24 Iyun 2022 00:38
213
DÜNYA

Bolqarıstanda hakimiyyət böhranı yaranıb

 

Ölkə parlamenti hökumətə etimadsızlıq göstərdi

 

Bolqarıstan parlamentariləri Baş nazir Kiril Petkovun hökumətinə etimad göstərməyib. Səsvermənin nəticələrinə görə, 123 deputat hazırkı kabinetin "əleyhinə", 116 deputat "lehinə" səs verib. Bitərəf olmayıb. Səsvermədən sonra Kiril Petkov deyib ki, hökumətə rəhbərlik etmək onun üçün şərəf idi. Ona görə də bu etimadı geri qazanmaq üçün "döyüşü" davam etdirəcək.

 

Baş nazirin koalisiyası Xalq Məclisində çoxluğunu niyə itirib?

 

Xatırladaq ki, Kiril Petkov 2021-ci ilin dekabrında keçirilən parlament seçkilərindən sonra Baş nazir postunu tutub. Ötən ilin dekabrında keçirilmiş parlament seçkiləri nəticəsində Kiril Petkov və Asen Vasilevin rəhbərlik etdiyi "Dəyişiklikləri davam etdirək" (PP) koalisiyası parlamentdə daha çox yer (67) əldə edib. Bundan sonra Bolqarıstan Sosialist Partiyası, "Demokratik Bolqarıstan" seçki bloku və "Belə bir xalq var" (YTN) partiyası ilə koalisiya hökuməti qurulub.

İyunun 8-də YTN lideri Slavi Trifonov partiyasının koalisiyadan çıxdığını elan edib. O, bu hərəkətə səbəb kimi ölkənin büdcəsi ilə bağlı fikir ayrılıqlarını və Petkovun Şimali Makedoniyanın Aİ-yə üzvlük danışıqlarına başlamasına icazə verməklə bağlı çox yumşaq mövqeyini göstərib. Beləliklə, Petkovun koalisiyası Xalq Məclisində çoxluğunu itirib.

Etimadsızlıq təklifi sağ mərkəzçi "Vətəndaşlar Bolqarıstanın İnkişafı Uğrunda" (GERB) partiyasının üzvü Desislava Atanasovanın başçılıq etdiyi bir qrup deputat tərəfindən irəli sürülüb. Bu partiyada Petkov artan inflyasiyanın öhdəsindən gələ bilməməkdə günahlandırılıb və onun maliyyə siyasəti tənqid edilib.

Petkov vəzifədə olduğu müddətdə NATO tərəfdarı kimi bu qurumun gündəliyinə sadiq qalıb. Bu ilin fevralında o, Ukrayna ərazisində Rusiyanın xüsusi əməliyyatı barədə kifayət qədər sərt danışmadığı üçün müdafiə naziri Stefan Yanevin işdən çıxarılmasını tələb edib. Yanev martın 1-də vəzifəsini tərk edib.

 

Bir il ərzində 3 seçki keçirilib

 

Bolqarıstanda növbədənkənar parlament seçkiləri ötən ayın 14-də keçirilib. Seçicilərin 25,67 faiz səsini qazanan "Dəyişiklikləri davam etdirək" koalisiyası seçkilərdə qalib olub və 47-ci çağırış Xalq Məclisində 67 mandata yiyələnib. İkinci mövqedə keçmiş Baş nazir Boyko Borisovun "Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları" partiyasının Demokratik Qüvvələr İttifaqı ilə qurduğu koalisiya qərarlaşıb. Koalisiya 22,74 faiz səs toplayaraq 59 mandata sahib olub. Sonrakı yeri 13 faiz səs və 34 mandatla türkəsilli siyasətçi Mustafa Qaradayın "Haqq və azadlıqlar hərəkatı" tutub.

47-ci çağırış parlamentin yeni tərkibində Bolqarıstan Sosialist partiyası (10,21 faiz səs, 26 mandat), "Belə bir xalq var" partiyası (9,52 faiz səs, 25 mandat), "Demokratik Bolqarıstan" birliyi (6,37 faiz səs, 16 mandat) və "Dirçəliş" partiyası (4,86 faiz səs, 13 mandat) yer alıb.

Qeyd edək ki, Bolqarıstanda parlament seçkiləri 2021-ci il ərzində 3 dəfə keçirilib. Aprel və iyul aylarında seçkilərdən sonra heç bir partiya Nazirlər Kabinetini formalaşdıra bilməyib.

 

Ümidlər puç oldu

 

Dekabrda Xalq Məclisinin iclasında çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə bildirib ki, səbirsizliklə və ümidlə yeni hökumətin işinin başlanmasını gözləyir. Dövlət başçısı vurğulayıb ki, yeni hökumətin əsas vəzifələrindən biri məhkəmə sisteminin islahatı və korrupsiyaya qarşı total mübarizədir. Özü də bu istiqamətdə yaxın 100 gün ərzində müəyyən uğurlar əldə olunmalıdır.

Radev Petkova müvafiq mandat təqdim edərkən deyib: "Sizin və koalisiya üzrə tərəfdaşlarınızın üzərinə bundan əvvəlki avtoritar idarəetmə zamanı qeyd olunan hakimiyyətin qüsurlu modelini dəyişmək məsuliyyəti düşür. Siz korrupsiya və qanunsuzluqla, habelə bunların yaratdığı qeyri-bərabərlik və ədalətsizliklə mübarizə aparmalısınız. Kölgə hakimiyyətinin kökünü kəsməlisiniz. Sizin əsas resursunuz xalqın dəstəyi olacaq. İlk 100 gün ərzində qətiyyətli və sağlamlaşdırıcı dəyişikliklər həyata keçirməsəniz koalisiya korrupsiyaya qalib gələ bilməyəcək. Qanunilik ən vacib döyüşdür və digər bütün məsələlər onun nəticəsindən asılıdır".

Təəssüf ki, ümidlər yenə doğrulmadı və ölkəni daha bir növbədənkənar seçkilər gözləyir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video