Konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə ünvanladığı məktub obyektivlikdən uzaq və tamamilə qərəzlidir. Azərbaycanın bir qrup QHT rəhbərinin və hüquq müdafiəçilərinin ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə ünvanlandığı məktubda da qeyd edildiyi kimi, Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır.
Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın bu cinayətləri araşdırmağa, günahkarları məhkum etməyə tam ixtiyarı var: "Bu səbəbdən müharibə cinayətkarları ilə bağlı məsələyə yanaşmada əsas olan hansısa siyasi bəyanat və ya lobbiçilik fəaliyyəti deyil, məhkəmə prosesləri və qanunun aliliyi prinsipidir. Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması, münasibətlərin normallaşdırılması və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə belə təşəbbüslərin irəli sürülməsi təəssüf doğurur. Belə təşəbbüslər etimadın möhkəmlənməsinə deyil, əksinə, keçmiş qarşıdurma narrativlərinin yenidən canlandırılmasına xidmət edir. Regionda davamlı sülhün təmin olunması üçün beynəlxalq hüquqa hörmət, ədalət prinsipləri və dövlətlərin suveren hüquqlarının tanınması əsas götürülməlidir".
V.Rəhimzadə diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib ki, keçən ilin avqustunda Ağ Evdə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırıb. Sözügedən tədbirdə deyilir: "Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük".
V.Rəhimzadə onu da vurğulayıb ki, Prezident Donald Tramp və onun administrasiyası Cənubi Qafqazda sülh prosesinin irəliləməsini, Azərbaycan ilə Ermənistan arasında dialoq və normallaşma səylərini dəstəklədiyi halda, konqresmen Brad Şermanın ortaya qoyduğu ədalətsiz və qərəzli mövqe bu məqsədlərlə uzlaşmır: "Belə yanaşma regionda əldə olunmuş müsbət dinamikanın gücləndirilməsinə deyil, əksinə, sülh prosesinə və qarşılıqlı etimadın formalaşmasına mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirilə bilər".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"