Nigeriya Təhlükəsizlik Qüvvələrinə iki həftə ərzində “Boko Haram” terror təşkilatının 13 min 243 silahlısı və onların ailə üzvləri təslim olub. Nigeriya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Bernard Onyekonun jurnalistlərə verdiyi məlumata görə, “Boko Haram”a qarşı əməliyyat oktyabrın 1-dən 14-dək davam edib. Bu müddət ərzində “Boko Haram”ın 29 yaraqlısı zərərsizləşdirilib, daha 13 nəfəri saxlanılıb.
Əməliyyatlar nəticəsində çoxlu sayda terrorçu yaralansa da, onlar gizlənə biliblər. Bununla belə, təhlükəsizlik qüvvələri böyük miqdarda döyüş sursatlarını ələ keçirməyə müvəffəq olub.
Son illər təşkil edilən əməliyyatlara baxmayaraq, “Boko Haram” əvvəlkitək Afrikanın ən sıx məskunlaşmış ölkəsində - Nigeriyada təhlükəsizlik üçün ciddi problem olaraq qalmaqdadır.
Xatırladaq ki, “Boko Haram” 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən artıq adam bu ekstremist təşkilatın qurbanı olub. “Boko Haram” 2015-ci ildən həmçinin Kamerun, Çad və Niger kimi qonşu ölkələrə də hücum edir. Çad gölü rayonunda azı 2 min nəfər terrorçuların qurbanı olub. Təkcə Nigeriyada terror hücumları və qarşıdurmalara görə yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
“Boko Haram” Nigeriyanın radikal islam sektasıdır. 2002-ci ildə ölkənin şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və Qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında adı BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.
Müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini “haram” sayaraq qadağan edən “Boko Haram” Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini düşünür. Rəsmi adı “Camaatu Əhlis Sünnə Liddəəvəti vəl-Cihad” ərəbcə “Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar” deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Mayduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - “Boko Haram” deyərək çağırırlar. Hausa dilindən bu ad “Qərb təhsili haramdır” kimi tərcümə edilir. Əvvəlcə “boko” saxta mənasını versə də, sonradan “Qərb təhsili” mənasını daşımağa başlayıb.
1903-cü ildə Nigeriya, Niger və Kamerunun cənub hissəsində mövcud olmuş Sokoto xəlifəliyi Britaniya nəzarətinə keçəndən bəzi ərazilərdə müsəlmanlar Qərb təhsilinin yayılmasına müqavimət göstəriblər. Onlar uşaqlarının hökumətin təkidinə baxmayaraq, belə məktəblərə göndərilməsinin əleyhinə çıxıblar. Məhəmməd Yusif 2002-ci ildə Mayduguridə “Boko Haram” qrupunu təsis etdikdən sonra isə müsəlman məktəblərini və məscidlərini əhatə edən dini kompleks yaradıb. Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələri uşaqlarını belə kompleksə göndəriblər.
Lakin “Boko Haram” təkcə təhsilə müdaxilə etməklə kifayətlənməyib. Bu təşkilatın siyasi məqsədi İslam dövlətinin qurulması olub və nəticədə məktəb cihadçıların səfərbər edilməsi yerinə çevrilib. 2009-cu ildə “Boko Haram” Mayduguridə inzibati binalara, polis məntəqələrinə hücumlar edib. Şəhərin küçələrində atışma nəticəsində yüzlərlə “Boko Haram” tərəfdarı öldürülüb, minlərlə sakin şəhəri tərk edib. Nigeriyanın təhlükəsizlik qüvvələri, nəhayət, qrupun qərargahını ələ keçirib, döyüşçüləri həbs edib, Məhəmməd Yusifi öldürüblər. Onun cəsədi dövlət televiziyası ilə nümayiş olunub və təhlükəsizlik qüvvələri “Boko Haram”ın məhv edildiyini bildirib. Lakin döyüşçülər yeni lider - Əbubəkr Şekaunun rəhbərliyi altında yenidən qruplaşıblar. Ötən il dekabrın 15-də “Boko Haram” Katsina ştatının Kankara şəhərində 333 məktəblini oğurlayıb.
Qruplaşma eləcə də Nigeriyanın şimal və mərkəzi hissəsində bir sıra qanlı hücumlar həyata keçirib, o cümlədən kilsələr, avtobus dayanacaqları, barlar, hərbi kazarmalar, polis məntəqələri və hətta paytaxt Abucada BMT mənzil-qərargahında terror aktı törədib.
2021-ci ilin may ayında 46 yaşlı Əbubəkr Şekau intihar edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”