Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi heyəti təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan Milli Televiziyasının (BNT) məlumatına əsasən, ölkənin Baş naziri Rumen Radev oktyabrın 13-nə keçən gecə Malta bayrağı altında üzən “Chelsea 3” gəmisindən 15 dənizçinin təxliyə olunduğunu bildirib.
Təxliyə edilənlərdən 8-i Azərbaycan, 7-si isə Ukrayna vətəndaşıdır. Onların yüngül xəsarətlər aldığı bildirilir.
Odessa limanına qeydiyyatda olan “Chelsea 3” gəmisi Bolqarıstanın Byala şəhərindən 24 kilometr məsafədə hücuma məruz qalıb. Heyət üzvlərinin sözlərinə görə, gəmiyə eyni vaxtda üç pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Hücumdan sonra gəmi Varna limanında lövbər salıb.
Eyni zamanda, Sent-Kits və Nevis bayrağı altında üzən “Azov Concord” ticarət gəmisi Bolqarıstanın Krapets kurort qəsəbəsindən 27 kilometr aralıda hücuma məruz qalaraq batıb. Gəminin heyət üzvlərindən biri xilas edilib, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bolqarıstanın Baş naziri hadisələrlə əlaqədar Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanın Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb. Bundan başqa, rəsmi Sofiya NATO-nun Baş katibi Mark Rütte ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
Qeyd edək ki, bir həftə əvvəl də Bolqarıstanın müstəsna iqtisadi zonasında “Alfa Watan” və “Able” gəmilərinə hücumlar qeydə alınıb. Bolqarıstan hakimiyyəti hadisələrin araşdırılması üçün Avropa İttifaqı və NATO-dan yardım istəyib.