiyimizdən yeməyə yavan çörək də götürməmişdik. Aclıqdan qıvrılan qarnımı qucaqlayaraq, zülüm-zülüm ağladığım yadımdadır...

Mənə toxtaqlıq vermək istəyən, fəqət çarəsizlikdən bunu da bacarmayan anam Gözəlin də mənə qoşulub hönkürməsi yadımdadır...

Amma yolda kimlərisə ucadan haraylaya-haraylaya piyada irəliləyən qonşu kəndlərin birindən olan biri gənc, digəri yaşlı qadınların da maşınımıza minməsi ilə anidən kirimişdim... Yolda bu qadınlar digər ailə üzvləri ilə bir-birilərini itirmişdilər. Həmin vaxt gənc qadın yaşlı anasını yanımızda qoyub piyada geriyə, azyaşlı bacı-qardaşlarını axtarmağa qayıtmışdı (sonradan eşitdik ki, həmin vaxt o, əsir düşüb...)

Köç maşınlarında əsasən yaşlılar, qadınlar və uşaqlar idi. Silahsız olsalar da, kişilər rayonu tərk etməmişdilər. Elə atamgil də bizdən üç gün sonra rayondan atla dağ yolları ilə birtəhər çıxa bilmişdilər. Buna görə də nənələrimizin, analarımızın, bacılarımızın ah-naləsi ərşə dirənmişdi...

Həmin vaxt yaşımın azlığından içində olduğumuz faciənin miqyasını tam dərk etməsəm də, ürəyimə dammışdı ki, daha bundan sonra həyatımızdakı heç nə əvvəlkitək olmayacaq...

 

Sevinclə kədərin qoşalaşdığı möcüzəvi məkan

 

Biz illərlə Kəlbəcərlə aramıza keçilməz sədd çəkən Murovdan küsmüşdük, gah da Ömər aşırımına könül qoymuşduq...

Elə ki doğma torpağımız üçün burnumuzun ucu göynəyərdi, üz tutardıq Murovun Gəncə üzünə... Altdan yuxarı saatlarla şaqqıltı ilə Murovun gözyaşı misalı qıvrıl-qıvrıla axan çaya baxardıq, səsinə qulaq verərdik, Kəlbəcərdən bir soraq almağa çalışardıq...

Görünür, o zamanlar Murov da bizdən, Kəlbəcər elindən incimişdi ki, heç vaxt səsimizə hay verməz, harayımızı duymazdan gələrdi. Sadəcə, o anlarda əsən küləyini daha zərblə sıldırım qayalara çırpar, buludları baş-başa çataraq dəhşətlə guruldayar, şimşəkdən qılıncını itiləyərək qəzəb qığılcımlarını parıldadardı...

İndi Murovun belini üzük qaşı kimi dövrəyə almış dumanı yararaq yuxarı, ta "buludların üstü"nə, Günəşin bərq vurduğu aydınlığa çıxa-çıxa düşünürdüm ki, daha bu küskünlüyün, darqınlığın sonu çatıb. Biz Murovla barışmışıq, Murov bizi bağışlayıb...

İllər əvvəl kəlbəcərli el şairi Sücaətin qələmə aldığı o möhtəşəm məqamı yaşayırıq:

 

"Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər".

 

Budur, 3260 metr hündürlükdə olan Ömər aşırımı arxada qalır, "Kəlbəcər" yazılmış lövhəni də geridə qoyuruq. Murovun Kəlbəcər üzündə axan yanaşı bulaqların yanına çatırıq. Tez əllərimi soyuğu qılınc kimi kəsən bulağın altına tuturam, bir andaca barmaqlarım "iflic" olur, amma əlimi geri çəkmirəm, bu ağrını duymağın özü belə xoş gəlir mənə... İlk dəfə 1992-ci ilin yayında atamla Şamaxıdan Kəlbəcərə qayıdanda bu bulaq barmaqlarımı beləcə sızlatmışdı...

İndi isə barmaqlarımı da, ürəyimi də göynədən Murovun buz kimi suyu deyildi, illərdən sonra yenidən bu suyla "salamlaşanda" atamın yanımda olmaması idi...

Gözlərimdən qoparaq bulaq suyuna qovuşub sürətlə axıb gedən iri yaş damlaları beynimdə Kəlbəcərlə bağlı oyanan saysız xatirələrimi də özü ilə bərabər sürükləyib aparır... Bəzən xoş, bəzən də qüssəli anlara köklənirəm...

Səbəbsiz ağlayıram, səbəbsiz gülürəm, bu yerlə göyün birləşdiyi, Tanrıya daha yaxın ucalıqda sevinci də, kədəri də eyni anda yaşayıram... Qarı da, dumanı da, günəşi də, yağışı da bir ahəng altında toplamış qocaman Murovun özü kimi...

 

29 ilin o üzündən boylanan xatirələr

 

Düz 29 ilin o üzündən danışıram, həyatımın 10 ilini əhatə edən Kəlbəcərli günlərimdən. Kəlbəcər, İstisu, Çaykənd, kəndimiz Sınıqkilsə (1992-ci ildə adı dəyişdirilərək Hacıkənd adlandırılıb), Qoç daş yaylağı, Murov dağı ilə bağlı o qədər hadisələr, yaşantılarım yaddaşımda baş qaldırır ki, hansından başlayıb, hansında bitirəcəyimi bilmirəm...

Doğma kəndim Sınıqkilsə saf bulaqlardan süzülən suların birləşərək yaratdığı zümzüməli çayın kənarında, dağların yamacında salınmışdı. Yunis dədəmgilin, Fərrux əmimgilin və bizim evimiz kəndin güneyindəki yamacda idi. Dəniz səviyyəsindən iki min metrə qədər hündürlükdə yerləşən kəndimiz başdan-başa meşəlik idi, amma yüksəkliyə, yaylaqlara qalxdıqca, sıx meşələr yerini tədricən uc-bucaqsız, gül-çiçəkli çəmənliklərə verirdi. Kəndi ortadan bölən çay, axarı boyu ona qoşulan kiçik çaylarla, şəlalələrlə birlikdə üzüaşağı sürür, yağış yağanda isə köpürüb metrlərlə qalxaraq yarğanlarda çırpına-çırpına özünü kəndin ətəyində açdığı uçuruma daha zərblə yuvarlayırdı...

Adətən, Kəlbəcərin yazını, yayını çox tərifləyirlər, amma bu məkanın zimistanı da bir başqa gözəl olur. Bu fəsildə ətrafda başqa rəng görə bilməzsən, yer də, göy də ağappaq bərq vuran örpəyə bürünür. Sıldırımlar üzərindən özünü aşağı atan şəlalələr bir andaca qıvrım heykəllərə, buzların ağzında yan-yana sıralanan mağaralar isə qəzəbli əjdahaya çevrilirlər...

Bu şaxtalı, sazaqlı fəslin mənim üçün isti mənzərəsi isə səhər tezdən ailəvi şəkildə məktəbə doğru yola düşməyimiz idi. Anam, atam müəllim, biz yeddi uşaq isə şagird kimi...

Atam qabaqda gedər, qarda yol açar, biz də - Dilarə, Natəvan, Hamlet, mən, Əfsanə, Jalə, Xəyyam onun izini addımbaaddım təqib edərdik...

Elə ki bu izdən bir addım kənara çıxardıq, bax əsl "macəra" onda olardı. Elə mən özüm də bu qar "macəra"sını az yaşamamış, boyumu aşan qarda kənardakılar məni dartıb çıxarana qədər batıb qalmışam...

4-cü sinfin yarısına qədər orta məktəbi kəndimizdə oxumuşam. Kənd məktəbi olsa da, əminliklə deyirəm ki, hərtərəfli təhsil verilirdi bizə... Məcburi köçkün olan zaman təhsil aldığımız məktəblərdə bilik səviyyəmiz heç də oradakı şagirdlərin bilik səviyyəsindən fərqlənmirdi. Lakin məktəbimizin binası çox köhnə idi. Buna görə də bizə yeni, daha böyük məktəb binası inşa edilirdi, divarları, arakəsmələri tamamilə tikilib qurtarılmışdı, hazırlaşılırdı ki, çardağı vurulsun... Bir sözlə, növbəti dərs illərində yeni məktəbə gedəcəkdik, lakin təəssüf ki, bunu görmək bizə nəsib olmadı...

Yalnız illərdən sonra kəndimizə qayıdanda həm köhnə, həm də yeni tikilən məktəbimizin erməni vəhşiliyi ilə üz-üzə qalaraq dağıdıldığını görmək kimi acı qismətim oldu. Təkcə bumu...

 

Bura yenidən həyat qayıdır

 

...Artıq Ömər aşırımı xeyli geridə qalıb, yolun gah sağ, gah da sol tərəfində olan  sıldırım qayaların altında oxuya-oxuya axan iti çayların müşayiəti ilə Kəlbəcərə yaxınlaşırıq... Qamışlı, Nadirxanlı, Qılınclı kəndləri bir-bir arxada qalır.

Yolboyu keçdiyimiz yaşayış məntəqələrinin hamısı erməni vəhşiliyinin, talanının izlərini daşıyır. Tənha kəndlərdəki qapısı, pəncərəsi, tavanı, çardağı olmayan yarıuçuq evlər adamın ürəyini ağrıdır. Elə bil ki, erməni vandallarının dağıtdığı, yalnız quruca divarlarına tutunub ayaqda qalmağa çalışan bu evlərin də səbri tükənib, daha dözümləri qalmayıb. Yamyaşıl mamır basmış divarları "ağlayır", hər gün daşlarının üstündən bir daş da qopub düşür. Küçələr, həyətlər, bağ-bağçalar hamısı bir-birinə qarışıb, bu yerlərdə insan ayağının açdığı bütün izlərin üstünü kol-kos, ot-ələf örtüb. İstər-istəməz ürəyindən üzünü həmin tənha kəndlərə tutub səsin, avazın gəldikcə o uçuq evlərin sakinlərini haraylamaq keçir...

Amma elə Kəlbəcər ərazisinə ilk qədəm qoyduğumuz andan etibarən bu sərt təbiətli yerlərdə Azərbaycan dövlətinin dünya miqyasında görünməmiş nəhənglikdə həyata keçirdiyi quruculuq işlərinin şahidi olduqda ürəyin dağa dönür. Təkcə Murovdağın altı ilə çəkilən 12 kilometrə yaxın uzunluğa malik tunel, bu bölgədə gerçəkləşdirilən şah əsər, möcüzənin özüdür desəm, heç bir pafosa, mübaliğəyə yer vermiş olmaram... Bu tunelin misilsiz mahiyyəti Ömər aşırımından keçən çətin yollarla Kəlbəcərə səfər edərkən daha aydın gözlər önünə sərilir. Kəlbəcərin digər bölgələrlə bağlantı quracağı daha asan, rahat gediş-gəlişə malik yolları olmalıdır ki, hazırda da bu istiqamətdə böyük işlər görülür.

Ümumiyyətlə, rayon ərazisi başdan-başa quruculuq meydanına çevrilib, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır... İşğal dövründə erməni vandallarının üstünü betonlayaraq qurutmağa çalışdığı Kəlbəcərin rəmzi olan İstisu yenidən pıqqapıqla çağlayır, dostlara sevinc, düşmənə qəhr verir...

Müzəffər Ali Baş Komandan İlham Əliyev mükəmməl hərbi taktikası ilə Kəlbəcəri bir güllə belə atılmadan, bir itki belə verilmədən azad etdiyi kimi, indi də bu qocaman yurda gözəl həyatı qaytarır. Bu gün Kəlbəcərin dağlarından qoyun sürülərini otaran çobanların tütək səsi gəlir, arıçılar öz ala-bəzək arı yeşiklərini onun ətirli çəmənlərində sıra ilə düzüblər, bu yurdun hər nöqtəsində tikinti-quruculuq işləri gedir. Ən ümdəsi, igid Azərbaycan əsgəri gecə-gündüz əldə silah Kəlbəcərin keşiyində ayıq-sayıq dayanır.

Bütün bu sadalananlar isə Kəlbəcər elinin öz yurd-yuvasına qovuşmasına və abad evlərində çıraqlarını yandırmasına çox az zaman qaldığının, Böyük qayıdışın ayaq səslərinin lap yaxından eşidildiyinin müjdəsini verir...

 

Bu da ayrılığın sonuncu döngəsi...

 

 ...Kəlbəcər şəhərinə gedən yolun soluna, çayın üzərindəki körpünün üstü ilə Çaykənd kəndinə yönəlirik. Burada atamın yaxın dostu İmamverdi müəllimgilin, Maral mamamgilin (biz tərəfdə atanın bacısına "mama" deyə müraciət olunur) bir vaxtlar qonaq-qaralı olan evlərinə, daha doğrusu, dağıdılmış yurdlarına acı təəssüflə baxıram...

Daha sonra kəndin içi ilə üzü yoxuşa qalxan Sınıqkilsənin yoluna düşürük... Bir qərinəyə yaxındır ki, həyəcanla, səbirsizliklə gözlədiyim, yuxularımı ərşə çəkən məqama çatmağıma, doğma kəndimə qovuşmağıma, sadəcə, anlar qalıb. Bu da sonuncu döngə...

Xudavəndi-aləm sanki cənnətin qapısını açıb içəri daxil olursan. Kəndin girişindəcə Vətən torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan Sınıqkilsənin mərd oğulları Mürşüd Məmmədov və Şəhriyar Həmzəyevin xatirə lövhəsinin yanında dayanıb matdım-matdım kəndə sarı baxıram...

Şükür sənə, Tanrım, illərlə çəkdiyimiz zülmə, zillətə, həsrətə, nisgilə bilmərrə son qoydun...

Mənim də taleyimə müqəddəs Qurban bayramı ərəfəsində Vətən qibləmi, Kəlbəcəri ziyarət etmək kimi ilahi bir lütf bəxş etdin...

Düzdür, çoxlarımızın nənə-babası, ata-anası doğma yurd həsrəti ilə bu dünyadan köçüb, amma biz övladlar Vətənə əbədi dönə, "Biz qayıtdıq, Vətən" - deyə bildik...

Bu müqəddəs qayıdışı bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusunun hər bir əsgərinə, Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizə ömür boyu minnətdar olacağıq...

 

Əzablarla, məhrumiyyətlərlə dolu ömür sınağımız

 

...Dizboyu qalxmış yamyaşıl otların arası ilə addımlayaraq kəndin idarə, klub, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, dükan yerləşən hissəsinə çatıram. Kənddəki bütün yaşayış binaları kimi, sadaladığım tikililəri də erməni vəhşiləri dağıdıb viranə qoyublar. Bağlarımızı qırıblar, yaşı əsrlərlə, hətta min illərlə ölçülən nəhəng ağaclarımızı kəsiblər...

Çayın kənarında, nisbətən alçaqda yerləşən ərazidə dayanıb qarşı yamaca, dünyaya göz açdığım evə tərəf baxıram...

Daha buradan o yana getməyə cəsarət etmirəm, çünki özümü bu görüşə hələ tam hazır hiss etmirəm, bir az toxtamalıyam...

Vaxt qazanmaq üçün çayın həzin səsinə qulaq verirəm, uşaq vaxtı qarış-qarış gəzdiyim, hər daşına, qayasına, yoluna, cığırına bələd olduğum kəndə yenidən göz gəzdirirəm, minlərlə gül-çiçəyin ətrini bu yamacdan o yamaca daşıyan ilıq meh üzümə vurur, yenə də məni ötənlərə qaytarır...

Evimizi tərk etdiyim o sonuncu gün gözlərimin qarşısında yenidən canlanır...

1993-cü ilin mart ayının axırları idi. Biz Novruz tətilindən sonra məktəbə getməyə hazırlaşırdıq. Atam Qənaət müəllim və böyük bacım Kəlbəcər şəhərinə məktəb bazarlığına getmişdilər və mən həvəslə yeni çantamı, ayaqqabımı gözləyirdim. Amma onlar bazarlıqdan çox təşvişlə qayıtmışdılar. Danışırdılar ki, ermənilər Kəlbəcəri raket atəşinə tutublar.

Üzərindən heç bir neçə gün keçməmiş, səhərə yaxın bayırdan gələn təlaşlı səs-küyə oyandım. Xəbər gəlmişdi ki, artıq ermənilər Kəlbəcərə yaxınlaşır, tez yığışıb kəndi tərk etmək lazımdır, yoxsa... Beləcə, bizim ailə də Kəlbəcəri tərk etməyə hazırlaşan kədərli köç karvanına qoşulmuşdu...

İşğal ərəfəsində düşmənin əsir götürdüyü kəlbəcərlilər arasında atamın 74 yaşlı əmisi Kazım Məmmədov da var idi. Üzərindən bir qədər vaxt keçəndən sonra Kazım əmi əsirlikdən qurtarılmışdı. Erməni əsirliyində ona elə işgəncə vermişdilər ki, ağlını itirmişdi. Çox qısa müddətə ağlı üstünə gələndə isə bizə deyirdi ki, onu əsirlikdən buraxmazdan az əvvəl qanına dizel yanacağı vurublar. Çox keçmədən bu günahsız qoca əzabla canını tapşırdı...

Köçkünlüyün taleyimizə yazıldığı 1993-cü ilin 2 aprel günündən sonra ömrümüzün ən ağır dönəminə qədəm qoyduq. Həyata sıfırdan başlamalı olan valideynlərimizin çəkdikləri əzab-əziyyəti sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bircə onu deyim ki, qaçqınlığımızın ilk illərində balalarının aclığı ilə də sınanmışdılar...

Biz məcburi köçkün uşaqlarının da öz sınağı var idi...

Hamımız bir-birimizə oxşayırdıq - talelərimizlə, nisgillərimizlə, gözlərimizdəki qəhər anı, aclıq, yoxluq, məskunlaşdığımız əşyasız vaqon, çadır, yataqxana evləri, geyindiyimiz yardım ayaqqabıları ilə...

Bir andaca ağırlıq çökmüşdü körpə çiyinlərimizə, biz heç uşaqlığımızı yaşamamışdıq, o yarıda qırılmışdı...

Eh, nə isə...

Daha bütün bunlar olub keçib. İndi gələcəyə baxmaq lazımdır. Qarabağda qazandığımız parlaq Zəfər torpaqlarımızın bütövlüyü ilə yanaşı, uşaqlığı yarımçıq qırılmış, taleyi ikiyə bölünmüş biz məcburi köçkünlərin də itirilmiş ümidlərinin yenidən qazanılmasına, həyatımızın bütövləşməsinə, mənəvi, ruhi dirilişimizə rəvac verib...

 

Sinədəftər şairlərin, haqq aşıqlarının diyarı

 

...Dağ yollarında yeriməyi yadırğadığını düşündüyüm ayaqlarım ildırım sürəti ilə evimizə tərəf götürülür. Əmimgilin çəpərini keçərək qapılarına çatıram. Yadıma hardansa əmim oğlu Əjdərin toyu düşür, yəqin Kəlbəcərdə iştirak etdiyim son toy olduğu üçün...

Burnuma Bağdagül nənəmlə, Bulud mamamın həmin gün dəmlədiyi qaralı aşın, altında odundan gur ocaq çatılmış iri qazanlardan qalxan digər ləzzətli yeməklərin qoxusu gəlir... Qara zurnanın səsi kəndi başına götürmüşdü, üç gün sürən toy ərəfəsində bəzəkli maşınlarda kəndin yuxarısından gəlin gətirməyə getmişdik, oğlan evi qız evindən xoruz oğurlamışdı (bu, bir toy adəti idi), gəlinin başının üzərindən xırda pul, konfet tökmüşdülər, mən də o konfetlərdən, pullardan ətəyimə yığmışdım...

Toy mağarında "Ruhani" çalınmışdı, Duman mamam qollarını qaldıraraq bu mahnıya süzə-süzə oynamışdı, Yunis dədəm onun hər əlinə bir şax yüzlük basmışdı... Nüsrət əmim yeni yazdığı şeirlərini söyləmişdi, bəy təriflənmiş, saz aşıqları səhərə qədər dastan danışmış, deyişmişdilər...

Gül-çiçəyin arası ilə evimizə t

ərəf irəlilədikcə Qoç daş yaylağında keçirdiyimiz günlər canlanır hafizəmdə... Yaylaqda çoban tütəyinin səsi ilə ala-qaranlıqda oyanıb qoşulurduq təbiətin ahənginə... Sıldırım qayalara dırmaşır, Günəşin qürub çağı dağların başını al-qırmızı boyamasına tamaşa edirdik. Gecələr alaçıqların yanında məxmər kimi yumşaq otun üzərində uzanıb saatlarla zülmət qaranlığın bağrında bərq vuran ulduzlara baxır, elə bilirdik ki, əlimizi uzatsaq, ayı da, ulduzları da dərə biləcəyik. Kəlbəcərdə, bu yerlə göyün birləşdiyi möcüzəvi məkanda yaşam sürdürmək insanın ruhunu da saflaşdırırdı.

Ümumiyyətlə, Tanrının qüdrətdən var etdiyi Kəlbəcərdəki nəhəng dağların əzəmətinə, şiş qayalı sıldırımların heybətinə, Günəş şüalarına göz verib, işıq verməyən sıx meşələrin qüdrətinə, xalıdan əlvan çəmənlərin füsunkarlığına, yer altından qaynayan büllur bulaqların şəfasına, dumandan hörülmüş ağ örpəyinin əsrarəngizliyinə Yer üzünün heç bir yerində rast gəlmək namümkündür...

Bəlkə də ona görədir ki, bu əsrarəngiz diyarda dünyaya göz açanların hamısı heyrətdən dil açıb şair olurdu, sözlər yandırırdı dillərini, ağızlarını...

Sazı basırdılar sinələrinə, Dədə Şəmşir, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət olurdular...

Vəsf eyləyirdilər bu sıldırım qayalar üzərində səltənət quran məğrur qartallar diyarını...

 

"Dilqəmi" susmaq bilmədi, elə hey yanıqlı-yanıqlı inlədi...

 

...Saz-söz demişkən, haradansa qulağıma sazda yanıqlı-yanıqlı çalınan "Dilqəmi" sədası, atamın ən çox sevdiyi saz havası gəlir. Ruhuma məlhəm kimi yayılan sazın səsinə, bu avazın məni doğrultduğu ünvana - dünyaya göz açıb, sadəcə, on il yaşaya bildiyim doğma evimizə yönəlirəm.

Öz-özümə danışıram, deyirəm ki, yox ey tox tutacam özümü, qəhərdən hönkür-hönkür ağlamayacam, qətiyyən ağlamaq olmaz, bu gün ancaq sevinmək lazımdır.

Düşünürəm ki, İlahi, görəsən, indi bu dünyada özünü məndən daha xoşbəxt hesab edən başqa bir kimsə varmı?!.

Axı bu gün itirdiyim bütün doğmalarımla qovuşma günümdür. Bu gün düz 29 illik ayrılıqdan sonra Kəlbəcərə gəldim, Sınıqkilsəni gördüm. İndi də növbə evimizdə məni gözləyən atamın boynuna sarılmaq, "gözün aydın ata, Kəlbəcərin azaddır" deməyindir...

Düz iki ildir ki, Kəlbəcərdəki evimizdə məni gözləyən atama bu müjdəni vermək üçün günləri iplə çəkirdim... Bəs atamla görüşə bildimmi? Yox...

Qapıda durub nə qədər çağırsam da, haraylasam da "hardasan, ay ata, çıx qapıya, qarşıla məni, gəlmişəm" - desəm də, səsimə səs verən olmadı...

Sonra isə... Kürəyimi evimizin yarıuçuq divarına söykəyib, elə mən də bu dağılmış divarın qoynunda qolu-qanadı sınmış daş heykələ çevrilərək sükuta qərq oldum... Bayaqdan bəri qulaqlarımda səslənən "Dilqəmi" isə susmaq bilmədi, elə hey yanıqlı-yanıqlı inlədi...

Mən Kəlbəcərə atamın gözləri ilə bələd, sözləri ilə aşina olmuş, onun aşıladığı məhəbbətlə sevmişdim. O, çox ümidlə, intizarla gözlədi Kəlbəcərə dönəcəyi günü, amma doğma yurdunun azadlığına cəmi bir neçə ay qalmış bu dünyayla vidalaşdı. Atamın yoxluğu ilə ötən bu müddət ərzində hər zaman düşünürdüm ki, o, Kəlbəcərdə, Sınıqkilsədəki evimizdədir.

Və bir gün ora gedəndə mütləq görüşəcəyik...

Yanılmamışdım, elə də oldu və mən Kəlbəcərə gedəndə atamın özü ilə olmasa da, bizi orada səbirsizliklə gözləyən ruhu ilə görüşdüm. Yenə də birlikdə gəzdiyimiz dağlara qalxdıq, ləpirlərimizin qoşa iz saldığı cığırlarda birgə yürüdük, başımızın üstünə çətir tutmuş qocaman palıd ağacının altındakı Yunis dədəmin baldırğan ətirli bulağının kənarında oturduq. Kəlbəcər, atam və mənim ötüb keçən bu nisgilli həyat hekayəmizi isə gözlərindən qüssə yaşı süzülən bulaq pıçıldadı çiçəklərə, ağaclara, sulara, quşlara...

 

Gəldim şəlalənin gur saçın görüm,

Dağların başında gül tacın görüm.

Ömürdən,bahardan söz açın görüm,

Dərələr xoş gördük,düzən xoş gördük.

 

Yasəmən QƏNAƏTQIZI,

"Azərbaycan"

Bakı-Kəlbəcər-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!