Yenidənqurma prosesləri zamanı üzləşdiyimiz əsas problemlə - mina təhdidi ilə bağlı ADA Universiteti ilə birgə əməkdaşlıq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin dəstəyi ilə “Azad olunmuş ərazilərdə mina problemləri ilə mübarizə” sərlövhəli hesabat hazırlamışıq. Bundan başqa, Azərbaycan, rus və ingilis dillərində dərc edilən bülleten, təhlil və arayışların sayı ümumilikdə 214-dür.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuat konfransında deyib.
O qeyd edib ki, strateji gündəmin hədəf istiqamətləri üzrə mərkəzin “AQEM: Azərbaycanın Sədrliyinin Gücləndirilməsi”, “Azərbaycan-ABŞ münasibətləri: Strateji tərəfdaşlığa doğru yeni kursun müəyyənləşdirilməsi”, “Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu: tarixi baxışlar və müasir dinamika”, “Qlobal Cənub: Azərbaycan üçün faydalar” mövzularında kitab və hesabatlar da hazırlanıb. Mərkəzin əməkdaşlarının Commonspace, Modern Diplomacy, The Liberum, Yeni Şafak, Anadolu Ajansı, Eurasia Review və digər nüfuzlu nəşrlərdə məqalələri dərc olunub. Bu il ümumilikdə xarici mediada 168, yerli mediada isə 30 məqalə dərc edilib.
“Mərkəz tərəfindən təşkil olunan və əməkdaşlarımızın fəal iştirak etdikləri tədbirlərin sayı 49-dur. Bunların arasında “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci Siyasi Forumu, “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi”, “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması”, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan ekspert şuralarının iclaslarını, GLOBSEC-lə birgə təşkil etdiyimiz “Orta Dəhliz: Yeni geosiyasi və iqtisadi strateji keçid?” adlı panel müzakirələrini qeyd etmək istərdim”,- deyə F.Şəfiyev qeyd edib.