09 Oktyabr 2022 01:52
1205
Mədəniyyət
A- A+
Böyük ziyalı

Böyük ziyalı

 

Fəaliyyət dairəsi geniş idi: alim, pedaqoq, tərcüməçi... Xalqının dərin köklərlə bağlı olduğu Şərq qədər Qərb mədəniyyətinin və ədəbiyyatının da bilicisi idi. Bu iki mədəniyyətin sintezini, yaradıcı üslubunu, yeni bədii cərəyanların təşəkkülünü tədqiq edirdi. Şərqlə Qərbin vəhdəti, mənəvi dəyərlərin qovuşması elmi yaradıcılığında mühüm yer tuturdu. 
Zəngin elm ocaqlarımızdan birinə - Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna uzun illər rəhbərlik etdi. Azərbaycan şərqşünaslıq elminin inkişafında misilsiz xidmətlər göstərdi. Böyük işlərə başladı və uğurla həyata keçirdi. İnanmaq çətin olsa da, bütün bunları cəmi əlli üçillik ömrünə sığışdıra bildi Aida İmanquliyeva.

 

Alicənab, əsilzadə, dürüst, əzmkar...

 

Aida xanım  1939-cu il oktyabrın 10-da Bakıda dünyaya gəlib. Uşaqlıq illəri atası Əməkdar elm xadimi, Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan görkəmli jurnalist, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin redaktoru işləməklə bərabər, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışan, jurnalistlərin sevimli müəllimi, ustadı Nəsir İmanquliyevin, anası Şamaxının əsilzadə nəslindən olan Gövhər İmanquliyevanın (Sultanzadə) sevgisi, qayğısı ilə əhatələnib. Valideynlərinin tək övlad sevinci, ümidi olub. Alicənablığı, əsilzadəliyi, sözübütövlüyü, dürüstlüyü, əzmkarlığı uşaqlıq çağlarından simasında da, əməllərində də əks olunub.
Dərin zəkası, oxuyub öyrənmək həvəsi ilə əvvəlcə ata-anasını fərəhləndirib. Orta məktəbdə təhsil aldığı illərdə bu keyfiyyətləri müəllimlərinin də diqqətini cəlb edib. Onlarda Aida İmanquliyevanın gələcəyi barədə böyük ümidlər yaradıb. Bakının məşhur təhsil ocağını - 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub. Tələbəlik illərində də bacarıqlı, ümidverici tələbə kimi tanınıb. Universiteti 1962-ci ildə fərqlənmə diplomu ilə bitirib. Müəllimləri əmin idilər ki, Aida İmanquliyeva harada çalışsa, uğur qazanacaq. O isə çətin sahəni seçib, elmi araşdırmalarla məşğul olmağa qərar verib.
Aida İmanquliyeva 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını ərəb filologiyası üzrə bitirib, "Qələmlər cəmiyyəti" və Mixail Nüaymənin onun yaradılmasında rolu" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Dissertasiya işi ölkənin aparıcı mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilib. İyirmi yeddi yaşlı alim həmin il doğma Bakıya dönüb. O, Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda fəaliyyətə başlayıb.
İlk günlərdən işlərinə can yandırıb. Gənc olsa da, yaxşı bilirdi ki, məqsədinə çatmaq, böyük işlər görmək üçün malik olduğu fitri istedadı zəhməti ilə cilalamalı, ona qol-qanad verməlidir. Elə bu istəklə də qətiyyətlə çalışdı, araşdırmalar apardı. Tezliklə zəhmətinin bəhrəsini hamı görməyə başladı. Artıq gənc alimin elmi araşdırmaları barədə rəğbətlə danışırdılar. Əməkdaşı olduğu institutda isə ona yalnız bacarıqlı alim olduğuna, zəhmətsevərliyinə görə deyil, eyni zamanda yüksək insani keyfiyyətlərinə görə də rəğbət bəsləyirdilər.
O, elmin çətin yollarında irəliləyir, gərgin əməyi sayəsində fəaliyyətini getdikcə genişləndirirdi. 1975-ci ildə iki monoqrafiyası işıq üzü gördü. "Qələmlər cəmiyyəti" və Mixail Nüaymə" adlı birinci monoqrafiya namizədlik dissertasiyası əsasında hazırlanmış, SSRİ EA Şərqşünaslıq İnstitutu tərəfindən çapa tövsiyə edilmiş və Moskvada "Şərq ədəbiyyatı" nəşriyyatında nəşr olunmuşdu. Moskvalı alim İ.E.Bilık bu əsəri yüksək dəyərləndirirdi. O, yazırdı: "Aida xanımın kitabı müasir ərəb ədəbiyyatına güclü təsir göstərmiş ərəb mühacirət ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərəbşünaslığında A.E.Krımski və İ.Y.Kraçkovskidən sonra, əslində, ilk ciddi işdir". Həmin il Aida İmanquliyevanın Bakıda "Elm" nəşriyyatında çapdan çıxan "Cübran Xəlil Cübran" monoqrafiyası da ərəbşünas alimlər tərəfindən yüksək qiymətləndirildi.
Elmi axtarışlarını davam etdirirdi. Bir-birindən maraqlı, sanballı elmi əsərləri Aida İmanquliyevaya dünya şərqşünaslıq elmində layiqli mövqe qazandırırdı. Ayrı-ayrı ölkələrin nüfuzlu elmi jurnallarında onun 70-dən çox məqaləsi işıq üzü gördü. SSRİ Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü seçildi. Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle, Tbilisi, Düşənbə və başqa şəhərlərdə keçirilmiş elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda etdiyi məruzələr maraqla qarşılandı.
1989-cu ildə Tbilisidə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə etdi. Üzərində uzun illər çalışdığı həmin dissertasiya əsasında hazırlanmış "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası 1991-ci ildə "Elm" nəşriyyatında nəşr olundu. Əsər təkcə Azərbaycanın deyil, bir çox ölkələrin şərqşünasları üçün əlamətdar hadisəyə çevrildi. Tədqiqatın elmi əhəmiyyəti barədə çoxsaylı məqalələr, rəylər yazıldı.
Aida İmanquliyeva həm də güclü elmi-təşkilatçılıq qabiliyyətinə malik idi. Çalışdığı institutun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edirdi. 1966-1976-cı illərdə o, Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi oldu. 1972-ci ildən həmin institutda ərəb ədəbiyyatı qrupunun rəhbəri, 1976-cı ildən yeni yaradılmış ərəb filologiyası şöbəsinin müdiri seçildi.  1988-ci ildə yeni məsul vəzifəyə - institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olundu. 1991-ci ildən isə institutun direktoru seçildi. Yüksək vəzifə Aida İmanquliyevanın uzun illər çalışdığı, doğmalaşdığı elm ocağının problemlərini həll etmək imkanını genişləndirdi. Zəngin ənənələrə malik elm məbədində onun rəhbərliyi ilə mühüm işlər həyata keçirilməyə başlandı. Qarşıda duran vacib məsələlər yenidən nəzərdən keçirildi. İnstitutun yeni strukturu hazırlandı.

 

Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru

 

Aida İmanquliyeva bu böyük elmi müəssisəyə rəhbərlik etməyə başlayanda ölkədə gərgin ictimai-siyasi hadisələr yaşanmaqda idi. Artıq SSRİ süquta uğramış, Azərbaycan müstəqilliyinə nail olmuşdu. Bu tarixi hadisə vətənpərvər, millətsevər Aida xanımı da çox sevindirmişdi.
Respublika ağır sınaqlarla üzləşmişdi. Mübarizələrdən keçərək dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanda bütün sahələrdə çətinliklər meydana çıxmışdı. İqtisadi böhran elmi müəssisələrin də vəziyyətini müşkülləşdirmişdi. Çətin və məsuliyyətli zamanda Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva həyata keçirilməsi labüd olan bütün işləri diqqət və dəqiqliklə müəyyənləşdirdi. Yorulmadan çalışdı. Görüləcək işlər olduqca çox idi. Kadr hazırlığına diqqət artırılmalı, bəzi əməkdaşlar instituta cəlb olunmalı, attestasiya aparılmalı,  əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmalı idi. Direktor eyni zamanda institutun fəaliyyətini genişləndirmək, maddi-texniki bazasını möhkəmləndirmək, elmi-publisistik jurnalı təsis etmək kimi əhəmiyyətli məsələləri həll etməli idi. Bütün bunları həyata keçirmək üçün ruh yüksəkliyi ilə, qətiyyətlə çalışırdı. Hər biri Azərbaycan şərqşünaslıq elminin inkişafı üçün böyük xidmətlər olan bu işləri reallaşdırmaq yolunda qarşılaşdığı çətinliklər, biganəliklər onu ruhdan salmadı. Direktorun əzmkarlığı, elmi işçilərin hər birini düşünməsi, qayğısına qalması Şərqşünaslıq İnstitutunun əməkdaşlarını getdikcə daha da həvəsləndirir, bu elm ocağında canlanma yaradırdı.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşriyyat bazasının yaradılması üçün danışıqlar aparılırdı. Eyni zamanda institut İran və Türkiyənin konsulluqları vasitəsilə həmin ölkələrlə elmi əlaqələri genişləndirirdi.
Böyük ziyalı həmin illərdə görüş və söhbətlərdə müxtəlif ölkələrin nümayəndələrini Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları, Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır, yüksək tribunalardan çıxış edirdi. Aida İmanquliyeva SSRİ və Azərbaycan rəhbərliyinə institut adından etiraz müraciətləri göndərmişdi. Onun tapşırığı ilə institutda yüz il ərzində törədilmiş erməni cinayətləri, onların haqqında qəzet və arxivlərdə olan məlumatların yer verildiyi "Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xronikası" adlı kitab hazırlandı. Kitab əvvəlcə ərəb dilində çap edildi.
Görkəmli alimin tədqiqat dairəsi çox geniş idi. Çoxsaylı elmi əsərləri bu gün də əhəmiyyətini qoruyub saxlayır. O həm də istedadlı pedaqoq idi. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Müstəqil Azərbaycanın gənc nəslini yetişdirmək, düzgün istiqamətləndirmək üçün bilik və bacarığını əsirgəmirdi.
1991-ci ilin martında Aida İmanquliyevaya "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi vəzifəsi verildi. O, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor idi.
Onun çoxşaxəli yaradıcılığına tərcüməçilik də daxil idi. Aida xanım müxtəlif illərdə Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərin redaktoru oldu.
Elmi-təşkilati işləri həddindən çox olsa da, o, sevgisini, qayğısını və nəvazişini ailəsindən əsirgəmirdi. Aida İmanquliyeva qayğıkeş qadın, əziz ana, sevimli nənə idi. Vətəninə gərəkli iki övlad böyütmüşdü. 
Böyük qızı Nərgiz Paşayeva filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir. Kiçik qızı Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiridir.
Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da, əlli üç yaşında dünyasını dəyişib.  Onun əbədiyyət ömrü qoyub getdiyi işıqlı xatirələrində, dərin elmi əsərlərində davam edir.
 
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!